Məhkəmə qərarları › İş №e-2(006)-3994/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3994/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3994/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən “Western Union” vasitəsilə cavabdehlərə göndərilmiş 4995 (dörd min doqquz yüz doxsan beş) ABŞ dolları məbləğində pulun, həmçinin dövlət rüsumuna ödənilmiş 105 manat və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. 2016-cı ildə cavabdeh X3 ilə birlikdə X1 Ayova ştatına köçərək orada yaşamağa başladı. Bir müddət orada yaşadıqdan sonra xx.xx.2019-cu il tarixdə iki övladı ilə birlikdə Bakı şəhərinə geri qayıdaraq burada yaşamağa başladı. Həmin tarixdən etibarən isə ailə münasibətlərində gərginliklər yaranmışdır. xx.xx.2020-ci il tarixdə Elşad Şirəliyev boşanma ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir, xx.xx.2020-ci ildə isə iddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulmasına etiraz etmədiyini bildirdi. Lakin, iki azyaşlı uşaq olduğundan, eyni zamanda mövcud pandemiya səbəbindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. X5 2019-cu ildə iddiaçıya rəfiqəsi Natalya Smçkova vasitəsilə 10.000 ABŞ dolları məbləğində pul göndərək iddiaçıdan onun üçün ABŞ-dan Azərbaycana gələrkən elektron cihazlar və texnikalar almağını xahiş etdi. İddiaçı da onun təklifi ilə razılaşdı. İddiaçı Azərbaycana malların daxil edilməsi zamanı limit tətbiq edildiyini sonradan öyrəndi və bu səbəbdən də həmin pulun 4995 ABŞ dollarını saxlaması və Azərbaycana qayıtdıqdan sonra ona geri qaytarması üçün “Western Union” vasitəsilə hər dəfəsində 999 ABŞ dolları olmaqla xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə keçmiş qayınatası Cavabdeh2 göndərdi. Qalan 5.000 ABŞ dolları dəyərində malları alaraq Azərbaycana gətirdi. xx.xx.2019-cu il tarixdə ölkəyə geri qyıtdıqdan sonra göndərdiyi 4995 ABŞ dolları məbləğində pulu Bəxtiyara geri qaytarmaq üçün Cavabdeh2 istədi. Lakin, həmin vaxt Elşad Şirəliyev və onun valideynləri ilə münasibətləri kəskin olaraq pisləşdiyi üçün Cavabdeh2 ona göndərdiyi 4995 ABŞ dollarını ona geri qaytarmaqdan imtina etdi. Bəxtiyar iddiaçının ona qaytarmalı olduğu qalan pulu iddiaçıdan təkidlə istədiyi üçün iddiaçı məcbur olub 2020-ci ilin iyul ayında Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etməli oldu. Polis şöbəsinə isə Cavabdeh2 özü yox, arvadı Cavabdeh1 gedərək izahat vermişdir. Cavabdeh1 izahatında iddiaçının onlara heç bir məbləğdə pul göndərmədiyini bildirmişdir. Təhqiqatçı tələbinin mülki xarakterli olduğunu bəhanə edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdi. Həmin qərar əsasında da 2021-ci ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Həmin mülki iş hakim Ramin Xəlilovun icraatına verildi. 4995 ABŞ dollarının Cavabdeh2 göndərdiyini sübut etmək məqsədilə “Western Union”un ABŞ-dakı Baş ofisinə online qaydada sorğu göndərdi. Sorğusuna online qaydada cavab verildi. Həmin sorğuya cavabı hakim Ramin Xəlilova təqdim etsə də, Cavabdeh2 etiraz ərizəsilə məhkəməyə müraciət edərək iddiaçının yalan danışdığını, ona heç bir məbləğdə pul göndərmədiyini və təqdim etdiyi sənədin saxta olduğunu, bu səbəbdən də mötəbər sübut kimi qəbul edilməli olmadığını qeyd etmişdir. Lakin, hakim Ramin Xəlilov həmin sənədin mötəbər sübut olub-olmasını dəqiqləşdirmək üçün “Western Union”un ABŞ-dakı Baş ofisinə sorğu göndərmək səlahiyyətində olsa da, bunu etmədi. İddiaçı işə qərəzli şəkildə yanaşıldığını anladığı üçün Cavabdeh2 münasibətdə iddiasını geri götürdü. Bundan sonra “Western Union”un Moskvadakı Baş ofisinə vəkil sorğusu vasitəsilə müraciət edərək göndərdiyi pulların tarixçəsini tələb etdi. “Western Union”un Moskvadakı Baş ofisi tərəfindən sorğusuna rəsmi olaraq cavab verildi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X8 iddia tələbini qəbul etməyərək, məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı tərəf ona 4995 dollar pul göndərdiyini və həmin pulun ona qaytarılmadığını iddia edir. İddiaçının tələbinə əsasən, tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh qeyd edilən məbləği qaytarmalıdır. Qeyd edilənlər əsassızdır və onların arasında heç bir borc münasibəti olmamışdır. Belə ki, iddiaçının özü ona pulu limit olduğu üçün Azərbaycana gəldikdən sonra geri almaq üçün göndərdiyini qeyd edir. Yəni, iddiaçının özünün bildirdiyi kimi onların arasında borc münasibətləri yaranmamışdır. Əslində qeyd edilən məbləği ona cavabdehin oğlu göndərmişdir. Ancaq həmin məbləği ona iddiaçı göndərmiş olsa belə, burada borc münasibətləri yaranmır. İddia tələbi əgər sübut edilərsə, bu zaman aralarındakı münasibət borc deyil əsassız varlanma hesab edilməlidir. Belə ki, iddiaçı ilə aralarında heç bir müqavilə yoxdur. Yəni, iddiaçı özü bildirir ki, o məbləği ona borc olaraq deyil, yalnız saxlamaq üçün və Azərbaycana gələndə geri qaytarmaq üçün göndərib. Borc münasibətlərində isə həmin məbləği cavabdehin mülkiyyətinə verməli idi. Ancaq iddiaçı həmin məbləği cavabdehin mülkiyyətinə verməyib, yalnız saxlamaq üçün göndərib. Nəticə etibarı ilə aralarında heç bir müqavilə və qanuni əsas olmadığı üçün aralarındakı münasibətə yalnız əsassız varlanma müddəası tətbiq edilə bilər. İddiaçı iddia ərizəsində 2019-cu ilin sonunda ailə münasibətlərinin kəskinləşdiyini və bu baxımdan onun pulu geri qaytarmadığını iddia edir. Yəni, iddiaçı 2019-cu ilin axırından hüquqdan məhrum olduğunu bildirir və məhrum olma müddəti o andan hesablanmalıdır. Bu baxımdan iddiaçı ən son 2021-ci ilin sonunda məhkəməyə müraciət edə bilərdi. Həmin müddətdən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-2145/2020 saylı Qətnamədən görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Mülki işin materiallarında olan 16 iyun 2022-ci il tarixli, 1662/1-22№li “Western Union”un Moskvadakı Baş ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanan məktubdan görünür ki, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə İddiaçı tərəfindən Cavabdeh2 hesabına 999 USD dolları məbləğində ödənişlər edilmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən qəbul edilən 07 sentyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, İddiaçı tərəfindən daxil olan müraciətin araşdırılması zamanı İddiaçı istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng vuraraq izahat verərək ərizəsindəki xüsusatları bir daha təsdiq etməsinin vacibliyi bildirilmişdir, lakin vətəndaş İddiaçı Bakı şəhərində olmadığını və gəlib izahat verəcəyi bildirilmiş, sonradan yenidən əlaqə saxlamağa çalışmış, lakin telefonla zənginə cavab verməmişdir. Araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş gəlinidir. Yoldaşı Cavabdeh2 göndərdiyini iddia etdiyi 5.000 dollar pulu oğlu Elşad atası X6 ürəyindən əməliyyat olunduğu üçün özü göndərmiş və sonradan orada müflis olduğu üçün həmin 5.000 dollar pulu onlar ona Western Union vasitəsilə geri ABŞ-na göndərdilər. Beləliklə, İddiaçı ərizəsi əsasında toplanmış materialdan görünür ki, İddiaçı ərizəsində göstərdiyi fakt təhqiqat materiallarında öz əksini tapmamışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 4995 ABŞ dolları məbləğində pulun saxlanması və Azərbaycana qayıtdıqdan sonra ona geri qaytarılması üçün “Western Union” vasitəsilə hər dəfəsində 999 ABŞ dolları olmaqla xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində keçmiş qayınatası Cavabdeh2 göndərdiyini iddia edərək, həmin pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə həmin pulun Cavabdeh2 qeyd edilən pul vəsaitinin İddiaçı tərəfindən yox, onun öz oğlu X3 tərəfindən göndərildiyini iddia edir. Digər tərəfdən, tərəflər arasında olan mübahisənin borc deyil, əsassız varlanmadan yarandığını bildirərək, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə ilk öncə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 (keçmiş qayınanası) və Cavabdeh2 (keçmiş qayınatası) borc pul verməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı pulun onun tərəfindən saxlaması üçün və ona geri qaytarılması üçün cavabdehin hesabına göndərildiyini iddia edir, halbuki Nəsimi RPİ 19-cu PŞ-də verdiyi izahatında Cavabdeh1 tələb olunan məbləğin onun öz oğlu tərəfindən atasının əməliyyatı üçün göndərdiyini, lakin sonradan pulun ona geri qaytarıldığını demişdir. Həmçinin, digər Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən də göründüyü kimi cavabdeh pulun ona oğlu tərəfindən göndərildiyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iş üzrə təqdim edilən ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsassızlığına görə və sübuta yetirilmədiyi üçün rədd edildiyindən, məhkəmə iddia tələbi ilə bağlı mübahisənin borc, yoxsa əsassız varlanma səbəbindən yaranmasının mübahisələndirilməsini zəruri hesab etmir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun iddiaçıya geri qaytarılması hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu hissə əsas tələblə birbaşa bağlı olduğundan və əsas tələb də təmin edilmədiyindən iddia qaldırılması üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar