Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3873/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq mənzilə mülkiyyət hüququ əldə etmiş, lakin alqı-satqı prosesi zamanı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalmış (əldən çıxmış fayda növündə), nəticədə əmlak vəziyyəti kəskin şəkildə ağırlaşmışdır. Aşağıda qeyd olunanlar, həqiqətən də cavabdeh tərəfindən ona zərər vurulması faktının mövcud olduğunu, buna görə də cavabdehdən vurulmuş zərərin əvəzinin onun lehinə tutulmasının zəruri olduğunu göstərir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MTK ilə 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” (cavabdeh) ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı, 30 saylı ümumi sahəsi 121,3 kv.m olan mənzili tikib alıcıya (iddiaçıya) təhvil verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edərək onun dəyərini (315.380 AZN) müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilir ki, mənzil ala bilmək üçün özünün yetərli vəsaiti olmadığından ipoteka saxlayan qismində "xxxx" ASC-nin çıxış etdiyi xx.xx.2024-cü il tarixli ipoeka krediti müqaviləsi bağlayaraq 150.000 (yüz əlli min) manat məbləğində vəsaiti 252 ay müddətinə, illik 8% dərəcəsinə hesablanan faizlərlə kredit götürmüşdür. Müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun formada notariat qaydada təsdiqi üçün müqavilənin təsdiqi və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hesablaşma Bakı şəhəri 12 saylı notariat ofisi vasitəsilə aparılmışdır. Bu zaman cavabdeh hesablaşma mərhələsində qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə zidd hərəkətlər icra etməsi iddiaçını əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini (14432,65 manat məbləğində) əldə etməkdən məhrum etmiş, əmlak vəziyyətini kəskin formada ağırlaşdırmışdır. Belə ki, cavabdeh MTK-nın sədri X2 hesablaşma mərhələsində hesablaşmanın nağd qaydada ödənilməsində israr etmiş, nəticədə həm aralarında olan müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd formada hesablaşma nağd qaydada aparılmışdır. Çox güman ki, bu yolla MTK vergi ödənişlərindən yayınmağa çalışmışdır ki, motivin bu və ya digər əsas olmasından asılı olmayaraq ödənişin nağd qaydada aparılması müqavilənin və qanunvericiliyin tələbləri ilə ziddiyət təşkill etməkdədir. Bakı şəhəri 12 Saylı Notariat Ofisindən "xxxx" ASC-nin sənaye filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1372 nömrəli məktubu ilə alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli olan 315.000 (üç yüz on beş min) manat məbləğində pulun Cavabdeh MTK adından X1 ödənilməsi üçün bankda olan depozit hesabına ödənilməsi xahiş edilmişdir. İşə qoşma olaraq əlavə edilən Bakı Şəhər 12 Saylı Notariat Ofisinin sorğuma cavab məktubu iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, tərəfindən ünvan 4 müqavilə üzrə hesablaşmanın hansı formada aparılması və bu barədə iradə ifadəsinin kim tərəfindən nümayiş etdirilməsi haqqında məlumat verilməsi barədə sorğu ünvanlanmışdır. Bakı Şəhəri 12 Saylı Notariat Ofisinin 04 iyul 2024-cü il tarixli, 2371 nömrəli cavab məktubu aşağıdakı məzmundadır: “Sizin xx.xx.2024-cü il tarixində ünvan 4 ünvanlanmış sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə 4-Ə-1120 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. Notariusun cavab məktubu qanunvericiliyin və müqavilənin tələblərinə zidd formada hesablaşmanın nağd qaydada aparılması üçün iradə ifadəsinin satıcı tərəfindən bəyan edildiyini, bu da sonda dəymiş zərərlə satıcının (cavabdehin) təqsirli və hüquqazidd (nağd qaydada hesablaşma həyata keçirilməsi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir) əməli arasında səbəbli əlaqənin mövcud olduğunu göstərir. İddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün daha sonra AR Dövlət Vergi Xidmətinə portaldan və ərizə ilə müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun mümkünsüz olması ona bildirilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli, **********153000 nömrəli qərarının məzmunundan da aydın olur ki, imtinanın əsası qismində mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmaması çıxış etmişdir ki, bu da cavabdeh tərəfindən hesablaşmanın nağd formada həyata keçirilməsi ilə bağlı olmuşdur. Bundan sonra tərəfindən "xxxx" MTK sədri Mətin Əmiraslanova iki dəfə əlavə dəyər vergisinin bir hissəsinin geri ödənilməsinin təmin edilməsi üçün hüquq müəyyənedici sənədləri göndərməsi ilə bağlı müraciət ünvanlanmışdır. Qarşı tərəf müraciətinə cavab olaraq elektron qaimə-faktura göndərmişdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılması üçün YT**********12 seriya nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, tərəfindən edilən müraciətlərdən sonra qarşı tərəf 48108,82 manat məbləğində əlavə dəyər vergisini ödəmişdir ki, qaytarılacaq ƏDV-nin məbləği 14432,65 manat (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) təşkil etmişdir. Lakin müqavilə üzrə ödənişin cavabdehin qanunsuz hərəkətləri səbəbindən nağd qaydada edilməsi iddiaçını həmin məbləği əldə etməkdən məhrum etmişdir. Qarşı tərəfin müraciətinə göndərdiyi elektron qaimə-faktura sadəcə formal xarakter daşımaqdadır. İddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün portaldan müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun mümkünsüz olması ona rəsmi qaydada bildirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı vurulmuş əldən çıxmış fayda növündə zərərin əvəzi olaraq 14.423,65 (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra İddiaçı “iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi barədə” ərizə təqdim edərək bildirmişdir ki, onun Cavabdeh MTK-ya qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş məhkəmənin icraatındadır. Daha əvvəl tərəfindən təqdim edilmiş iddia ərizəsində işin faktiki halları qeyd olunmuş və iddia ərizəsinin tələb hissəsində cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzinin ödənilməsi xahiş olunmuşdur. Göründüyü kimi ilkin iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi delikt (mülki hüquqi) məsuliyyətin mövcudluğuna istinad edilmişdir. Lakin aşağıda qeyd olunanlara əsasən, AR Mülki Prosesual Məcəlləsində təsbit olunmuş iddianın əsasının dəyişdirilməsi hüququndan istifadənin zəruri olduğunu düşünür. İşin faktiki halları əvvəlki iddia ərizəsində göstərildiyi kimidir. Hüquqi əsası isə ondan ibarətdir ki, cavabadehlə aralarında bağlanmış yuxarıda adıkeçən “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı satqısına dair" müqaviləsinin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilədə razılaşdırılmış məbləğdə vəsaiti “Satıcı”nın bank hesabına köçürməyi öz öhdəsinə götürür. “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.4.14-cü maddasinə əsasan, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. AR Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan normaların, müqavilə bəndinin və işin faktiki hallarının təhlili cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməməsi nəticəsində iddiaçıya maddi zərər dəydiyini təsdiq edir. Belə ki, müqavilənin 3.1-ci bəndində hesablaşmanın nağdsız qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu yalnız alıcı tərəfindən ödənişin edilməsi öhdəliyini deyil, eyni zamanda satıcının həmin vəsaiti qəbul etmək öhdəliyini də ehtiva etməkdədir. İşin faktiki halları və təqdim edilən sübutlar satıcı tərəfindən notariusun depozit hesabına nağdsız qaydada köçürülən vəsaitin nağd formada məxaric olunduğunu, bununla nəinki müqavilədə nəzərdə tutulmuş şərtin, habelə “Nağdsız hesablaşmalaiar haqqında” AR Qanununun tələblərinin pozuntusuna yol verildiyini təsdiq edir. Əvvəlki iddia ərizəsində iddianın hüquqi əsası qismində cavabdeh tərəfindən delikt (mülki hüquqi) məsuliyyət nəticəsində vurulmuş zərərə istinad edilirdisə, aralarında müqavilə münasibətlərinin mövcud olduğuna görə delikt məsuliyyətin istisna olunmasını nəzərə almaqla və AR Mülki Prosesual Məcəlləsinin 53.1-ci maddəsini rəhbər tutmaqla iddia tələbinin əsası qismində müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin mövcudluğuna istinad etmək niyyətindədirlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona vurulmuş 14.423,65 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun onun lehinə tutulması üçün hüquqi əsas qismində müqavilə öhdəliklərinin pozulmasının nəzərə alınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh MTK ilə aralarında mənzil alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Mənzilə baxış keçirilən və bundan sonrakı dövrdə cavabdeh MTK-nın direktoru ilə aralarında gəlinən razılığa əsasən mənzilin satılması ilə bağlı onun cavabdehə ödəməli olduğu məbləğin içərisinə həmçinin əlavə dəyər vergisi də daxil edilməli idi. Həmçinin, o, mənzili ipoteka yolu ilə əldə etmişdir. Alğı-satqı zamanı bank qeyd edilən vəsaiti notariusun hesabına köçürmüşdür. Daha sonra ona məlum olmuşdur ki, MTK-nın direktoru alğı-satqı müqaviləsi bağlanmamışdan bir neçə dəqiqə öncə notariusa yaxılaşaraq mənzilin dəyərini nağd şəkildə almaq istədiyini bildirmişdir. Nəticədə, o, pulu bankdan nağd şəkildə almışdır. Mənzilin alğı-satqısından bir müddət sonra sonra o, əlavə dəyər vergisini əldə etmək üçün banka yaxınlaşdı. Bankdan ona bildirildi ki, bununla bağlı notariusa yaxınlaşmalıdır. Bundan sonra isə o, notariusa yaxınlaşdı. Lakin notarius da bundan imtina etdi. Daha sonra o, ƏDV-nin necə əldə edilməli olması ilə bağlı araşdırma etdi. Bu zaman təqdim edilməli sənədlər içərisində ilk öncə qayimənin olduğunu gördü. O, bununla bağlı MTK-nın direktoruna müraciət etdi. Direktor ona bildirdi ki, ondan qayiməni tələb etmədiyi üçün o, ona qayiməni təqdim etməmişdir. Həmin qayimə onun tələbi əsasında yalnız 10 gün sonra ona təqdim edildi. Daha sonra o, AR İN yanında Dövlət Vergi Xidmətinə müraciət etdi. Bu zaman alğı-satqı ilə bağlı bütün sənədləri onlara təqdim etdi. Orada ondan alğı-satqı ilə bağlı ödənilən pulun nağd qaydada və ya bank vasitəsi ilə əldə edilməsi soruşuldu. O, bununla bağlı notariusa müraciət etdikdə oradan ona bildirildi ki, MTK-nın direktoru alğı-satqı zamanı pulu nağd şəkildə əldə etmək istədiyini bildirmişdir. Dövlət Vergi Xidməti isə ona bildirdi ki, pul nağd formada əldə edildiyindən ƏDV-ni əldə edə bilməz. Daha sonra o, MTK-nın direktoru Mətin bəyə müraciət etdi. O isə ona bildirdi ki, bu qaydalardan xəbərsiz olub və nağdlaşdırma edib. Həmçinin, cavabdehlə aralarında bağlanmış müqavilənin 3-cü bəndində nəzərdə tutulur ki, alıcı pul vəsaitini satıcının bank hesabına köçürməyi öz öhdəsinə götürür. Hesab edir ki, bu bənd məhz ödənişin küçürülmə yolu ilə edilməsini ehtiva edir və cavabeh müqavilənin şərtlərini pozaraq nağdlaşdırma etmişdir. Nəticədə, MTK yol verdiyi səhvin aradan qaldırılması üçün heç bir addım atmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, notariusa yaxınlaşarkən ödənişin nağdsız qaydada edilməsi ilə bağlı öz istək və tələbini bildirməmişdi. Hesab edirdi ki, buna zərurət də yoxdur. Bu, qanunvericiliyin tələbidir. Notarius bunu etməli idi. Həmçinin, o, bunu dəfələrlə cavabdehin direktoruna bildirmişdi. Bununla bağlı səs yazları, mesajlar mövcuddur. 5.Cavabdeh nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilənləri qəbul etmir. Belə ki, iddiaçı ilə alqı-satqı müqaviləsinə əsasən bütün öhdəliklər yerinə yetirilmişdir və MTK tərəfindən müqavilə öhdəlikləri qanunvericiliyə uyğun olaraq yerinə yetirildiyi üçün ona heç bir ziyan dəyməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 7.Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqaviləyə əsasən cavabdeh tərəf ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 30 saylı ümumi sahəsi 121,3 km.m-dən ibarət mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam şəkildə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, daha sonra iddiaçı ödədiyi məbləğ üzrə əlavə dəyər vergisinin (ƏDV-nin) ona qaytarılması ilə bağlı ilk növbədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona verilən elektron qaimə-faktura ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə bağlı müraciət etsə də, sonuncu tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona dəyən zərərin əvəzi kimi 14.423,65 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun ona geri qaytarılmasını tələb edir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Cavabdeh Mənzil Tikinti Kooperativi (satıcı) və İddiaçı (alıcı) arasında bağlanan 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 30 saylı ümumi sahəsi 121,3 km.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.metrin qiyməti 2.600 manat müəyyən edilir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 315.380 manat təşkil edir (bənd 2.3). Alıcı 315.380 manat həcmində pul vəsaitini satıcının bank hesabına köçürülməsini öhdəsinə götürür (bənd 3.1). 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli, **********153000 nömrəli Qərardan görünür ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə alqı-satqı müqavilələri, ödəniş sənədləri və digər sənədləri əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı mənzilin tam dəyərinin (cəmi 315380 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və sənədlərdə çatışmamazlıqla bağlı xx.xx.2024-cü il tarixli **********791900 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmamazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmamazlıq müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırıİmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlarla iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq qərara alınmışdır: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə üzrə ƏDV-nin qaytarılması təmin edilməsin, qərar alıcıya göndərilsin və qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və (və ya) məhkəməyə şikayət verilə bilər. 12.Mülki işin materiallarında olan "xxxx"-dan verilən İddiaçı dair çıxarışdan görünür ki, Bank tərəfindən ona 315.225 manat məbləğində kredit verilmişdir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 5 ünvanlanan xx.xx.2024-cü il tarixli, 1372 nömrəli məktubdan görünür ki, İddiaçı ilə notariat qaydasında təsdiq ediləcək alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli 315.000 manat məbləğində pulu müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra həmin məbləği Cavabdeh adından X1 ödənilməsi üçün bankda olan VÖEN **********, AZ80BBTB******************** № depozit hesabına qəbul olunması xahş edilmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri on iki saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanan 04 iyul 2024-cü il tarixli, 2371 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə 4-Ə-1120 reyestrli nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən (İddiaçı adından) Bank "xxxx" ASC-nin Sənaye filialına X4 məxsus hesaba 315.000 manat məbləğində pul köçürülmüşdür. 16.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, YT**********12 nömrəli Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın formasından görünür ki, satıcı Cavabdeh tərəfindən İddiaçı Balaqardaş qızına qaytarılmalı olan ƏDV-nin məbləği 14432.65 manat nəzərdə tutulmuşdur. Əlavə olaraq, qeydlər hissəsində göstərilmişdir ki, ƏDV aşağıdakı hallarda qaytarılır: yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə, alıcı eyni binadan sahəsi cəmi 1000 kv.metrdən (500 kv.metr yaşayış və 500 kv.metr qeyri-yaşayış sahəsindən) artıq olmayan yaşayış və qeyri-yaşayış sahəsi olduqda. Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 gün sonra ƏDV-nin qaytarılmasına yol verilmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 19.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 23.Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. 24.Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 25.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 28.Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısı”na dair müqavilə 01 aprel 2024cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı, yəni hazırki iş üzrə iddiaçı 315.380 manat məbləğində pul vəsaitini satıcının bank hesabına köçürülməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi hər iki tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, belə ki, iddiaçı tərəfindən tələb olunan pul vəsaiti cavabdehə ödənilmiş, cavabdeh tərəfindən isə müqavilədə nəzərdə tutulan mənzil tilkilib iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmasını (hansı ki, iddia edir ki, cavabdeh onun tərəfindən ödənilən pul vəsaitini nağdsız formada əldə etməli idi) və bunun nəticəsində də ona ödənilməli olan ƏDV məbləğini ala bilməməsini iddia etsə də, məhkəmə tərəfindən cavabdehin müqavilə şərtinin pozulması halları aşkar edilməmişdir. Belə ki, müqavilədə birbaşa olaraq göstərilmişdir ki, alıcı pul vəsaitini satıcının bank hesabına köçürməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından isə göründüyü kimi ilk növbədə iddiaçı tərəf pul vəsaitini müqavilənin təsdiq edildiyi notariusun depozit hesabına köçürmüş, bundan sonra cavabdeh isə həmin pulu məxaric edərək nağd şəkildə əldə etmişdir. 29.Halbuki, Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. 30.Həmin Fərmanın 5.3-cü maddəsinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 31.Habelə, 6.1-ci maddəyə müvafiq olaraq müəyyənləşdirilmişdir ki, Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirilmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda oldutğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 32.Eyni zamanda, sözügedən Fərmanın “Qeydlər” hissəsində də qeyd edilmişdir ki, 1) yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır; 2) alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir; 3) alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir. 33.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi alınan sahənin dəyəri nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 gün müddətində ƏDV-nin qaytarılması üçün müraciət edildiyi halda qaytarıla bilər. Hazırki iş üzrə isə alınan yaşayış sahəsinin dəyəri satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyindən, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırması əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Göründüyü kimi pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Belə olan halda da qanunvericiliyin tələbinə əsasən nağd şəkildə ödənilən pul vəsaiti üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Hətta iş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması ilə bağlı AR İN Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, onun tərəfindən ödənişin nağdsız şəkildə həyata keçirilməsinə dair sənəd təqdim edilmədiyi üçün, əlavə olaraq verilən vaxt ərzində də iddiaçı tərəfindən çatışmamazlıq aradan qaldırılmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir.
34. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir. Bu halda cavabdeh tərəf vergidən yayınmamış, öz üzərinə düşən öhdəliyini icra etmişdir (icra etməmiş olsa da belə bu artıq müvafiq vergi orqanı ilə cavabdeh arasında mübahisəyə keçməlidir). İddiaçının tələb etmiş olduğu ödənilmiş vergidən ona düşən hissənin alınması isə vergi orqanın iddiaçıya ödənilməsi nəzərdə tutulan vəsait olmaqla cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Burada iddiaçı yalnız ona dəymiş ziyan kimi iddia versədə (işin əsas mahiyyəti) burada cavabdeh tərəfindən pulun nağd formada çıxarması onun hüququ olmuş və cavabdeh o hüququndan istifadə etmişdir. Bu halda yalnız iddiaçı öz hüquqlarını notariat orqanından tələb etməli pulun ödənilməsini yalnız nağdsız formada həyata keçirməli idi. 35.Beləliklə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 38.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 39.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.