Məhkəmə qərarları › İş №e-2(006)-408/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-408/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-408/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5000 manat əsas, 984.02 manat faiz, 694.37 manat cərimə borcu olmaqla, cəmi 6678.39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə illik 25 % olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzlayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

3. İddiaçı ASC “iddia ərizəsinə əlavə” təqdim edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bankın borcluya 18 ay müddətinə illik 25 % olmaqla 500 manat məbləğində kredit verildiyini, sonradan həmin müqavilənin xx.xx.2022-ci il tarixdə yeni redaksiyada 84 ay müddətinə illik 25 % olmaqla 5.000 manat məbləğində limitlə artırıldığını, iddia ərizəsində texniki səhv olaraq müqavilənin bağlanma tarixinin 0xx.xx.2021-ci il deyil, xx.xx.2022-ci il kimi qeyd olunduğunu bildirmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli GC/47477/80/18 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən müştəriyə 7 (il) ay müddətinə, illik 25 % (iyirmi beş faiz) ödəmək şərtilə kredit xəttindən ilkin olaraq istifadəsi mümkün olan 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit xəttinin maksimal məbləği 10.000 manatdır. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqaviləyə xitam verilməsi əsasları, kredit xəttindən istifadə və ödəniş qaydaları, kartın verilməsi və istifadəsi üzrə xüsusi şərtlər, habelə tərəflər arasında Müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin “26” aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur (həmin Şərtlərdə cərimə barədə bəndlər nəzərdə tutulmuşdur).

8. xx.xx.2021-ci il tarixli 5021 nömrəli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd “5315********741471” nömrəli kartı İddiaçı ASC-dən almışdır.

9. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli GC/47477/80/18 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən müştəriyə 7 (il) ay müddətinə, illik 25 % (iyirmi beş faiz) ödəmək şərtilə kredit xəttindən ilkin olaraq istifadəsi mümkün olan 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit xəttinin maksimal məbləği 10.000 manatdır. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqaviləyə xitam verilməsi əsasları, kredit xəttindən istifadə və ödəniş qaydaları, kartın verilməsi və istifadəsi üzrə xüsusi şərtlər, habelə tərəflər arasında Müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin “26” aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur (həmin Şərtlərdə cərimə barədə bəndlər nəzərdə tutulmuşdur).

10. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ona müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 5000 manat əsas, 984.02 manat faiz, 694.37 manat cərimə borcu vardır.

12. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 87 (səksən yeddi) manat dövlət rüsumu ödənilmişdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5571 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GC/47477/80/18 və xx.xx.2022-ci il tarixli GC/47477/80/18 nömrəli kredit sazişlərinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 5000,00 manat, faiz borcu üzrə 984,02 manat müəyyən olunur. Həmçinin, hazırki ekspertiza zamanı hesabdan çıxarış (C.İ.V- 112) məlumatlarından görünüdüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən sonra 100,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin, iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2023-cü il tarixə göstərildiyindən sonradan ödənilən 100,00 manat məbləğində ödəniş nəzərə alınmadı.

14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişinə əsasən cavabdehə 7 il müddətinə illik 25 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmiş, kredit xəttinin limiti 10.000 manat müəyyən edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli sazişə əsasən, kredit xətti üzrə verilmiş kreditin məbləği artırılaraq 5.000 manat təşkil etmişdir.

16. Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri həyata keçirmədiyindən, iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. Hazırda iddiaçı cavabdehdən həmin müqavilə üzrə yaranmış cəmi 6.678,39 manat və dövlət rüsumunu tələb edir. İş üzrə tam, obyektiv və hərtərəfli tədqiqat aparılması məqsədilə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, aralarında olan müqavilə üzrə cavabdehin ona pretenziya ilə təyin edilmiş xx.xx.2023-cü il tarixə iddiaçıya hazırda tələb edilən məbləğdə əsas və faiz borcu olmuş, həmçinin, həmin tarixdən sonra cavabdeh tərəfindən 100 manat məbləğində ödəniş edilmişdir.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.

19. Məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya tələb edilən məbləğdə əsas və faiz borcu olması müəyyən edilmişdir.

20. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur.

21. Cavabdehin qeyd olunan tarixdən sonra cəmi 100 manat məbləğində ödəniş etməsi müəyyən edildiyindən, ödənilmiş məbləğin əvvəlcə cərimənin silinməsinə yönəlməli olması barədə qanunvericiliyin tələbi nəzərə alındıqda, ödəniş edilən 100 manat tələb edilən 694,37 manat cərimə borcundan silinməlidir. Lakin məhkəmə 594,37 manat cəriməni tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək hesab edir ki, cərimənin məbləği 300 manatadək azaldılmalıdır.

22. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən tələb edilən 5.000 manat əsas, 984,02 manat faiz, Mülki Məcəllənin 432.4-cü maddəsində göstərilmiş qaydada silinmələr aparıldıqdan və cərimə məhkəmə tərəfindən azaldıldıqdan sonra 300 manat borcu olmaqla, cəmi 6.284,02 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.000 (beş min) manat əsas, 984,02 (doqquz yüz səksən dörd manat iki qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 6.284,02 (altı min iki yüz səksən dörd manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 87 manat dövlət rüsumunun 84 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı ASC-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 94 manat hissəsi Cavabdeh, qalan 6 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat əsas, 984,02 (doqquz yüz səksən dörd manat iki qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 6.284,02 (altı min iki yüz səksən dörd manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin, qalan hissəsi İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 94 (doxsan dörd) manat hissəsi Cavabdeh, qalan 6 (altı) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar