Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4089/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 3453.99 manat ödəniş etmiş və оnun iddiaçıya 4846.01 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 115 gün üçün hesablanmış faiz borcu 314.29 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 115 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 75.98 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbi: Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4846.01 manat məbləğində kredit bоrcu, 314.29 manat məbləğində faiz bоrcu və 75.98 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5236 (beş min iki yüz otuz altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində bоrcun və ödənilmiş 72.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, kredit götürdüyü vaxtda işləyirdi. Axırıncı ödənişi təxminən 4-5 ay əvvəl etmişdir. İşləməyə başlayandan sonra ödəməyə davam edəcəkdir. Cavabdeh yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixdə ünvanladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC-nin OUT-2025/05/16-151 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4846.01 manat əsas, 314.29 manat faiz və 75.98 manat cərimə, ümumilikdə 5236.28 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, İddiaçı QSC Cavabdeh borcu ödəməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən 72.37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. (dərc edilmə tarixi 31 mart 2023-cü il) Tərəflər arasında hüquq münasibətləri xx.xx.2023-cü il tarixdə, yəni Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərdən əvvəl yarandığından, Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya)
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir Göründüyü kimi, iddiaçı bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarınə nəzərə almaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 75.98 manat məbləğində deyil, 15 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, 4846 (dörd minsəkkiz yüz qırx altı manat) manat borc, 314.29 (üç yüz on dörd manat iyirmi doquz qəpik) faiz borc və 15 (on beş) manat cərimə, ümumilikdə, 5175.29 (beş min yüz yetmiş beş manat, 29 qəpik) manat borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 72 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4846 (dörd min səkkiz yüz qırx altı manat) manat borc, 314.29 (üç yüz on dörd manat iyirmi doquz qəpik) faiz borc və 15 (on beş) manat cərimə, ümumilikdə, 5175.29 (beş min yüz yetmiş beş manat, 29 qəpik) borc, 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva