Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4076/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında “Qarışıq müqavilə” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Bank tərəfindən Cavabdeh 300 manat məbləğində kredit kart limiti açılmış, kart sahibi olan cavabdeh həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək Banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin və s. ödənilməsini kredit karta limit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir və Banka olan borcunu ödəməmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 254,13 manat əsas borc, 17,58 manat faiz borcu, 28,15 manat cərimə borcu, 1 manat xərclər və komissiyalar üzrə borc, 3,40 manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci olmaqla, cəmi 304,26 manat borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X1» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 5 il müddətinə, 300 manat məbləğində kredit kartı limiti açılmışdır. İş materiallarında olan «X1» QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan «X1» QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 254,13 manat əsas borc, 17,58 manat faiz borcu, 28,15 manat cərimə borcu, 1 manat xərclər və komissiyalar üzrə borc, 3,40 manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci, cəmi 304,26 manat məbləğində borcu mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 254,13 (iki yüz əlli dörd manat, on üç qəpik) manat əsas borc, 17,58 (on yeddi manat, əlli səkkiz qəpik) faiz borcu, 28,15 (iyirmi səkkiz manat, on beş qəpik) manat cərimə borcu, 1 (bir) manat xərclər və komissiyalar üzrə borc, 3,40 (üç manat, qırx qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 334,26 (üç yüz otuz dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 254,13 (iki yüz əlli dörd manat, on üç qəpik) manat əsas borc, 17,58 (on yeddi manat, əlli səkkiz qəpik) faiz borcu, 28,15 (iyirmi səkkiz manat, on beş qəpik) manat cərimə borcu, 1 (bir) manat xərclər və komissiyalar üzrə borc, 3,40 (üç manat, qırx qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 334,26 (üç yüz otuz dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4076/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4076/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver