Məhkəmə qərarları › İş №e-2(006)-4099/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4099/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4099/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 182,66 manat dövlət rüsumunun Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən borcalan Cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə İddiaçı ASC-yə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar İddiaçı ASC tərəfindən Cavabdeh müraciət edilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Cavabdeh 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASCyə ödənilməmiş 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat borcu vardır.

3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 182,66 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın kredit müqaviləsinin təminatı olaraq olaraq bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/15 AK nömrəli sabit girov müqaviləsinə əsasən Cavabdeh məxsus “Mercedes-Benz C- 280” minik markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib bildirdi ki, bu kreditin məqsədli təyinatı istehlak krediti olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil bildirdi ki, kredit istehlak məqsədilə götürülmüşdür. İddianı qəbul etməyib, tələb üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. İddiaçı ASC (Bank) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank Borcalana maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə 26 yanvar 2016-cı il tarixədək 16000 (on altı min) manat məbləğində kredit xətti açır. Kreditdən istifadəyə görə Borcalan Banka illik 24 % olmaqla faiz ödəməlidir.

9. İddiaçı ASC (Bank) ilə Cavabdeh (Girov qoyan) arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/15 AK nömrəli sabit girov müqaviləsindən görünür ki, Girov qoyan 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “Mercedes Benz C-280” minik markalı **-CO-*** dövlət nömrə nişanlı minik avtomobilini Bank qarşısında girov qoymuşdur.

10. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2015-ci il tarixli AA seriyalı 118729 nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C-280” minik markalı **-CO-*** dövlət nömrə nişanlı minik avtomobili 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C-280” minik markalı **-CO-*** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi Cavabdehdur, şəhadətnamədə ipoteka barədə xüsusi qeyd aparılmışdır.

12. Cavabdeh məxsus hesabdan xx.xx.2015-xx.xx.2017-ci illəri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “əsas borcun qismən ödənişi” təyinatı ilə 40,24 manat məbləğində ödəniş edilmişdir.

13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3619/2016 nömrəli qərarından görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

14. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, L PO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “pul” tələbinə dair 2(110)-690/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixdə qəbul olunmuş məhkəmə qərarının ona təqdim edilməsini Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsindən xahiş etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə 2(110)-690/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı göndərilmişdir. Həmin qərardaddan görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi xx.xx.2016-cı il tarixdə məhkəməyə daxil olmuş, istinad olunan qərardadla isə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

15. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e-2(110)-333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

16. xx.xx.2024-cü il tarixli bildirişdən və xəbərdarlıqdan görünür ki, Cavabdeh 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit müqaviləsi üzrə borcun 3 (üç) gün müddətində banka ödənilməsi və ya ipoteka predmetlərinə tutmanın yönəldilməsinin təmin edilməsi üçün xəbərdar edilmişdir.

17. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat borcu mövcuddur.

18. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh məxsus “Mercedes Benz C280” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi üçün bildirişin qeydiyyata alınmasını Azərbaycan Respublikası DİN BDYPİ-dən xahiş etmişdir.

19. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 182.70 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə - xx.xx.2016-cı il tarixədək, illik 24 % ödəmək şərtilə 16.000 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflər arasında müqavilə üzrə öhdəliklərin təminatı kimi cavabdehə məxsus nəqliyyat vasitəsinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi də bağlanmışdır.

21. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 40,24 manat məbləğində ödəniş edilmiş, xx.xx.2016-cı il tarixdə bank cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə ilk dəfə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir.

22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə bank məcburi ləğv edilərək, ləğvedici təyin edilmişdir.

23. Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, bank xx.xx.2022-ci il tarixdə həmin məhkəmə işi üzrə yekun qərarın surətinin ona göndərilməsi ilə bağlı məhkəməyə müraciət ünvanlamış, məhkəmə xx.xx.2023-cü il tarixli məktubla həmin qərardadı banka göndərmişdir.

24. Bundan sonra bankın ləğvedicisi xx.xx.2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

25. Bankın ləğvedicisi xx.xx.2024-cü il tarixdə cavabdehə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməsi ilə üçün bildiriş, xx.xx.2024-cü ildə müvafiq orqana ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydiyyata alınması məqsədilə məktub göndərmiş, nəhayət, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

26. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutularaq bankın xeyrinə ödənilməsini, borc üzrə tutmanın ipoteka predmetinə yönədilməsini; cavabdeh isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

27. Məhkəmə hesab edir ki, bankla cavabdeh arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, bank müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə banka borcu yaranmışdır. Deməli, iddia tələbi əsaslıdır.

28. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin araşdırılmasına zərurət yaranmış və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir.

29. Belə ki, müqavilə xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2016-cı ildə başa çatmışdır (müqavilə üzrə sonuncu dəfə xx.xx.2015-ci ildə - elə müqavilə müddətində ödəniş edilmişdir).

30. xx.xx.2016-cı ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2016-cı ildə bankın cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə iddia müddətinin axımı kəsilmiş (5 ay 16 gün keçdikdən sonra), lakin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıldığından, deməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

31. xx.xx.2019-cu ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir.

32. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, bank iddia müddəti bitəndən (xx.xx.2019-cu ildən) 4 il 3 aydan çox vaxt keçəndən sonra hazırkı iddia ərizəsi ilə əvvəlcə Şərur Rayon Məhkəməsinə, həmin məhkəmə tərəfindən ərizə geri qaytarıldığına görə isə (ondan 6 ay sonra) xx.xx.2024-cü ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut və müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Bank 2016-cı ildə baxılan iş üzrə qətnamə qəbul edildiyini hesab etdiyini, buna görə hərəkətsiz qaldığını bildirsə də, bu hallar məhkəməyə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi və ya ümumiyyətlə, ötürülməməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır.

33. Həmçinin, qeyd edilməlidir ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, deməli, əlavə tələb olan girov – ipoteka üzrə də iddia müddəti keçmişdir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddə. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 372-ci maddə. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddə. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddə. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddə. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-377.2-ci maddə. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddə. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddə. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddə. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddə. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddə. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (müqavilə bağlanan vaxt qüvvədə olan redaksiyada). 448.1-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddə. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

37. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

40. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar