Məhkəmə qərarları › İş №e-2(006)-4090/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4090/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4090/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi – X2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun olmaması və sair» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun olmaması və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə Mərkəzləşdirlmiş kredit reyestrinə və Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumatın verilməsi və buna dair Arayışın iddiaçıya verilməsi, iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi barədə Arayışın iddiaçıya təqdim edilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi ziyana görə 10000 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2008-ci il tarixdə iddiaçı cavabdehin Yasamal Flilalına müraciət edərək 5000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli bank çıxarşından da görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, sonuncu ödənişi xx.xx.2011-ci il tarixdə etməklə banka olan kredit borcunu tam qaytarmış, heç bir borcu qalmamışdır. 2021-ci il tarixdə sahibkarlıq fəaliyyəti üçün kredit götürülməsi məqsədi ilə başqa banklara müraciət edilmişdir. Kredit verilməsindən imtina edilmişdir və səbəbi araşdırıldıqda bildirilmişdir ki, kredit reyestrində gecikmiş kredit borcunun olması səbəbindən kredit tarixçəsi qənaətbəxş hesab edilməmişdir. Qeyd edilən tarixdə borcun olmaması bildirilsə də, buna əhəmiyyət verilməmişdir. Bununla əlaqədar Kredit Bürosuna müraciət olunaraq çıxarış əldə edilmişdir. Çıxarışdan məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə adına kredit verilmişdir, kredit borcu üzrə 1295 manat, faiz borcu üzrə 3352,14 manat borc olması qeyd edilmişdir. Qeyd edilən kreditin verilməsindən, məbləğindən məlumatı yoxdur. Bununla əlaqədar cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, 2008-ci il tarixli kredit müqaviləsi üzrə borc qaldığı qeyd edilmişdir. 2008-ci il tarixli kredit müqaviləsi üzrə heç bir bocu qalmamış, götürülmüş kredit üzrə bütün borclar ödənilmişdir. Bu günədək də hər hansı borcun olmasına dair bir dəfə belə olsun ona müraciət edilməmişdir. Təkrar olaraq banka müraciət edilərək adına kredit borcu yazan şəxslərin araşdırılaraq barələrində müvafiq tədbir görülməsi və buna dair arayış təqdim edilməsi, Mərkəzləşmiş kredit reyestrində gecikmiş kredit borcumun olmamasına dair qeydlər aparılmasının təmin edilməsi və buna dair arayış verilməsi, adıma yeni kredit götürülməsi üçün köməklik edilməsi və buna dair zəmanət verilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə Ərizəsinə aidiyyəti olmayan natamam formada cavab yazlılmışdır. Cavab məktubunda qeyd edilmişdir ki, Müqavilə üzrə ödənilmiş borc 14 yanvar 2016-cı il tarixdə ümidsiz aktivlərə aid edilərək balansdan kənar hesaba silinmişdir. Sual olunur söhbət hansı borcdan gedir, hansı borcu ümidisiz aktivlərə aid etmisiz. Olmayan hansı borcdan yazılır. Həmin dövrdə borc deyilən bir məbləğ olmamışdır. Bank cavab olaraq məktubunda qeyd edilən səbəbdən kreditin verilmə tarixinin fərqli əks olunduğunu bildirir. Hansı kredit nəzərdə tutulur. Cəmi bir dəfə kredit götürüb 2008-ci il tarixdə borcunu da ödəyib. 4647,14 manat qalıq borc məbləği vardır. Hansı kredit üzrə, hansı borc üzrə yazılmır. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, heç bir borc yoxdur, olmayıb, bankın bu hərəkəti nəticəsində kredit tarixçəsi korlanmış, sahikarlıq fəaliyyəti üçün götürmək istədiyi kreditlərdən bütün banklardan imtina edilir. Cavabdeh tərəfindən ona məlum olmayan səbəblərdən yaradılan vəziyyət cavabdehin sahibkarlıq fəaliyyətinə sərmayə qoyulmasına, inkişaf etdirməsinə mane olmaqla iflic vəziyyətə salır. Bank qarşısında olan öhdəlikləri 2011-ci il tarixdə icra etməsinə baxmayaraq cavabdeh yaratdğı vəziyyəti düzəltmək əvəzinə aidiyyəti olmayan cavablarla bundan imtina edir. Cavabdehin əsassız hərəkətləri nəticəsində kredit tarixçəsi korlanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq banklardan kredit ayrılmasından imtina edilir. Cavabdehin qanuna zidd əməlləri nəticəsində nə fiziki şəxs, nə də ki fərdi sahibkar olaraq digər banklar trəfindən kreditlərin verilməsindən imtina edilmiş, hələ bu azmış kimi cavabdeh üzrxahlıq eləmək əvəzinə olmayan borcun ödənilməsini tələb edir. Yaradılan süni vəziyyət nə iş görməyə, nə layihlərdə iştirak etməyə imkan verməmişdir. Bu isə həm maddi həm mənəvi ziyan vurmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bank ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixli, 2335 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla 5000 AZN məbləğində kredit verilmişdir. Hazırda iddiaçı həmin kredit üzrə borcunun tam ödənildiyini bildirərək bu səbəbdən reyestrdən kredit barədə məlumatların silinməsini tələb edir. İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə borcun onun tərəfindən tam ödənildiyini bildirsə də, qeyd olunan hal təsdiqini tapmır. Belə ki, həmin kredit müqaviləsi üzrə borc tam ödənilmədiyindən Azərbaycan Respubikasımn Mərkəzi Bankının həmin dövrdə qüvvədə olmuş xx.xx.2013-cü il tarixli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən X3 xx.xx.2015-ci il tarixli 37 nömrəli qərarı ilə bir neçə ödənilməmiş ümidsiz kredit balansdan silinmişdir. Həmin siyahıda İddiaçı tərəfindən götürülmüş yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə qalıq borc da mövcud olmuşdur. Qeyd olunan kredit balansdan silinərkən mərkəzləşdirilmiş kredit reyestrində verilmiş kredit silinmiş, həmin tarixə mövcud olunan borc yeni tarixli öhdəlik kimi reyestrə daxil edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2016-cı il tarixdə hesaba mədaxil olunmuş 1295 manat və 1811,95 manat vəsaitin təyinatı (MSH 37 xx.xx.2015 silinme) - yəni, Müşahidə Şurasının 37 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı əsasında silinmədir. Həmçinin çıxarışdan görünür ki, müqavilə üzrə borc balansdan silinən tarixədək kredit üzrə 5025 manat vəsait ödənilmişdir. Həmin vəsaitdən 3997,36 manatı əsas borca, 1027,64 manatı faiz borcuna silinmişdir. Buradan da müəyyən olunur ki, nəinki kredit müqaviləsi üzrə hesablanmış borc tam ödənilməmiş, hətta verilmiş 5000 manat məbləğində vəsait tam şəkildə qaytarılmamışdır. Həmçinin iddiaçının mənəvi zərərin ödənilməsinə dair tələbi də tam əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu zərərin nədən ibarət olmasını qevd etməmişdir. Bank tərəfindən iddiaçının əmlakına və şəxsiyyətinə ziyan vurulmamışdır. Hal-hazırda mülki hüquq pozuntusu olmadığı üçün iddiaçının mənəvi zərər tələb etməsi də əsassızdır. Belə ki. Mülki Məcəllənin 1097.1-ci maddəsində qevd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və va əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun tələbindən aydın olur ki, zərər, mülki hüquq pozuntusunun nəticəsində yaranır və mövcud olur. Mülki hüquq pozuntusu yoxdursa, deməli obyektiv mənada zərər də yoxdur. İddiaçı ərizəsində qeyd etdiyi mənəvi sarsıntıların nədə ifadə olunduğunu bildirməmiş, bu hərəkətlərin onun fiziki və pisixoloji sağlamlığına vurduğu zərərin nədən ibarət olmasını qeyd etməmişdir. Eyni zamanda Bankın hərəkəti ilə iddiaçı tərəfindən iddia olunan zərər arasında hec bir səbəbli əlaqə mövcud deyil. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən və mənəvi və fiziki iztirablar formasında ifadə olunan zərər iş üzrə məhkəmə araşdırmasının predmetidir və iddiaçı qeyd etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Bundan başqa Bank tərəfindən heç bir halda iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol verilməmişdir. İddiaçı özünə dəymiş mənəvi zərərin miqdarını 10000 manat olaraq müəyyən etmişdir. Lakin o. bu məbləği qeyd edərkən hansı ölçü meyarından istifadə etdiyini, məhz 10000 manat mənəvi zərərin hesablanmasına əsas olan hansı mənəvi və fiziki iztirablar keçirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Həmin hissədə də iddiaçının iddiası tam əsassızdır və şəxsi mülahizələrə əsaslanır. Bu mülahizələrin heç bir qanuni əsası yoxdur. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdehin xx.xx.2022-ci il tarixli 125000/1-02-2840 saylı məktubundan görünür ki, iddiaçının Bankın “28 May” filialı arasında 24 oktyabr 2008-ci il tarixdə 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabmdan akseptsiz qaydada tutula (şilinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabında bloklaşdırıla bilər. Müqavilədə faiz tətbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Müqavilə üzrə ödənilməmiş borc 14 yanvar 2016-cı il tarixdə ümidsiz aktivlərə aid edilərək balansdankənar hesaba silinmişdir. Bu səbəbdən kreditin verilmə tarixi fərqli əks olunur. Cari günə ümumi borc üzrə qalıq məbləği 4647,14 manat təşkil edir. xx.xx.2021-ci il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1295 manat, faiz məbləği 3352,14 təşkil edir. xx.xx.2022-ci il tarixli 157000/1-5440 saylı arayışdan görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə borcu 1295 manat əsas borc, 3352,14 manat faiz borcu təşkil edir. Cavabdehin 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən cavabdehdən 5000 manat məbləğində götürülmüş kredit xx.xx.2009-cu ildə tam bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə borcun tam ödənilməsinə istinad etməklə bu barədə məlumatın Kredit Bürosuna təqdim edilməsini tələb edir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə cavabdehə əsas kredit məbləği üzrə 1295 manat, faiz üzrə 3352,14 manat borcunun olması müəyyən olunmuşdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar