Məhkəmə qərarları › İş №e-2(006)-3889/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3889/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3889/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli BPM**********76 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 947 manat 55 qəpik əsas borc, 130 manat 12 qəpik faiz, ödənilmiş 30 manat 78 qəpik dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqının mərhum X2 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3889/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 11 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 2.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Nərimanov filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək banka ödənilməmiş 947.55 manat əsas borcu və 130.12 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-14611/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********76 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 illik 17 %-lə 11 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V-228/2023 nömrəli vərəsəlik işi üzrə 2V-371 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və eyni tarixli 2V-372 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, vərəsələr Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mərhum X1 qalmış mirası qəbul etmişlər. Miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildir. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 banka xx.xx.2022ci il tarixli BPM**********76 nömrəli kredit müqaviləsinə əsasən 947 manat 55 qəpik əsas borc, 130 manat 12 qəpik faiz olmaqla, cəmi 1.077 manat 67 qəpik borcu mövcuddur. 30 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə müraciət olunaraq, borcalanın vərəsələri kimi mövcud borcun ödənilməsi onlardan tələb edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat 78 qəpik məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdr. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılr. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. 399.3 -cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 1146-cı maddəyə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1255-ci maddəyə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 17 faiz hesablanmaqla 11 ay müddətinə 2000 manat məbləğində borc verilmişdir. X4 xx.xx.2022-ci ildə vəfat etmiş, ona məxsus miras əmlak vərəsələri tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı bank, vəfat etmiş borclunun banka olan borcunun onun vərəsələri olmuş şəxslərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, mərhum X4 ilə bank arasında öhdəlik münasibətləri olduğundan və hazırda mərhum borclu X4 miras qalmış əmlakı-ünvan 1 ünvanında yerləşən mənzili vəsiyyətnamə üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3 və qanun üzrə vərəsəsi X5 qəbul etdiyindən hazırda bankın tələb etdiyi borc məbləği müştərək qaydada borclunun vərəsələrdən tutulmalıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, vərəsələr tərəfindən qəbul edilmiş miras əmlakın dəyəri mərhum borclunun banka olan borcunu ödəmək üçün yetərli hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli BPM**********76 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 947 manat 55 qəpik əsas borc, 130 manat 12 qəpik faiz, ödənilmiş 30 manat 78 qəpik dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı mərhum X2 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli BPM**********76 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 947,55 (doqquz yüz qırx yeddi manat əlli beş qəpik) manat əsas borc, 130,12 (bir yüz otuz manat, on iki qəpik) manat faiz, ödənilmiş 30,78 (otuz manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət (bank xidməti) haqqı mərhum X2 mirası qəbul etmiş vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar