Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4088/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı AAA oğlunun cavabdeh BBB qızına qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh BBB qızına qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu BBB qızı tərəfindən 20 iyun 2022-ci il tarixli, 3M-903 nömrəli kredit müqaviləsi üzrə 5025 manat məbləğində pul ödənilmədiyi üçün 2 Saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2023-cü il tarixli, 8İ- 7445 reyestr №-li icra qeydinin, 13 iyul 2022-ci il tarixli, 3M-1028 nömrəli kredit müqaviləsi üzrə 4000 manat məbləğində pul ödənilmədiyi üçün 2 Saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2023-cü il tarixli, 8İ-7443 reyestr №-li icra qeydinin, 07 mart 2023-cü il tarixli, 3M-156 nömrəli kredit müqaviləsi üzrə 18325 manat məbləğində pul ödənilmədiyi üçün 2 Saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2023-cü il tarixli, 8İ-15096 reyestr №-li icra qeydinin ləğv edilərək cavabdeh BBB qızından 20 iyun 2022-ci il tarixli, 3M-903 nömrəli kredit müqaviləsi üzrə 5025 manat məbləğində pulun, 13 iyul 2022-ci il tarixli, 3M- 1028 nömrəli kredit müqaviləsi üzrə 4025 manat məbləğində pulun, 07 mart 2023-cü il tarixli, 3M-156 nömrəli kredit müqaviləsi üzrə 18325 manat məbləğində pulun, həmçinin icra qeydləri üçün rüsum olaraq ödədiyi hər biri 25 manat olmaqla, cəmi 75 manat məbləğində pulun, həmçinin əlavə notariat rüsumları üçün ödədiyi 50 manat məbləğində pulun və hüquqi yardım göstərməsi üçün vəkil ilə bağladığı müqavilə üçün ödədiyi 500 manat məbləğində pul olmaqla, ümumilikdə 27925 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X7 arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 20 iyun 2022-ci il tarixdə 3M- 903 № ilə reyestrdə qeydə alınmış 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 5000 manat məbləğində olan kredit borcunu 20 sentyabr 2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra yenidən iddiaçı ilə cavabdeh X7 arasında Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 13 iyul 2022-ci il tarixdə 3M-1028 № ilə reyestrdə qeydə alınmış 4000 manat məbləğində pul vəsaitinin cavabdehə borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 4000 manat məbləğində olan kredit borcunu 13 sentyabr 2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh X7 arasında üçüncü dəfə 2 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 07 mart 2023-cü il tarixdə 3M-156 № ilə reyestrdə qeydə alınmış 18300 manat məbləğində pul vəsaitinin cavabdehə borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan şəxs 18300 manat məbləğində olan kredit borcunu 17 mart 2023-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Borclu şəxs X7 bu günə qədər hər üç kredit müqaviləsi üzrə iddiaçıya olan borclarını ümumiyyətlə ödəməmişdir. Nəticədə kredit müqavilələrinin 7-ci bəndinin tələbinə əsasən 20 iyun 2022-ci il tarixli və 13 iyul 2022-ci il tarixli kredit müqavilələrini təsdiq edən Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən hər iki müqavilə üzrə 31 may 2023-cü il tarixində borclu X2 5000 manat məbləğində kredit borcu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5025 manat məbləğində pulun və 4000 manat məbləğində kredit borcu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4025 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iki ayrı-ayrı icra qeydi verilmişdir. Həmin icra qeydləri 8İ-7445 № ilə və 8İ-7443 № ilə reyestrdə qeydə alınmışdır. Sonuncu 07 mart 2023-cü il tarixli kredit müqaviləsinin 7-ci bəndinin tələbinə əsasən həmin müqaviləni təsdiq edən 2 saylı Bakı "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 03 iyun 2023-cü il tarixində borclu X2 18300 manat məbləğində kredit borcu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18325 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 8İ-15096 № ilə reyestrdə qeydə alınmışdır. Həmin icra qeydləri daha sonra icra olunması üçün qanunvericiliyin tələbinə əsasən Nəsimi Rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən icra məmuru borclu şəxs Cavabdeh icra qeydlərini icra edərək tələbkara ödəməli olduğu kredit borclarını ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İcra məmuru iddiaçıya bildirmişdir ki, hazırkı kredit borclarının ödənilməsi barədə məhkəmə qətnamələri yoxdur, sadəcə icra qeydləri olduğuna görə icra məmuru borclu şəxs Cavabdeh barəsində məcburi icra tədbirləri həyata keçirə bilmir. Nəticədə iddiaçı kredit borcunun ödənilməsi tələbi barədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl kredit borclarının ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə pretenziya məktubu ilə iş üzrə cavabdeh olan borclu şəxs X4 rəsmi qaydada müraciət etmiş, lakin heç bir cavab ala bilməmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Mülki Prosessual Məcəllənin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı tələblə iddiaçı notarius tərəfindən verilmiş icra qeydlərinin ləğv edilməsini və kredit müqavilələri üzrə borcun tutulmasını xahiş edir. Hansı ki, icra qeydi borcun icra qaydasında tutulması üçün iddiaçının müraciəti əsasında verilmişdir. İddia tələbinin ilk hissəsi də icra qeydinin tələbkar tərəfindən məhkəmədə mübahisələndirilməsi ilə bağlıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qeyd olunan qanundan göründüyü kimi, icra qeydi ilə bağlı tələbin tələbkar tərəfindən məhkəmədə mübahisələndirilməsi istisna edilmişdir. Məhkəmə qeyd edir ki, icra qeydi tələbkarın müraciəti əsasında notarius tərəfindən verilən icra sənədidir. Həmin icra sənədinin geri qaytarılması və ya ləğv edilməsi üçün tələbkar müvafiq olaraq icra qurumuna və ya icra qeydini verən notariusa müraciət etmək hüququna malikdir. Məhkəmə, həmçinin bildirir ki, icra qeydinin ləğv edilməsi ilə bağlı cavabdeh BBB qızı səlahiyyətli subyekt olmadığı halda, iddiaçı tərəfindən həmin tələb ona qarşı yönəldilmişdir. Məhkəmə iddia tələbinin kredit müqavilələri üzrə borcun tutulması ilə bağlı isə aşağıdakıları qeyd edir. Borc münasibətlərin irəli gələn iddia tələblərinin verilməsinin mahiyyəti mübahisə olunan borc məbləğinin məhkəmə aktı ilə müəyyən edilməsi və icra edilmədiyi halda həmin məhkəmə aktı əsasında icra sənədi verilməklə onun icraya yönəldilməsindən ibarətdir. Hazırkı halda, mübahisəsiz olan kredit müqavilələri üzrə borc məbləğlərinin icra qaydasında tutulması üçün icra sənədi sayılan icra qeydi verilmişdir. Həmin icra sənədi əsasında aidiyyəti icra qurumu tərəfindən müvafiq icra hərəkətləri aparılır. Ona görə də, icra sənədi verilmiş borc məbləğinin yenidən məhkəmə qaydasında tutulmasının tələb olunması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, icra qeydinin verilməsi və məhkəmədən kənar ləğv edilməsi tələbkarın iradə ifadəsi ilə həyata keçirildiyindən, eyni zamanda borcun tutulması ilə bağlı icra sənədi mövcud olduğundan iddiaçı tərəfindən irəli sürülmüş tələblərə hazırkı əsaslarla məhkəmə qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin məhkəmə qaydasında baxılması qeyri-mümkün olduğundan, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, icra sənədinin geri qaytarılması və ya ləğv edilməsi üçün müvafiq olaraq icra qurumuna və ya icra qeydini verən notariusa müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı AAA oğlunun cavabdeh BBB qızına qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-4088/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4088/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver