Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3897/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) - X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 14 fevral 2012-ci il tarixdə bağlanmış rəsmi nikahdan doğulmuş 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə tutulmasına qət edilmiş 150 manat məbləğində alimentin miqdarının 200 manata çatdırılması, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin vaxtında ödənilməməsi səbəbindən 09 iyun 2014-cü il tarixdən bu günə kimi yığılımış 10500 manat aliment borcun ödəniləcək günə qədər ödənilməyən hissəsi də daxil olmaqla birdəfəlik olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, həmin yığılıb qalmış 10500 manat aliment borcun illik faiz dərəcəsi beş olmaqla, 09 iyun 2014-cü il tarixdən hesablanmaqla ödəniləcək günə hesablanan faizlərinin və ödənilmədiyi üçün yığılıb qalmış aliment borcun ümumi hissəsinin 20 faizinə hesablanan dəbbə pulunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə, iddianın, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin vaxtında ödənilməməsi səbəbindən 09 iyun 2014-cü il tarixdən bu günə kimi yığılımış 10500 manat aliment borcun ödəniləcək günə qədər ödənilməyən hissəsi də daxil olmaqla birdəfəlik olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 fevral 2012-ci il tarixli nikahları cavabdehin iddia ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə cavabdehlə nikahlarından doğulmuş oğlu, 16 yanvar 2013-cü il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmasına və onun 18 yaşına çatana kimi saxlanılması üçün, 09 iyun 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat aliment pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qət edilmişdir. Cavabdeh, uşaq dünyaya gələn gündən qısa vaxt sonra iddiaçını və övladını atıb getmiş, aralarında bağlanmış nikah əhəmiyyətsiz, formal olmuşdur. Həmin nikaha aid yalnız doğulmuş uşaq var. Cavabdeh Azərbaycanda yaşamır və o, Azərbaycanda qeydiyyatda olsa da onun, Rusiya Federasiyasında yaşadığı bildirilir və hətta onun ikili vətəndaşlığı vardır. Cavabdeh illərdir ki, övladının saxlanılmasında dürüst iştirak etmir və məhkəmənin təyin etdiyi, 09 iyun 2014-cü il tarixdən başlamaqla iddiaçıya ödəməli olduğu hər ay üçün 150 manat aliment pulu düzgün ödəməməsi səbəbindən bu günkü günə böyük məbləğdə borc yaranmışdır. İcra şöbəsinin rəsmi məlumatına görə 2022-ci ilin iyul ayına yığılıb qalmış aliment borcun miqdarı 10500 manatdır. X1 üçün məhkəmənin təyin etdiyi alimentin məbləği Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. İddiaçı övladının valideyni olaraq onun hüquqlarının müdafiəsi üçün yeni qaydalara uyğun olaraq, məhkəməyə müraciət etməmişdən öncə tələbinin məhkəmədən kənar həlllinin mümkünlüyü məqsədi ilə mediatora da müraciət etmiş və mediatorun bu məqsədlə cavabdehə çağırışları da cavabsız qaldığından, çıxış yolu olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 16 yanvar 2013-cü il təvəllüdlü X1 üçün, məhkəmənin, müəyyən etdiyi alimenti, cavabdeh vaxtında və düzgün ödəmədiyi üçün yaranmış borclara görə, o cümlədən ödənilməmiş alimentin məbləğinin faizi miqdarında, ötürülmüş hər gün üçün, dəbbə pulu ödəməlidir. Eləcə də məhkəmənin cavabdehdən tutulmasına qət etdiyi alimentin həcmi ən az halda uşaqlar üçün yaşayış minimumu həddində olmalıdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər gəlirə malik olmasını (Rusiya Federasiyasında şirniyyat ticarəti ilə məşğul olur) nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün məhkəmə tərəfindən, cavabdehdən tutulmasına qət edilmiş alimentin məbləği 200 manata çatdırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-2852/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında 14 fevral 2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 64 sayla qeydə alınmış nikahın pozulması, 16 yanvar 2013-cü il təvəllüdlü X5 anası X3 yanında saxlanılması, 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 09 iyun 2014-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, 16 yanvar 2013-cü il təvəllüdlü X8 üç yaşına çatanadək, 09 iyun 2014-cü il tarixdən başlayaraq, yəni 16 yanvar 2016-cı il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmış və uşaqlar üçün isə yaşayış minimumu 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən alimnetin artırılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, alimentin gecikdirilməsinə görə dəbbə pulu haqqında razılaşma tərəflər arasında yazılı formada tərtib olunmamış, eyni zamanda həmin tələb qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Bundan əlavə, iddiaçı iddia tələbində ödənilməmiş alimentə görə faiz tələb etsə də, həmin tələb qeyri-müəyyən olmaqla bu tələbin nədən yaranmasını, hansı əsasla tələb etməsini əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş 150 manat məbləğində alimentin miqdarı 200 manat məbləğində müəyyən edilməklə sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 16 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ilə tutulan 150 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3897/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3897/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver