Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3899/2025 26.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət etməmişdir.
4. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehlərin hansısa birinin Nəsimi rayonu ərazisində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.
5. Odur ki, hazırki iddia tələbi üzrə iddia ərizəsi cavabdeh fiziki şəxslərin rəsmi yaşayış yeri – Nərimanov və ya Suraxanı rayonu məhkəmələrindən birinə verilməlidir.
6. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi barədə məlumat bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddə. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddə. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddə. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; 114.1, 114.1.3. maddələr. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
8. Beləliklə, hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır.
Nəticə:
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
İddiaçı MMQBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul İddiaçı MM QBKT-na geri qaytarılsın (qəbz №: **********99). İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova