Məhkəmə qərarları › İş №e-2(006)-3971/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3971/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3971/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat, əsas borca illik 5 faizlə hesablanmış 1.000 manat və dövlət rüsumu üçün ödənilmiş 153 manat, ümumilikdə 21.159 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X1 arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc verən 20.000 manat məbləğində pulu borcluya verməyi, borclu isə borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh qaytarmaq şərtilə aldığı 20.000 manat pul borcundan bugünkü tarixədək heç bir ödəniş etməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə geri qaytarmaqdan yayınmışdır. Buna görə də hazırda məcbur qalaraq məhkəməyə müraciət edir. Eyni zamanda məlumat üçün bildirir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189A, M10, M4 ünvanına xx.xx.2025-ci il tarixdə borcun ödənilməsinə dair bildiriş (xəbərdarlıq) məktubu göndərilmişdir. Lakin, borclu qapını açmadığından bildirişin verilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdeh borcunu xx.xx.2024-cü ilədək qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş sənədlərlə tamamilə təsdiq edilir. Həmçinin cavabdeh 22 yanvar 2024-cü il tarixə illik 5 faiz dərəcəsi kimi 1.000 manat özgəsinin vəsaitindən istifadə üçün faizlər ödəməlidir. Müqavilə üzrə öhdəliyin icrası xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir, bu səbəbdən həmin tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2025-ci il tarixədək olan 1.000 gün üçün illik 5 faizlə hesablama həyata keçirilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olmayacağından həmin iclasda iştirak edə bilməyəcək. Bu səbəbdən, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-19 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat borc almışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli (notariat işi materiallarında olan) və xx.xx.2025-ci il tarixli pretenziya məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli, **********48 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 3M-19 nömrəli notariat işi materiallarından müəyyən edilir ki, borc verən İddiaçı borcalan Cavabdeh notariusun depozitinə yerləşdirilməklə 20.000 manat məbləğində kredit vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı borc almış, ayrılmış kredit məbləğinin razılaşdırılmış müddətdə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin, müqaviləyə görə cavabdeh borcunu xx.xx.2024-cü il tarixədək qaytarmalı olduğu halda qaytarmamış və bununla da iddiaçının əsas borca illik 5 faizlə hesablanmış 1.000 manatın cavabdehdən alınaraq ona verilməsi tələbi əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində borcun ödənilməsinin gecikdirilməsini 1.000 gün hesablamışdır. Müəyyən edilir ki, borclu borcunu xx.xx.2024-cü il tarixdə qaytarmalı olduğu halda bunu etməmiş, iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, hazıki iddia tələbi ilə isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Odur ki, borclunun öhdəliyi icra etmədiyi müddət xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddəti əhatə etməklə 433 gün təşkil edir. Öhdəliyin icrası gecikdirilmiş günlərin sayına uyğun olaraq 20.000 manata görə illik 5 faiz məbləğ (20.000:365=55; 55x5%=2,7; 2,7x433=1.169,10) 1.169,10 manat təşkil edir. İddiaçı isə gecikdirilmiş müddət üçün 1.000 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən və iddiaçının tələbi məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlə əhatə olunduğundan bu hissədə iddia tələbi təmin edilməlidir. Eyni zamanda iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla da ümumilikdə cavabdehdən 21.153 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Lakin, iddiaçı 21.159 manat pul vəsaitini cavabdehdən tələb etmişdir. İddiaçı 6 manat məbləğində pul vəsaitini hansı əsasla cavabdehdən tələb etdiyini göstərmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi rüsuma münasibətdə qismən təmin olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.000 manat, əsas borca illik 5 faizlə hesablanmış 1.000 manat və dövlət rüsumu üçün ödənilmiş 153 manat, ümumilikdə 21.153 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia əsas borc hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi tam olaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat, əsas borca illik 5 faizlə hesablanmış 1.000 (bir min) manat və dövlət rüsumu üçün ödənilmiş 153 (bir yüz əlli üç) manat, ümumilikdə 21.153 (iyirmi bir min yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar