Məhkəmə qərarları › İş №e-2(006)-398/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-398/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-398/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 2588.25 manat məbləğində icra ödənişi, 1848.75 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 64.37 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-336/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2014-cü il tarixli 125024-CNS-4634 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 32830,88 ABŞ dolları məbləğində əsas borc, 5324,90 ABŞ dolları məbləğində faiz borcu, 263,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38419,66 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli 131 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı"xxxx" MMC MMC-nin xx.xx.2022-ci il tarixli 128 saylı hesab-fakturasında **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 1566,74 manat məbləğində xidmət haqqı və 282,01 manat məbləğində vergi ödənişinin (18% ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən"xxxx" MMC-nin hesabına hesabfakturasına əsasən **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 1566,74 manat və həmçinin bu xidmət üçün X1 hesabına 282,01 manat ƏDV ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 2588,25 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 1848,75 manat məbləğində hərracın keçirilməsi xərci və 2588,25 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. Analoji işlərlə bağlı müxtəlif məhkəmələr tərəfindən iddianın təmin olunması barədə 2(028)-354/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(004)-2117/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(005)-1633/2020 saylı xx.xx.2020-ci il tarixli və 2(012)-2239/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələr qəbul edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Surxaylı (Xəlilova) Gülxanım Faiq qızı etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 1848,75 manat məbləğində hərracın keçirilməsi xərcini və 2588,25 manat məbləğində icra ödənişini borclu Cavabdeh əvəzinə onun həyata keçirdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı öz ərizəsində bu ödənişləri etməyin cavabdehin vəzifəsi olduğunu qeyd edir, nəyə görə bu ödənişləri tələbkarın icra etməsi isə aydın deyildir. Bundan əlavə, həmin ödənişlərin həyata keçirildiyi andan öncə pretenziya qaydasında cavabdehə nə iddiaçı, nə də digər şəxslər tərəfindən müraciət edilməmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən 7 % icra ödənişinin borclunun əmək haqqından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehin iş yerinə məktub göndərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş tapşırığı isə xx.xx.2022-ci il tarixə aiddir. İddiaçı iddia ərizəsində 1848,75 manat məbləğində hərrac xərcini ödədiyini qeyd etsə də, bu məbləğin hansı akta əsasən formalaşdığını əsaslandıra bilməmişdir. Analoji işlər üzrə məhkəmə qətnamələri də məhkəməyə təqdim edilməmiş, bununla belə, məhkəmə təcrübəsinin vahidliyinin Ali Məhkəmə tərəfindən təmin edilməsi nəzərə alınmalıdır. Digər instansiya məhkəmələri tərəfindən iddiaçının maraqlarına uyğun qətnamə qəbul edilməsi hazırki iddianın təmini üçün əsas ola bilməz. Həmçinin iddiaçı hazırki iddia tələbi ilə əsassız varlanmanın əsasını təşkil edən iddia tələbi məhkəməyə müraciət etmişdir. Faktiki işin mahiyyətindən və iddia tələbinə əlavə edilən iş materiallarından görünür ki, iddianın əsası məhz əsassız varlanmaya dəlalət vermir və iddianın faktiki hər hansı hüquqi əsası mövcud deyildir. Bu və digər səbəblərdən iddia ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Nümayəndə2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzürlü səbəbdən iştirak edə bilmədiyindən, məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, cavabdehin vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-336/2022 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh ... ümumi borcun məbləğinin 38419,66 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi, tələbin Cavabdeh məxsus girov predmeti olan “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, qətnamə 10 may 2022-ci il tarixdən qanuni qüvvəsini almış, icra vərəqəsi xx.xx.2022-ci il tarixdə verilmişdir (təkrarən isə xx.xx.2023-cü ildə). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon icra şöbəsinin icra məmuru Rəşad Dövlətov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336/2021 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bakı şəhəri Suraxanı rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan və sifarişdən görünür ki, Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş və “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 58.000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon icra şöbəsinin icra məmuru Rəşad Dövlətov tərəfindən borclu Cavabdeh məxsus “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerini müəyyən etmək məqsədilə həmin minik avtomobilinin axtarışı elan olunmaqla cərimə meydançasına yerləşdirilməsi və əmlakın axtarılmasının Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli, 131 nömrəli protokoldan görünür ki, ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti “İnfiniti QX-60” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25 % aşağı qiymətə 36975 manata ipoteka saxlayan İddiaçı ASC tərəfindən alınmışdır. "xxxx" MMC (“Təşkilatçı”) ilə İddiaçı ASC (“Əldə edən”) arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Təşkilatçı” Cavabdeh məxsus “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili “Əldə edən”in tam mülkiyyətinə (təsdiq olunmuş 131 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekun protokoluna əsasən) verməyi, “Əldə edən” isə həmin daşınar əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Əmlakın dəyəri 36975 (otuz altı min doqquz yüz yetmiş beş) manatdır. “Əldə edən” tələbkar 7 (yeddi) təqvim günü ərzində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Suraxanı rayon icra şöbəsinin hesabına “Cavabdeh işi ilə bağlı 7 faiz” təyinatı ilə 2588.25 (iki min beş yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına “xx.xx.2022-ci il tarixli EQ EBCK N 950024 ES.Hərrac xidmetinə görə ödənilir. İnfiniti QX-60 **-UT-***” təyinatı ilə 282.01 (iki yüz səksən iki manat bir qəpik) manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına “xx.xx.2022-ci il tarixli EQ EBCK N 950024 ES.Hərrac xidmetinə görə ödənilir. İnfiniti QX-60 **-UT-***” təyinatı ilə 1566.74 (bir min beş yüz altmış altı manat yetmiş dörd qəpik) manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon icra şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336/2022 nömrəli icra sənədinə xitam verilmişdir. İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məhkəmənin 2(103)-336/2022 nömrəli qətnaməsi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilmiş, “İnfiniti QX-60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil təkrar hərracdan satılmamış və 36975 AZN məbləğlə Bankın balansına gəlmişdir. Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 2068-10 saylı məktubuna əsasən icra vərəqəsi tam icra olunmamış, Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336/2022 nömrəli qətnaməsinin tam icra olunması üçün Suraxanı rayon icra şöbəsinə yönəldilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon icra şöbəsinin rəisi Nazim Nərimanov tərəfindən borclu Cavabdeh əmək haqqından 2689.38 ABŞ dolları icra ödənişinin tutulması və həmin ödənişin icra məmurlarının xüsusi fondunun hesabına köçürülməsi qərara alınmışdır. Suraxanı rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 9453,73 ABŞ dolları və 30 manat dövlət rüsumunun borclu Cavabdeh əmək haqqından 50 %-nin tutulub tələbkar İddiaçı ASC-nin hesabına, borc qurtardıqdan sonra isə 7 % icra ödənişinin məbləğinin icra məmurlarının xüsusi fonduna köçürülməsi və tutma barədə icra şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh məcburi icra tədbirləri zamanı bank tərəfindən ödənilmiş 2588,25 manat məbləğində icra ödənişi, 1848,75 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci) 5 iş günü ərzində banka ödənilməsi, əks təqdirdə bu barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-336/2022 nömrəli icra sənədi üzrə tələb könüllü icra müddətində təmin olunmadığından, xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin açıq hərracdan satılması üçün sifariş verilmiş, keçirilmiş hərrac zamanı nəqliyyat vasitəsi 36975 manata bank tərəfindən balansa qəbul edilmiş, bu məbləğdən 4571,92 manat məbləğində icra ödənişindən 2588,25 manatı icra şöbəsinin hesabına köçürülmüşdür. Qalan borc məbləğləri borclu Cavabdeh əmək haqqına yönəldilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə 131 saylı hərrac yekunları barədə protokol və hərrac qalibi ilə müqavilə bağlanmışdır. Hərrac qalibi bank tərəfindən 1566,74 manat məbləğində xidmət haqqı və 282,01 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırda iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən məbləğ qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilən icra tədbirləri ilə əlaqədar yaranmış xərclərdir (icra və hərrac xərcləri). Məhkəmə hesab edir ki, iddiaçı bu xərclərin tutulmasını tələb etmək üçün ayrıca iddia ərizəsi ilə müraciət etmək əvəzinə, icra icraatı qaydasında – “8” indeksi ilə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etməli idi. Çünki məhkəmənin qənaətinə görə, hələ icrası başa çatmamış, yəni icra sənədi üzrə icra hərəkətləri davam etdirilən başqa bir məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranmış xərclərin həmin icra sənədi üzrə borcludan tələb edilməsinin təmin (və ya qismən təmin) edilməsi ilə əlaqədar başqa bir məhkəmə qətnaməsinin qəbul edilməsi gələcəkdə məhz həmin qətnamənin də icrası ilə əlaqədar yeni icra xərclərinin yaranması ilə nəticələnə bilər, bu halda isə icra sənədi üzrə borclu əlavə olaraq əsassız yüklənəcəkdir. Nəzərə alınsa ki, icra şöbəsi tərəfindən hazırki iş üzrə cavabdehin, yəni icra sənədi üzrə borclunun iş yerinə məktub göndərilərək, iddiaçı – icra sənədi üzrə tələbkar tərəfindən ödənilmiş icra xərclərinin də cavabdehin əmək haqqından tutulmalar aparılmaqla ödənilməsi tələb olunmuşdur, bu da onu deməyə əsas verir ki, nəticə olaraq icra şöbəsinin əsassız varlanması halı baş verəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 74-cü maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. 79.1, 79.2, 79.2.1-ci maddələrinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf olunan vəsaitlər aiddir. 81.4-cü maddəsinə əsasən, icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1 və 4.1.4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: - ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); - bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; - sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; - bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir. Ona görə də, icra ödənişinin və hərracın keçirilməsi ilə əlaqədar xidmət haqqının icra işi üzrə borcludan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırda iddia tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında – 2 indeksi ilə baxılmalı olmadığından, iddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməklə həmin tələb üzrə icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilməlidir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 64.37 (altmış dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla, iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 64,37 (altmış dörd manat otuz yeddi qəpik) manat məbləğində pul İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya hazırki tələblə müvafiq yekun məhkəmə aktının icrası qaydasında icra icraatı çərçivəsində - 8 indeksi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması, həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar