Məhkəmə qərarları › İş №e-2(006)-3992/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3992/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3992/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.300 manat əsas borc, 183 manat faiz borcu, 192 manat cərimə borcu olmaqla, cəmi 1.675 manat məbləğində borcun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 mart 2025-ci il tarixdə “Kredit (Borc)” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədilə illik 48% faiz dərəcəsi ilə 1 ay müddətinə 1.300 manat məbləğində kredit ayrılmışdır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh İddiaçı MMC-yə yaxınlaşaraq X4 məxsus VÖEN: ********** ilə fəaliyyət göstərən lombard təşkilatında olan qızılları götürüb onların təşkilata girov qoyaraq pul götürməsi üçün 1.300 manat məbləğində pul vəsaitinin verilməsini, gələcəkdə pulun qaytarılması ilə bağlı problem yaranacağı təqdirdə qeyd-şərtsiz pulu geri qaytaracağını bildirmiş, bu barədə MMC-nin direktorunun adına ərizə yazmışdır. Bundan başqa, onları inandırmaq üçün X4 məxsus ********** olan VÖEN ilə fəaliyyət göstərən Lombard təşkilatının möhürü ilə təsdiq edilmiş girov biletinin surətini təqdim etmişdir. Onlar də həqiqətən də X1 digər Lombard təşkilatında qızılları olduğuna, həmin qızıl-zinəti onların lombarda qoyacağını əmin olaraq ərizədə istədiyi pul vəsaitini ona təqdim etmişlər. Ödəniş cədvəli tərtib edilmiş, hər iki tərəfin imzası, MMC-nin möhürü ilə təsdiq edilmişdir. 00667228 saylı xəzinə məxaric orderindən göründüyü kimi X2 1.300 manat pul vəsaiti verilmiş, Cavabdeh pul almasını öz imzası ilə təsdiq etmişdir. Cavabdehin hazırki tarixə 17 mart 2025-ci il tarixli “Kredit (Borc)” müqaviləsi üzrə əsas borcu 1.300 manat, faiz borcu 183 manat, dəbbə pulu 192 manat olmaqla, cəmi 1.675 manat təşkil edir. Lakin, hazırki vaxtadək borc məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bu hal isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı tərəfindən tərtib edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 1 ay müddətinə ödəmək şərti ilə 1.300 manat məbləğində kredit verilmiş və 52 manat faiz məbləği müəyyən olunmuşdur. GJN/1 seriyalı 597590 nömrəli girov biletinin surətindən görünür ki, girovverən Cavabdeh 1 cüt boyunbağını və 1 cüt sırğanı 1300 manat ssuda hesabına X3 (VÖEN **********) xeyrinə yüklü etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli EF/036 nömrəli kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 48% dərəcəsi olmaqla 1 ay müddətinə illik 48% dərəcəsi olmaqla ödəmək şərti ilə 1.300 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən İddiaçı direktoruna ünvanlanmış ərizənin surətindən görünür ki, ərizəçinin X4 kreditinin təminatı olaraq girov qoyulmuş qızıl-zinət əşyalarını girovdan azad edib İddiaçı xeyrinə girov qoyulması üçün ona 1.300 manat məbləğində borc pul verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı hər-hansı problem yarandığı halda pulun tam şəkildə və 1 aylıq faiz hissəsi daxil olmaqla cəmiyyətə geri qaytarılmasını öhdəsinə götürdüyünü və buna görə qanunla tam məsuliyyət daşıdığını bildirərək, borcun tam ödənilməsi üçün zəmanət verdiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli 00667228 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1.300 manat məbləğində pul vəsaiti təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.300 manat əsas borc, 183 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 1.583 manat məbləğində pul vəsaiti və 37 manat dövlət rüsumuna görə pul iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, əsas borc məbləği tam şəkildə ödənilmədiyindən müqavilə şərtinə uyğun olaraq illik 48 % olması və müqavilə müddətinin 1 ay olması nəzərə alınmaqla 1300 manat əsas borca bir ay müddət üçün hesablanmış faiz məbləği (48:12=4%; 1300x4%=52) 52 manat təşkil edir ki, iddiaçı 183 manat faiz məbləğini hansı qaydada hesablanmasını iddia tələbində əsaslandırmamışdır. Digər bir hal isə tərəflər arasında öhdəliyinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması ilə bağlı qaydaya uyğun olaraq hər bir gecikdirilmiş gün üçün 0,2% həcmində pulun tutulması müəyyən edilmişdir. Lakin bununla belə məhkəmə əsas borc məbləğinə uyğun olaraq həmin məbləği 192 manat deyil, 100 manat həddində müəyyən edilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.300 (bir min üç yüz) manat əsas borc, 52 (əlli iki) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1.452 (bir min dörd yüz əlli iki) manat məbləğində borc və ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar