Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-405/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus **-CB-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Accent» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 7.000 manat, həmçinin 176 manat inzibati xəta cərimələrinin, bu günə qədər ona nəqliyyat vasitəsinin icarəyə verilməməsinə görə dəymiş 2.520 manat zərər, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Məhhəmməd qızından və Cavabdeh2 müştərək qaydada tutularaq mülkiyyətçi İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, X4 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Daha sonra, İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 5.249 manat maddi zərər, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 176 manat cərimə, 2.520 manat əldən çıxmış fayda, 96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 7.000 manat maddi zərər, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 176 manat cərimə, 2.520 manat əldən çıxmış fayda, 96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılardan İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus **-CB- *** dövlət qeydiyyat nişanlı, «Hyundai Accent» markalı nəqliyyat vasitəsini Maraqlı şəxs vasitəçiliyi ilə şifahi danışıqları və razılaşmaları əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər gün 15 manat ödəniş ödənilməklə, hər həftə 105 manat, aylıq 420 manat olmaqla icarəsinə və istifadəsinə vermişdir. Nəqliyyat vasitəsinin sonunculara verilməsini nəqliyyat vasitəsinin istifadə edilməsi üçün verilmiş etibarnamə təsdiq edir. Qeyd olunan cavabdehlərin istifadəsində olan zaman nəqliyyat vasitəsinə yol hərəkəti və istifadəsi qaydalarının pozulması ilə bağlı Cavabdeh2 adına ödənilməmiş 4 protokol tərtib olunmuş və cavabdeh tərəfindən bu məbləğ ödənilmədiyi üçün nəqliyyat vasitəsinə həbs qoyulmuşdur. Bundan başqa, nəqliyyat vasitəsi cavabdehlərin istifadəsində olan zaman yararsız vəziyyətə salınmış və onlara məlumat verilmədən Şüvəlan ərazisində yerləşən təmir mərkəzinə atılmış, sonradan isə Aslana məlumat verilmiş, Aslan isə ona məlumat vermişdir. Onun dostu İddiaçı2 Aslanın dostudur. Ramin ilk öncə nəqliyyat vasitəsini idarə etməyə Aslana vermiş, sonradan isə Aslanın xahişi ilə cavabdehlərə onun razılığı ilə verilmişdir. Maşın yararsız halda Şüvəlan ərazisində olan təmir sexində olan zaman Ramin və Aslan nəqliyyat vasitəsini götürməyə getmişlər və nəqliyyat vasitəsində olan xərcin çox olduğunu görüb, Sadiq və Nərminlə danışıqlar aparmışlar. Nərmin və Sadiq isə «nəqliyyat vasitəsini təmir edin, mən hissə-hissə hər ay ödəyərəm» demiş, həmçinin Nərmin də hazırda maddi durumlarının yaxşı olmadığını, dəymiş ziyanı birdən ödəyə bilməyəcəklərini bildirmişdir. Ramin və Aslanın xahişi ilə onların vəziyyətinin yaxşı olmadığını görüb insaflı davranaraq onlara pulun hissə-hissə ödənilməsinə etiraz etməmişdir. Lakin bir neçə ay keçdikdən sonra ona hər-hansı ödənişin olmadığını görüb Aslan və Ramindən Sadiq və Nərminlə danışmalarını və pulu ödəmələrini tələb etmişdir. Lakin cavabdehlər «gedin hara şikayət edirsiz-edin, mən heç nə ödəmirəm» deyib, telefon nömrələrini dəyişmişlər və ona dəymiş 7.000 manat dəymiş zərəri və nəqliyyat vasitəsinin üzərinə yazılmış cərimələri ödəməmişlər. O, məcbur qalıb Xəzər polis bölməsinə şikayət etmişdir. Polis bölməsində isə işin mülki xarakterli olduğu və məhkəməyə müraciət etməli olması barədə qərar çıxarılmışdır. Hazırda cərimələr 176 manat təşkil edir. Həmçinin Sadiqin adına yazılmış cərimələr ödənilmədiyindən nəqliyyat vasitəsinin üzərində həbs olduğundan nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmədiyi üçün bu günə qədər istifadə və idarə edə bilmir. Artıq aylardır ki, o, cavabdehlərin hərəkətlərinə görə ziyana məruz qalır. Hesab edir ki, ona vurulmuş zərər cavabdehlərdən qanunauyğun surətdə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə İddiaçı1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlərin axırıncı ödənişi xx.xx.2024-cü il tarixdə olmuşdur. Nəqliyyat vasitəsinin üzərində cərimələrə görə həbs olmuş, həmçinin istifadəyə yararsız vəziyyətdə olmuşdur. Cavabdehlər həftəlik 105 manat ödəməli idilər. Qəbzlərdəki tarixdən də göründüyü kimi, xx.xx.2024-cü il tarixdə cərimələr iddiaçıgil tərəfindən ödənilmiş və nəqliyyat vasitəsi başqa şəxsə həmin tarixdən istifadəyə verilmişdir. Bu isə ümumilikdə 6 ay edir. 24 həftə aylıq 105 manat icarə haqqı hesablanmaqla, əldən çıxmış fayda 2.520 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər 3-cü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixdə verilmiş BD seriyalı 453991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı, 2008-ci il buraxılışlı avtomobil İddiaçı1 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 7E-1628 reyestr saylı etibarnamədən görünür ki, İddiaçı1 mülkiyyətində olan **-CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobili idarəetmə hüququnu 1 il 1 gün müddətinə Cavabdeh1 etibar etmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 7E-2531 reyestr saylı etibarnamədən görünür ki, İddiaçı1 mülkiyyətində olan **-CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobili idarəetmə hüququ olduğu təqdirdə idarə etməyi 2 il müddətinə Cavabdeh2 etibar etmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehlərin aylıq ödəniş əvəzində istifadəyə götürdükləri **-CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobil qəza keçirmişdir, avtomobildə müxtəlif səpkili zərər vurulması izləri aşkar şəkildə müşahidə olunur. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün cəmi 7.000 manat pul vəsaiti tələb olunur. Görülən işlərin, ehtiyat hissələrinin və materialların adı, eləcə də, hər birinə müvafiq olaraq məbləğlər cədvəldə qeyd olunmuşdur. Bakı şəhəri Xətai RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Maraqlı şəxs müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli HK-1-2191 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, aidiyyəti tərəflərə hüquqları izah edilmişdir. Qeyd olunan qərardan göründüyü kimi, izahatı alınmış Cavabdeh1 Cavabdeh2 icarəyə avtomobil götürdüyünü, sonradan ona da xahişinə əsasən etibarnamə verildiyini, avtomobili bir neçə dəfə idarə etdiyini, sonradan Cavabdeh2lə münasibətlərinin pozulduğunu, Sadiqin ona zəng vuraraq avtomobili idarə etmək üçün qohumuna verdiyi və sonuncu tərəfindən yol-nəqliyyat hadisəsi törədildiyini, avtomobilin evakuatorla Bakı şəhərinə gətirildiyini, maddi imkan olmadığından avtomobilin təmir edilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “SMS Radar” mobil tətbiqindən çıxarışdan görünür ki, 2008-ci il buraxılışlı “Hyundai Accent minik” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli **********7 saylı ödəniş qəbzindən, xx.xx.2024-cü il tarixli **********1 saylı ödəniş qəbzindən, xx.xx.2024-cü il tarixli **********3 saylı ödəniş qəbzindən; eləcə də, xx.xx.2024-cü il tarixli; xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı; xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd edilən avtomobili idarə edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozduğuna görə, barəsində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmiş, iddiaçı tərəfindən həmin cərimələrin ödənilməsinə 129 manat; 17 manat; 33 manat olmaqla, 179 manat pul vəsaiti sərf edilmişdir. xx.xx.2024-cü il tarixli **********07 saylı ödəniş qəbzindən görünür ki, iddiaçılardan İddiaçı2 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 96 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM/A60-466/25 saylı rəyindən görünür ki, **- CB-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtomobilin təmir-bərpa edilməsi üçün 6.718 manat pul vəsaiti tələb olunur. Qiymətləndirmə xərci (xidmət haqqı) 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, cavabdehlər tərəfindən İddiaçı1 məxsus avtomobil sonuncu tərəfindən verilmiş etibarnamələrə əsasən idarə olunmuş, cavabdehlərdən Cavabdeh2 avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulduğundan o, inzibati qaydada cərimə edilmiş, lakin cərimələri ödəməmiş, eləcə də, avtomobillə yol-nəqliyyat hadisəsi törədilərək, avtomobilə maddi ziyan vurulmuşdur. Avtomobil təmir edilən dövrədək keçən müddət ərzində mülkiyyətçi İddiaçı1 həmin avtomobili icarəyə verə bilməməklə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. İddiaçının - avtomobilin mülkiyyətçisinin cavabdehlərin avtomobillə törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir bərpası üçün tələb olunan məbləğ, cavabdehlərin avtomobili idarə etmələri zamanı inzibati xəta törətmələri ilə əlaqədar tətbiq edilmiş inzibati cərimə ödənişləri, habelə avtomobildən onun qüsurlu vəziyyətinə və üzərində yüklülük olmasına görə faydalanmanın mümkünsüzlüyü ilə əlaqədar dəymiş zərərin cavabdehlərdən tutulması barədə tələbləri iddiaçının təqdim etdiyi sübutlar əsasında tam təsdiqin tapdığından və cavabdehlərin işin faktiki hallarını təkzib edən sübutları təqdim edilmədiyindən iddia tələbi əsaslı hesab edilməlidir. Lakin məhkəmə bir məqamı qeyd edir ki, iddiaçı qismində çıxış edən İddiaçı2 bu tələbi irəli sürməsinə subyektiv hüququ olmadığından ona münasibətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, avtomobilə vurulmuş zərərə görə 6.718 manat, əldən çıxmış faydaya görə 2.520 manat, inzibati qaydada cərimələrin ödənilməsi üçün sərf edilmiş 176 manat vəsait və ödənilmiş 96 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1 xeyrinə tutulmalıdır. 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Avtomobilə vurulmuş zərərə görə 6.718 (altı min yeddi yüz on səkkiz) manat, əldən çıxmış faydaya görə 2.520 (iki min beş yüz iyirmi) manat, inzibati qaydada cərimələrin ödənilməsi üçün sərf edilmiş 176 (bir yüz yetmiş altı) manat vəsait və ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1 xeyrinə tutulsun. 300 (üç yüz) manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti; VÖEN: **********; H/h: № AZ68İBAZ********************; "xxxx" ASC; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; Kod: 805711; S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-405/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-405/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver