Məhkəmə qərarları › İş №e-2(006)-3902/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3902/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3902/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********013 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 800 manat, faiz borcu üzrə 40 manat, xidmət haqqına (komissiyaya) görə isə 116 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 484 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1440 manat təşkil edir. Cavabdehdən iddiaçının xeyrinə 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 484 manat cərimə olmaqla, cəmi 1440 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş məhkəməyə geri qayıtmışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********013 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinə (30 gün müddətinə) illik 60.85% ödəmək şərtilə 800.00 AZN kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli **********013 saylı mikrokredit müqaviləsi üzrə ödənilməmiş borc məbləğinə və cərimə (dəbbə) puluna dair 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 484 manat cərimə olmaqla cəmi 1440 manat borc mövcuddur. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********013 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinə (30 gün müddətinə) illik 60.85% ödəmək şərtilə 800.00 AZN kredit verilmişdir, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini BOKT-a ödəməkdən yayınmış və nəticədə onun İddiaçı BOKT MMC-yə 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 484 manat cərimə olmaqla cəmi 720 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə tələbin cərimə borcu hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 40 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli **********013 saylı mikrokredit müqaviləsi üzrə 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 40 manat cərimə olmaqla, cəmi 996 (doqquz yüz doxsan altı) manat borc alınaraq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********013 saylı mikrokredit müqaviləsi üzrə 800 manat əsas, 40 manat faiz, 116 manat komissiya və 40 manat cərimə olmaqla, cəmi 996 (doqquz yüz doxsan altı) manat borc alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar