Məhkəmə qərarları › İş №e-2(006)-3888/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3888/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3888/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO QSC "Bank Standard" Kommersiya Bankına ("xxxx" MMC və LPO QSC "Bank Standard" Kommersiya Bankının ləğvedicisi X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı borcun və gecikmənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh X1rşı borcun və gecikmənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv etmə prosesində olan Bank Standard KB QSC üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələb edilən 32,08 AZN kredit qalığı, və gecikməyə görə hesablanmış 198.01 AZN faiz məbləği, cəmi 230,09 AZN əsassız və qanunsuz məbləğində borcun adından silinməsini və bu əsassız, qanunsuz borc tələbinə görə 5247 gün müddətinə gecikmənin Mərkəzləşdirilmiş Kredit Məlumatları reyestrindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin əlavə cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, cavabdeh X2 əsl cavabdeh LPO QSC "Bank Standard" Kommersiya Bankı ilə əvəz olunmasını və digər cavabdeh "xxxx" MMC-nin cavabdehlər siyasınından çıxarılaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. X5 əsl cavabdeh LPO QSC "Bank Standard" Kommersiya Bankı ilə əvəz olunmuş və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2024-cü il tarixində əldə etdiyi № 19D999152EDA nömrəli Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxariş Hesabatında hazırda ləğv etmə prosesində olan Bank Standard KB QSC-də onun adıya aktiv öhdəlik olduğunu müəyyən etmişdir. Bu aktiv öhdəliklə əlaqədar kreditin verilmə tarixi xx.xx.2008-ci il, ümumi kredit məbləği 52 AZN göstərilmişdir. ********** hesab nömrəsi üzrə verildiyi iddia edilən kreditin qalıq məbləği 32,08 AZN, faizlərin gecikdirildiyi günlərin və əsas borcun gecikdirildiyi günlərin sayı 5247 gün qeyd edilib. Bu gecikməyə görə hesablanmış faiz məbləği 198.01 AZN qeyd edilir. Ancaq, Mərkəzləşdirilmiş Kredit Reyestrində onun adında bu kredit borcu qalıq məbləğinin olması, hətta buna görə 5247 gün əsassız gecikmənin hesablanması qanunauyğun deyil və onun hüquqlarını pozur. Ləğv etmə prosesində olan Bank Standard KBB QSC-də hazırda onun adına 32,08 AZN kreditin qalıq məbləğinin göstərilməsi və buna dair Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə 5247 gün gecikdirmənin göstərilməsi onun barəsində yalan məlumatların göstərilməsi kimi qeyd edilə bilər. Çünki ona 32,08 AZN kreditin qalıq məbləğinin olması barədə heç bir zaman nə Bank Standard KBB QSC tərəfindən fəaliyyətdə olduğu müddətdə, nə də ləğvetmə prosesində olduğu müddətdə bildiriş verilməyib. Həmçinin, Əmanətlərin Sığortalanması Fondu tərəfindən də bununla bağlı ona bildiriş ilə müraciət edilməyib. Beləliklə, ondan həm 32,08 AZN kredit qalığı, həm də gecikməyə görə hesablanmış 198.01 AZN faiz məbləği, cəmi 230,09 AZN əsassız və qanunsuz olaraq tələb edilir. Eyni zamanda, bu əsassız və qanunsuz tələb edilən borc məbləğinə görə 5247 gün müddətinə gecikmə hesablanır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək bildirdi ki, iddiaçı “Maqnit” mağazalar şəbəkəsindən 940 manatlıq məişət əşyaları almışdır və pulu banka ödəməli idi. İddiaçı tərəfindən 11 dəfə 91 manat ödəniş olunmuşdur. 52 manat 22 qəpik borc qalmışdır. 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra 20 manat 14 qəpik silinmə olmuşdur. Ona görə halhazırda 32 manat 80 qəpik borc qalmışdır. Borc məbləği azdır. Sözügedən borc Maqnit mağazalar şəbəkəsindən məişət əşyalarının alınması ilə bağlı olmuşdur. Şirkətlər arasında müqavilədə fərq olduğu üçün belə anlaşılmazlıq olmuşdur. Borcun silinməsinə etiraz etmirlər. Odur ki, iddia üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışına əsasən, İddiaçı "xxxx" KB ASC-nin 32.08 manat qalıq əsas borcu vardır. Ləğv prosesində olan QSC "xxxx" KB-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə qaytarılmaq şərti ilə, 940 (doqquz yüz qırx) manat məbləğində kredit verilmiş və haırda 32.08 (otuz iki manat səkkiz qəpik) əsas borc, 174.11 (bir yüz yetmiş dörd manat on bir qəpik) manat faiz borcu, 23,9 (iyirmi üç manat doxsan qəpik) cərimə borcunun olduğu bildirilmişdir. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2024-cü il tarixli 12-5/2-Ə-21-1266/2024 saylı maliyyə arayışına əsasən İddiaçı 32.08 (otuz iki manat səkkiz qəpik) əsas borc, 174.11 (bir yüz yetmiş dörd manat on bir qəpik) manat faiz borcu, 23,9 (iyirmi üç manat doxsan qəpik) cərimə borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 60.1 və 60.2. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

Məhkəmənin mövqeyi: İşdə olan sənədlərlə müəyyən edildi ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2010cu il tarixdə bitmiş, həmin vaxtdan müqavilə üzrə iddiaçının banka olan borcu 32,08 manat əsas, 174,11 manat faiz, 23,90 manat cərimə olmaqla, ümumilikdə 230,09 manat təşkil etmişdir. Tərəflərin izahatından müəyyən edildi ki, sözügedən borc Maqnit mağazalar şəbəkəsindən məişət əşyalarının alınması ilə bağlı olmuş, iddiaçı tərəfindən müxtəlif vaxtlarda bankdan kredit götürülərkən Mərkəzləşdirilmiş kredit reyestrində adına hər hansı borc müəyyən edilməmiş və əsassız olaraq 5247 gün gecikmə müddəti hesablanmışdır. Cavabdehin nümayəndəsi borcun silinməsi hissəsində iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, şirkətlər arasında müqavilədə fərq olduğu üçün 14 il ərzində anlaşılmazlıq əsasında həmin borc görünməmiş və iddiaçıdan ödənilməsi tələb olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən, tərəflər arasında 2008-ci ildə bağlanmış kredit müqaviləsi üzrə hesablanmış borcu tələb olunmayan borc hesab edərək, iddiaçının icra edilməmiş öhdəliyinin (borcunun) olmaması kimi qiymətləndirir və cavabdehin nümayəndəsinin etirafı nəzərə alınmaqla iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı əsas yoxdur. Məhkəmə onu da vurğulayır ki, işdən görünür ki, QSC "xxxx" KB-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin QSC "xxxx" KB-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində QSC "xxxx" KB-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh QSC "xxxx" KB ləğvetmə prosesində olduğu və bu müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbinə cavab verməli olan şəxs qismində də özü çıxış edir və iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh QSC "xxxx" KB ilə əvəz edilməsini məhkəmə qəbuledilən hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə borcu silinərək, onun borcunun olmadığı barədə "xxxx" MMCyə məlumat göndərilməsi Ləğv prosesində olan QSC "xxxx" KB-yə həvalə edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 230,09 (iki yüz otuz manat 09 qəpik) manat borcu silinsin və onun adına 5247 gün müddətinə gecikmənin Mərkəzləşdirilmiş Kredit Məlumatları Reyestrindən silinməsi barədə "xxxx" MMCyə məlumat göndərilməsi Ləğv prosesində olan QSC "xxxx" KB-yə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar