Məhkəmə qərarları › İş №e-2(006)-4104/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4104/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4104/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı hesabdan geri çəkilmiş vəsaitin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı hesabdan geri çəkilmiş vəsaitin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, o, "xxxx" Kommersiya Bankı ASC-yə məxsus olan ”Leo Bank” (ümumilikdə olaraq “Leo Xidmətləri” kimi təyin olunub) müştərisidir və həmin bankda biznes kartı mövcuddur. Onunla cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin arasında mövcud olan 25.12.24-cü il tarixli kredit xidmətləri müqaviləsinə əsasən, 2025-ci ilin 13 iyun tarixində bank tərəfindən onun **********001169 nömrəli kart hesabına 12.000 (on ikimin) manat vəsait köçürülmüşdür. Leobank mobil tətbiqi ilə cavabdeh tərəf bu barədə ona məlumat verərək kredit limitini 15.000 manata qədər artırdığını əvvəlcədən məlumat vermiş və qarşılıqlı razılıq əsasında kredit limitini artırımışdır. O, bu xəbəri məmnuniyyətlə qarşılamış və planlar qurmuşdur. Həmin məbləğlə evində təmir işlərinə başlamaq niyyətində olmuş, köçürülmüş vəsaitdən təxminən 3300 (üç min üç yüz) manatını nağdlaşdıraraq biznes ideyanı reallaşdırmaq məqsədi ilə avadanlıqlar sifariş etmişdir. Bir müddət sonra cavabdeh heç bir xəbərdarlıq və arasında razılıq olmadan Leobank mobil tətbiqində mövcud olan **********001169 nömrəli kart hesabından həmin pulu birtərəfli qaydada geri çəkmiş və yalnız onlayn bank tətbiqində bildiriş göndərərək, texniki səhv baş verdiyini və guya bu səbəbdən limitin artırıldığını bildirmişdir. Bank, xidməti müqavilə ilə çalışdığını və maliyyə vəziyyətini bilə-bilə əvvəlcə limiti artıraraq onu aldadıcı vəziyyətə salmış, sonradan isə birtərəfli qaydada pulu geri çəkmişdir. Əlavə olaraq, "xxxx" Kommersiya Bankı ASC onun təxminən 1 ildir ki, işsiz olduğunu əvvəlcədən bilirdi. Bank onun hazırki maliyyə vəziyyətini, gəlir və məşğulluq statusunu yoxladıqdan sonra kredit limitini artırmış və bu barədə heç bir məhdudiyyət və ya irad bildirməmişdir. Hazırda bununla bağlı bir neçə suallar mövcuddur. 1 . Əgər bank kredit limitini artıran zaman müştərinin maliyyə imkanlarının qeyri-stabil olduğunu nəzərə alırdısa, hansı əsasla və hansı məsuliyyətə söykənərək kredit limitiniartıraraq mənə vəsait köçürüb? 2. Əgər bu, texniki səhv idisə, nə üçün əvvəlcədən müştəri olaraq ona bu barədə rəsmi məlumat verilməmiş, vəsait köçürülmüşdür? O, həmin məbləği şəxsi planlar quraraq biznes ideyalarının reallaşdırılması məqsədi ilə xrəclənməsini nəzərdə tutsa da, cavabdeh bu planları alt-üst etmişdir. Bu hal ona maddi və mənəvi zərər vurmuşdur. O, həmin vəsaiti əsas götürərək şəxsi planlar qurmuşdur, lakin qəfil və əsassız şəkildə vəsaitin geri alınması nəticəsində çətin vəziyyətə düşmıdür. Bu məsələ həm də bankın öz öhdəliklərinə və müştəriyə qarşı etibarlılığına ciddi zərbə vurmuş oldu. Nəticə olaraq o, öz şəxsi büdcəsində olan vəsaiti öncədən sifariş etdiyi avadanlıqların alışına xərcləməli olmuşdur. Bununla da, onun maliyyə imkanların pis vəziyyətə düşmüşdür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı: Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Cavabdeh "xxxx" KB ASC isə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. İddia ərizəsinin məzmunundan, habelə işdə olan sənədlərdən də iddiaçının mübahisələndirdiyi məbləğin ona biznes krediti kimi ayrılması müəyyən edilir. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı hesabdan geri çəkilmiş vəsaitin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar