Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4126/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılaraq cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş övladları - xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh aylıq gəlirlərinin və digər qazancının 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin, həmçinin mediasiya arayışının alınmasına görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun, vəkilə ödənilmiş hüquqi xidmət haqqı olan 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3596 nömrəli akt qeydi ilə rəsmiləşdirilən nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 anadan olmuşdur. Lakin ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan tərəflər ayrılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan uşaqların iddiaçının yanında və himayəsində qalması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 750 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan 2022-ci ilin iyul ayından cavabdeh mediasiyaya müraciət edərək, uşaqların saxlanılmasına görə ümumilikdə 1000 manat məbləğində pulu iddiaçıya ödəməyə başlamışdır. Lakin birgə nikah vaxtı uşaqların maddi təminatı yüksək olduğundan onların saxlanılması üçün hər ay 3000 manat xərc çəkmək lazım olur. İddiaçının aylıq gəliri çox azdır, lakin cavabdehin maddi durumu çox yaxşıdır. Belə ki, cavabdeh fərdi bizneslə məşğul olur, əlavə gəlirləri çoxdur, aylıq yüksək gəlir və qazanc əldə edir. Bununla yanaşı, cavabdeh aylıq 5000-6000 manat arası təqaüd alır. Tək və işləməyən qadın üçün aylıq 1000 manatla 3 uşağın saxlanılması çox çətindir. Uşaqların təhsili, həkimi, geyimi və s. aylq 3000 manatdan çox pul tələb edir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılaraq birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehin aylıq gəlirlərinin və digər qazancının 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, mediasiya prosesində iştirak etmək üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 (altmış) manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat olmaqla, cəmi 410 (dörd yüz on) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, o, uşaqların saxlanılması üçün iddiaçıya cəmi 1000 manat məbləğində aliment ödəməyə razıdır. Hazırda başqa şəxslə nikahdadır, həmin nikahdan bir uşağı var, onların xərclərini də özü qarşılayır. Yeganə gəliri isə aldığı təqaüddür, başqa gəliri yoxdur. Buna görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qismən qəbul edib bildirdi ki, qüvvədə olan qətnamə ilə 750 manat məbləğində aliment tutulması qət edilsə də, cavabdeh iddiaçıya 1000 manat məbləğində aliment ödəyir və onun imkanı yalnız 1000 manat aliment ödəməyə çatır. Çünki cavabdeh işləmir, yeganə gəliri isə təqaüdüdür. Cavabdehin başqa ailəsinin olmasının nəzərə alınaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İV seriyalı 429557 nömrəli şəhadətnamədən görünür ki, X12 21 aprel 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-İV seriyalı 429558 nömrəli şəhadətnamədən görünür ki, X10 10 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-İV seriyalı 429559 nömrəli şəhadətnamədən görünür ki, X11 18 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X8 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət sarayında 3596 nömrəli aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları X2 yanında qalmaları, onların saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 “Hüseynzadə”dən “Əliyeva”ya dəyişdirmişdir. Nikah haqqında AZ-İİ seriyalı 331511 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 nikahı Səadət Sarayı (Bakı Nikah evində) xx.xx.2019-cu il tarixdə 319 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında AZ-İV seriyalı 861034 nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.2023cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X9r. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 50 (əlli) manat rüsum ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-01455 nömrəli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci olmaqla, cəmi 60 manat İMS xərci ödənilmişdir. Bakı şəhəri 17 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli EM-1822VK-4044/2024 nömrəli müqavilədən görünür ki, Vəkil1 ona həvalə edilən tapşırıq əsasında müraciət edən şəxs İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəs., bina 3, Blok 1, 415 nömrəli, 2 otaqdan ibarət, ümumi sahəsi 75.75 kv.m olan mənzilin əldə edilməsinə görə 120.000.00 (bir yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə bank qarşısında icra edilməmiş 118.125.68 (bir yüz on səkkiz min yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat əsas borc, 206.72 (iki yüz altı manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 118.332.40 (bir yüz on səkkiz min üç yüz otuz iki manat qırx qəpik) manat kredit öhdəliyi mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 08 avqust 2024cü il tarixli arayışından görünür ki, Cavabdeh Nazirliyin “Əmək və Məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh yaşa görə aylıq əmək pensiyasının məbləği 5.447,08 manat (beş min dörd yüz qırx yeddi manat səkkiz qəpik) təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin izahatına əsasən, cavabdehin 2022-ci ilin İİ yarısından etibarən iddiaçıya 1.000 manat məbləğində aliment ödəməsi müəyyən edilmişdir. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdeh tərəfindən könüllü qaydada ödənilən 1.000 manat məbləğində alimentin onların tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini, özünün qazancının az, cavabdehin aylıq gəlirinin isə çox olduğunu bildirərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq (tutulması qaydası dəyişdirilməklə), hər ay cavabdehin qazancının və digər gəlirlərinin ½ hissəsi miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə tələb edilən məbləğdə alimenti ödəməyə imkanı olmadığını, yeganə gəlirinin təqaüdü olduğunu, aylıq 1.000 manat məbləğində aliment ödəməyə razı olduğunu, başqa gəlir yeri olmadığını, yenidən ailə qurduğunu və həmin nikahdan bir uşağı olduğunu bildirərək, iddia tələbini qismən qəbul edir və alimentin 1.000 manat sabit pul məbləğində tutulmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbi mahiyyətcə alimentin tutulma qaydasının dəyişdirilməsinə uyğun gəlsə də, onun əsaslandırması və istinad etdiyi hallar, həmçinin, tələbinin məqsədi alimentin artırılmasına uyğun olduğuna görə məhkəmə hazırkı tələbi elə alimentin artırılması kimi qəbul edərək qiymətləndirir. Tələblə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı əvvəllər qətnamə ilə müəyyənləşdirilmiş 750 manatın, habelə sonradan cavabdehlə olan razılığa əsasən cavabdeh tərəfindən ödənilən 1.000 manat sabit pul məbləğində alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüş, sonradan tərəflər də öz aralarında bu barədə razılığa gələrək, alimentin məbləğini 1.000 manat müəyyənləşdirmişlər. Lakin hazırda uşaqların böyüməsi ilə əlaqədar xərcləri artmış, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin aylıq yeganə qazancı olduğunu iddia etdiyi təqaüd məbləğinin kifayət qədər (5.447,08 manat) olması müəyyən edildiyindən, onun tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olmaması və başqa ailəsinin olması (həmçinin, kredit öhdəliyinin olması və s.) barədə dəlilləri iddianın onun razı olduğu formada – 1.000 manat sabit pul məbləğində təmin edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, ailə qanunvericiliyi aliment tutulmasını tələb edən şəxsə seçim hüququ verir ki, aliment həmin şəxsin xahişi ilə sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilsin. Yəni bu barədə tələbə dair məhkəmə qətnaməsi cavabdehin deyil, iddiaçının xahişi əsasında uşaqların üstün mənafeyi əsas götürülməklə qəbul edilir. Cavabdehin aldığı təqaüdün məbləği nəzərə alındıqda, iddiaçı ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan 3 uşağın saxlanılması üçün həmin gəlirin ½ hissəsi tutulduqdan sonra (5.447,08 x 1 / 2 = 2.723,54 manat) qalan məbləğin onun digər ailəsini saxlaması və xərclərini qarşılaması üçün kifayət etməsi ağlabatan hesab olunur. Həmçinin, onun aylıq stabil qazancının (təqaüd) olması müəyyən edildiyinə görə, iddiaçının hazırkı ərizə ilə cavabdehin qazancının müəyyən hissəsi kimi alimentin tutulması barədə tələbinin təmin edilməsini istisna edən hal müəyyən edilmir, tələb edilən aliment məbləği isə uşaqların mənafeyinə uyğun hesab edilir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə, həmçinin, hesab edir ki, uşaqların iddiaçının himayəsində qalması onlara qulluq, uşaqların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, iddiaçı tərəfindən tələb edilən məbləğdə alimentin cavabdehdən tutulmasına əsas hesab olunur. Beləliklə, bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq (tutulma qaydası dəyişdirilməklə), xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ½ (ikidə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi ədalətli və məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də, göründüyü kimi, iddiaçının vəziyyətində dəyşiklik olmuş, yəni artıq illər keçdiyi üçün uşaqların artan tələbatını qarşılamaq çətinləşmiş, deməli, iddiaçının qayğıları artmışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik dedikdə hazırki işdə iddiaçının maddi vəziyyətinin pisləşməsi nəzərə alınır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 76.1.1, 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.13-8.14-cü bəndlərində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı (tutulması qaydası dəyişdirilməli), xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 10 (on) manat məbləğində pul İddiaçı geri qaytarılmalı və iddia təmin edildiyindən, məhkəmə xərcləri kimi ödənilmiş 100 (bir yüz) manat və hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 114.1 və 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2548/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın (tutulması qaydası dəyişdirilsin). xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə artıq ödənilmiş 10 (on) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Məhkəmə xərcləri kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4126/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4126/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver