Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4141/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 əmlak kompleksinə daxil olan transformator qurğusundan istifadə etməyinə cavabdeh "xxxx" ASC tərəfindən törədilən maneənin aradan qaldırılması və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilən 100 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin xx.xx.2025 tarixli **********25-12301 nömrəli çıxarışı ilə ünvan 1 ünvanda yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Həmin əmlak kompleksinin texniki sənədi olan torpaq sahəsinin planından göründüyü kimi kompleksin ərazisində elektrik enerjisi transformatoru vardır. Transformator qurğusu həmin əmlak tərəfimdən satın alınan zaman əmlak kompleksinə məxsus idi və həmin kompleksə daxil idi. Lakin istifadə hüquqlarının həyata keçirilməsinə mülkiyyətçi olmayan kənar şəxs olan cavabdeh "xxxx" ASC tərəfindən əsassız maneələr törədildiyindən iddiaçı mülkiyyətçi kimi həmin transformator qurğusundan istifadə edə bilmir. "xxxx" ASC-nin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətçi kimi həmin transformatordan istifadə etmək hüququ, yəni əmlak hüquqları məhdudlaşdırılır. Odur ki, iddiaçının əmlak hüquqları pozulduğundan transformator qurğusundan istifadə hüququna maneənin aradan qaldırılması barədə iddia tələbi təmin edilməlidir.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan ünvan 1 əmlak kompleksinə daxil olan transformator qurğusundan istifadə etməyinə cavabdeh "xxxx" ASC tərəfindən törədilən maneənin aradan qaldırılması və mülkiyyətində olan obyektin həmin transformatora qoşulmasını təmin edən texniki şərtin iddiaçıya "xxxx" ASC tərəfindən verilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, sahibkar olaraq həmin obyekti təmir etdirib hamam kimi istifadəyə verəcəkdir. Fiziki şəxs olaraq VÖEN-i mövcuddur. İşin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz edir.
5. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, işin aidiyyəti üzrə düzgün məhkəmədə baxılması əhəmiyyətli məsələdir. Buna görə də işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tərəflərin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: Fəaliyyətini müvəqqəti dayandırmış) xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, əsas fəaliyyət növünü komputer sahəsində faəliyyət təşkil edir.
8. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Muxtar Avşarov küçəsi, 9A ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 1159.5 kv.m olmaqla İddiaçı və X2 ½ pay hüququ olmaqla xüsusi mülkiyyətlərindədir.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********47-12301 reyestr nömrəli Texniki pasportdan görünür ki, Əmlak kompleksinin adı Hamam, ünvanı ünvan 2, sorğuya cavab, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər və s. əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh kommersiya hüquqi şəxsidir. Deməli, hazırkı mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.
12. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, tərəflərin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlar və təqdim edilən sənədlər əsasında müəyyən edilir ki, iddiaçıya məxsus əmlak kompleksi təmir edilib hamam kimi istifadəyə veriləcəkdir. Daşınmaz əşyanın Texniki pasportundan da görünür ki, əmlak kompleksinin adı hamamdır. Yəni qeyd olunan daşınmaz əşyanı iddiaçı gəlir əldə etmək məqsədi ilə almış və bu məqsəd üçün istifadə edəcəkdir. Hər kəsə məlum olan haldır ki, hamamdan yaşayış məqsədilə istifadə edilməsi ağlabatan deyildir. İddiaçı hazırda sahibkarlıq fəaliyyətini normal formada həyata keçirmək məqsədilə əmlak kompleksinə daxil olan transformatordan istifadə etmək üçün maneələrin aradan qaldırılmasını xahiş edir. Yəni iddiaçının iddia tələbinə görə cavabdehin iddiaçıya maneələr yaratması onun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə də mane olur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
13. Məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyəti iddiaçının ona məxsus olduğunu iddia etdiyi transformatordan istifadə etməsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasından və obyektin həmin transformatora qoşulmasını təmin edən texniki şərtin cavabdeh tərəfindən iddiaçıya verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, qeyd olunan iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğuna görə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır.
14. Qeyd olunanlardan müəyyən edilir ki, iddia tələbi həm məhkəmə aidiyyəti, həm də ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməmişdir.
c) Tətbiq edilən hüquq və gəlinən nəticə:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Maddə 34. Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Maddə 39.1 Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
17. Beləliklə, hazırkı iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması, eyni zamanda iddia ərizəsi məhkəməyə verilərkən müstəsna aidiyyət qaydalarına əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aidiyyəti Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır.
18. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair mülki iş məhkəmə və ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
Nəticə:
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32, 39 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova