Məhkəmə qərarları › İş №e-2(006)-3935/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3935/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3935/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına catanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı 300 (üç yüz) manat müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və xx.xx.2018-ci il tarixdə doğulmuş qızı X1 üçün 175 manat aliment təyin edilmişdir. Bildirir ki, hazırda ölkə üzrə yaşayış minimumu uşaqlar üçün Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublkası qanununa əsasən 235 manat müəyyən edilmişdir. Qızı artıq 6 yaşındadır və xərcləri günü-gündən artır. 175 manat uşağın saxlanılması, təhsilinə və maddi cəhətdən təmin etməyə kifayət etmir. Belə ki, qızı hazırda xx.xx.2023-cü il tarixli müqavilə əsasında X15 məktəbəqədər tərbiyə alır və o? hər il üçün 6000 (altı min) manat təhsil haqqı ödəyir. Hesab edir ki, cavabdeh bir valideyn olaraq uşağının təhsil xərclərinə cəlb edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X13 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının bildirməsinə görə tərəflərin birgə nikahından olan övladları hazırda xx.xx.2023-cü il tarixli müqavilə əsasında X15 məktəbəqədər tərbiyə alır və o, hər il üçün 6000 (altı min) manat təhsil haqqı ödənilir və bu səbəbdən 300 manat aliment tələb edir. Nəzərə almaq lazımdır ki, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunu 235 manat müəyyən edilmişdir və həmçinin onu da nəzərə almaq lazımdır ki, uşaq özəl təhsil müəssisəsində təhsil alır. Uşağın Landauda təhsil alması məcburi deyil. Ödənişsiz dövlət müəssisəsində də təhsil ala bilər. Bu səbəbdən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2403/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X11 arasında xx.xx.2017-ci tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 57 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X3 Ülviyyə Aqil qızının yanında saxlanılması və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat məbləğində aliment tutularaq X10 ödənilməsi qət edilmişdir. 9 saylı Mediasiya Təşkilatının MŞB/9/2024-00710 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh İMS-də iştirak etməmiş, 50 manat mediasiya xərci X11 tərəfindən ödənilmişdir. AZ-İV seriyalı 606790 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X11 qeyd edilmişdir. İddiaçı ilə X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən, Dünya Uşaq X2 məktəbəqədər təhsil verməyi və İddiaçı 2023/2024 tədris ili üçün 6.000 manat illik təhsil haqqı ödəməyi öhdəliyinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat məbləğində aliment tutulması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2021-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Lakin, məhkəmə xatırladır ki, yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü yetkinlik yaşına çatmayan övladın ödənişli təhsil müəssisəsində təlimi ilə əlaqədar alimentin məhz 300 manat məbləğində müəyyən edilməsi barədə dəlilini əsaslı hesab etmir. Belə ki, nikah pozulduqdan sonra övladı himayəsində saxlanılan valideyn digər valideynin buna dair razılığı olmadığı halda uşağın ödənişli təhsil müəssisəsində təhsil alması barədə qərarı həmin valideynin özünə aid seçimdir. Odur ki, iddiaçının irəli sürdüyü dəlil alimentin daha artıq miqdarda təyin edilməsinə əsas vermir. Lakin məhkəmə həmçinin iddia tələbinin məhz yaşayış minimumu həddində deyil, 250 manat həddində müəyyən edilməsinə də mane görmür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2403/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi, lakin 50 manat məbləğində rüsum ödədiyi üçün və iddianın qiyməti (250-175=75 manat,75 x 12 = 900 manat), cavabdehdən 30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində hissəsi dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2403/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. X12 ödənilmiş (mədaxil qəbzi **********, tarix : xx.xx.2024, tranzaksiya nömrəsi: İB**********, xx.xx.2024, 10:07:57) 50 manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar