Məhkəmə qərarları › İş №e-2(006)-4039/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4039/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4039/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “avtomobilə vurulmuş ziyana görə sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “avtomobilə vurulmuş ziyana görə sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, faktiki sahibliyində olan “Hyundai Terracan” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyana görə 2.200 (iki min iki yüz) manat məbləğində sığorta ödənişinin və ödədiyi 42 (qırx iki) manat dövlət rüsumunun, ümumilikdə 2.242 (iki min iki yüz qırx iki) manat pulun cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx") tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 iyul 2022-ci il tarixdə, saat 18.30 radələrində Sumqayıt-Novxanı avtomobil yolunda “Gilavar” restoranının yaxınlığında üçüncü şəxs olan qohumu Maraqlı şəxs idarə etdiyi “Hyundai Terracan” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə onun idarə etdiyi “Renault Megane” markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində onun idarə etdiyi və fakitiki sahibi olduğu avtomobilə maddi ziyan dəymişdir. Həmin hadisənin baş verməsinə səbəb isə piyadanın gözlənilmədən avtomobil yoluna çıxması səbəbindən qarşısındakı “Toyota- Prado” markalı avtomobilin əyləcə basması və onun da həmin avtomobillə toqquşmamaq üçün avtomobilini dərhal əyləcə basmaqla saxlamaq məcburiyyətində qalmağı olmuşdur. Hər iki avtomobil, yəni Maraqlı şəxs idarə etdiyi “Hyundai Terracan” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə onun idarə etdiyi “Renault Megane” markalı **-RK-*** dövlət nömrə nişanlı avtomobil müvafiq sənədlər əsasında Maraqlı şəxs mülkiyyətində olmaqla cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətində ("xxxx" ASC-də) avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilmişdir. Ancaq onun idarə etdiyi “Renault Megane” markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobilin formal olaraq mülkiyətçisi Maraqlı şəxs olsa da, həmin avtomobili o, ondan pul verərək satın almışdır və bununla bağlı sonuncunun adından ona avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata almaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri özündə ehtiva edən etibarnamə verilmişdir.Yuxarıda göstərilən yol nəqliyyat hadisəsi baş verdikdən sonra onun avtomobilinə dəymiş ziyan "xxxx" ASC tərəfindən 1800 (bir min səkkiz yüz) manat məbləğində qiymətləndirilərək qısa zaman kəsiyində ödənilcəyi bildirilmişdir. Baxmayaraq ki, avtomobilinə dəymiş real ziyan onun təmirinə çəkiləcək bütün xərclərlə birlikdə 2200 manatdan da çox edirdi, o, sığorta şirkətinin təklif etdiyi məbləğlə razılaşmaq məcburiyyətində qalmışdır. Lakin, sığorta şirkəti əvvəlcə bu ödənişin həyata keçiriləcəyini bildirsə də, sonradan ödəniş etməkdən imtina etmişdir. Buna əsas kimi həm Maraqlı şəxs “Hyundai Terracan” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin, həm də onun idarə etdiyi “Renault Megane” markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobilin müvafiq sənədlər əsasında Maraqlı şəxs mülkiyyətində olması, bu səbəbdən də onun sığorta müqaviləsinin tərəfi hesab edilməsi və müvafiq olaraq da onun faydalanan şəxs kimi üçüncü şəxs hesab edilməməsi göstərilmişdir. Halbuki, onun idarə etdiyi avtomobil müvafiq sənədlər əsasında Maraqlı şəxs mülkiyyətində olsa da, həmin avtomobil onun tərəfindən ona satılmaqla faktiki olaraq onun sahibliyinə verilmişdir və bu səbəbdən də sığortalı olaraq, yəni zərərçəkən qismində o qəbul edilməli idi. Bununla bağlı cavabdehə etdiyi müraciət 20 iyul 2022-ci il tarixli, 05/1529 saylı məktubla cavablandırılaraq sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qanunsuz və əsassızdır. Yuxarıda göstərdiyi yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi və sahibliyində olan avtomobilin zədələnməsi nəticəsində üçüncü şəxs Maraqlı şəxs deyil, faktiki olaraq ona maddi ziyan vurulmuşdur. Belə ki, həmin avtomobil onun sahibliyində olduğundan, onun təmiri və bərpası xərclərini də o çəkməli olmuşdur. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyan olaraq sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, bir il müddətinə PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə Şirkət tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, xx.xx.2022-ci il tarixində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış, “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X4” markalı, **- RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Land-Cruiser-Prado Minik” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP5130985 nömrəli, xx.xx.2022-ci il tarixli Qərara əsasən, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Maraqlı şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dövlət qeydiyyat şəhadətnamələrinə diqqət yetirilərkən məlum olmuşdur ki, avtomobillərin hər ikisinin mülkiyyətçisi Maraqlı şəxsdur. PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta hadisəsi hesab edilmədiyi müəyyən olunduğundan Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuş və bununla bağlı tərəfə xx.xx.2022-ci il tarixində bildiriş təqdim olunmuşdur. Maraqlı şəxs qeyd olunan hadisə üzrə üçüncü şəxs hesab edilmir. Buna görə də, nəticə etibarilə, Maraqlı şəxs öz mülkiyyətində olan “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə, yəni öz mülkiyyətində olan digər əmlaka zərər vurmuşdur. Həmçinin, “X4” markalı, **-RK- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmamış, iddiaçı avtomobili etibarnamə əsasında idarə edən şəxs olmuşdur. Buna görə də, avtomobilə dəyən zərər həmin avtomobilin mülkiyyətçisi tərəfindən vurulduğundan, müvafiq olaraq bu hal sığorta hadisəsi hesab edilmədiyi üçün istər mülkiyyətçiyə, istərsə də etibarnamə üzrə səlahiyyətli hər hansı şəxsə qanunvericiliyə uyğun olaraq, sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən Bildirişdən görünür ki, Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobil Maraqlı şəxs mülkiyyətindədir və PDS********** saylı sığorta şəhadətnaməsi üzrə Maraqlı şəxs müqavilə tərəfi hesab olunur. Mülki işin materiallarında olan Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Maraqlı şəxsdur. İddiaçı isə həmin avtomobil etibar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsindən görünür ki, “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı Maraqlı şəxs tərəfindən sığortalanmışdır. Mülki işin materiallarında olan İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Maraqlı şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarına əlavə edilmiş “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dövlət qeydiyyat şəhadətnamələrindən məlum olur ki, avtomobillərin hər ikisinin mülkiyyətçisi Maraqlı şəxsdur. Beləliklə, iş materiallarından aydın olur ki, hazırki iş üzrə İddiaçı hadisə zamanı idarə etdiyi avtomobilin, yəni “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əsl mülkiyyətçisi deyildir. Həmin avtomobilin əsl mülkiyyətçisi hadisə zamanı İddiaçı idarə etdiyi “X4” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşan digər avtomobil, yəni “X3” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Maraqlı şəxsdur. Yəni, məhkəmə tərəfindən müəyyən edildi ki, hadisə zamanı bir-birilə toqquşan avtomobillərin mülkiyyətçisi əslində eyni şəxs, yəni hazırda iddiaçının mülki iş üzrə üçüncü şəxs qismində tanıdığı Maraqlı şəxsdur. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı “avtomobilə vurulmuş ziyana görə sığorta ödənişinin verilməsi” tələbi ilə bağlı iddia irəli sürmək kimi subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Eyni Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.4-cü maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının sığorta ödənişini tələb etməsinə hüquqi ixtiyarı yoxdur. Belə ki, sığorta müqaviləsi onun iştirakçıları olan, Mülki Məcəllənin 884-cü maddəsində sadalanan sığorta münasibətlərinin subyektləri üçün müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı yuxarıda sadalanan şəxslər (sığortalı, sığorta olunan və faydalanan şəxs) qismində sığorta müqaviləsində tanınmamış və bununla da müqavilə üzrə sığorta ödənişini tələb etmək hüququnun ona məxsus olması faktı istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən avtomobilə vurulmuş ziyana görə sığorta ödənişin alınmasına dair tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığından, iddiası rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “avtomobilə vurulmuş ziyana görə sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar