Məhkəmə qərarları › İş №e-2(006)-4068/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4068/2022

21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4068/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı “X3 Export B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Toyota Corolla” markalı, 99PK706 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 25 may 2022-ci il tarixində Bakı şəhərinin ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Karsan Atak” markalı, 99JZ269 dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 742,90 AZN məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh 742,90 AZN məbləğində verilmiş sığorta ödənişinin, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nəsimi RPİ-nin məsul növbətçi v.m.i.e polis baş leytenantı Ruslan Qurbanov tərəfindən Nəsimi RPİ-nin rəisi polis polkovnik-leytenantı Mirnemət Mirbabayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4885 nömrəli raportda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 10:43-də X2 zəng edərək naməlum markalı avtomobilin ona məxsus “Toyota Corolla” markalı, 99PK706 dövlət qeydiyyat nişanlı avtomobili vurması və uzaqlaşması haqqında məlumat vermişdir. İş materiallarında olan Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın surətlərindən görünür ki, “Karsan Atak” markalı, 99JZ269 dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, “X3 Export B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus “Toyota Corolla” markalı, 99PK706 dövlət qeydiyyat nişanlı avtmobil dayanacaqda olan zaman digər avtomobil tərəfindən zədələnmişdir. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta hadisəsinə görə 742,90 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, Karsan Atak” markalı, 99JZ269 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 742,90 AZN məbləğində ziyan dəymişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" QSC-nin hesabına 113,32 AZN və 629,58 AZN məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 25 may 2022-ci il tarixində idarə etdiyi Karsan Atak” markalı, 99JZ269 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozaraq, “Toyota Corolla” markalı, 99PK706 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 742,90 AZN məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtobus qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin, onun DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdeh X1 aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 742,90 AZN (yeddi yüz qırx iki manat, doxsan qəpik) məbləğində pul və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 742,90 AZN (yeddi yüz qırx iki manat, doxsan qəpik) məbləğində pul və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar