Məhkəmə qərarları › İş №e-2(006)-3964/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3964/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3964/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndələri X1 və Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 MMC cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki işə məhkəmədə baxıla bilməz və iflas proseduru çərçivəsində apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının müvafiq hakiminə müraciət olunmalıdır. Cavabdehin nümayəndələri X1 və Nümayəndə2 vəsatəti müdafiə edərək, onun təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iş materiallarını araşdırıb qeyd edir ki, iddiaçıların mövcud iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017ci il tarixli, 49 saylı qərarı ilə Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan pul vəsaiti bankın müflis elan edilməsinə dair məhkəmə qərarının elan edildiyi və qanuni qüvvəsini aldığı tarixdən sonrakı dövrə təsadüf edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. Maddənin məzmunundan görünür ki, hazırki mübahisə predmeti birbaşa bu maddənin təsir dairəsinə aiddir. İddiaçı tərəf mübahisə predmeti üzrə ödənilməli pul vəsaitinin sonunculara geri qaytarılmasını aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında sübuta yetirməlidir. Faktiki işin mahiyyəti kreditor tələbidir ki, artıq müflis elan edilmiş banka qarşı kreditor tələbləri üzrə iddialara baxılması qaydasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2017-ci il tarixli Plenum qərarında müəyyən etmişdir. “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Hazırda icraatda olan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi” də bank fəaliyyətini həyata keçirdiyi tələblər üzrə işlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd edilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçıların müəyyən etdiyi və onlara ödənilməli olan pul vəsaiti ƏSF ilə iddiaçılar arasında olan müqavilə münasibəti deyil, məhz Cavabdeh ASC ilə iddiaçılar arasında olan münasibətdir və işdə subyektiv hüquq üzrə tərəflər də Cavabdeh ASC və iddiaçılar olmalıdır. İddiaçıların iddia etdiyi artıq ödənilmiş pul vəsaiti də məhz ləğv prosesində olan Cavabdeh ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İPM-nin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə bağlı «Banklar haqqında» Qanunun yuxarıda göstərilən normaları nəzərə alınmaqla tələb irəli sürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 MMC cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi”nə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 MMC cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar