Məhkəmə qərarları › İş №e-2(006)-4146/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4146/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4146/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.122,47 ABŞ dolları əsas borc, 3.488,81 ABŞ dolları faiz, 6.905,17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.176,33 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 190,43 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 457634 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 13.688,44 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1 USD = 1,40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. ZM- 457634 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 2/2/71912207-USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 12.750 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 12.750 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Hazırda Bank tərəfindən 457634 nömrəli xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 19.692,78 ABŞ dolları təşkil edir. Bundan 8.122,47 ABŞ dolları əsas, 3.488,81 ABŞ dolları faiz, 6.905,17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.176,33 ABŞ dolları faiz təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş və borcun ödənilməsindən yayınmadığını, lakin hazırda həmin məbləği bir dəfəyə ödəməyə imkanının olmadığını və qəbul ediləcək yekun məhkəmə aktının nəticəsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə vəsatətlə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli **********23 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 190,43 manat dövlət rüsumu ödənilmişdir. Kredit və zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərin surətlərində yer alan məlumatlardan görünür ki, İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 457634 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin məbləği 13.688,44 ABŞ dolları təşkil etmiş, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlərin kreditor tərəfindən 1 USD = 1,40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilməsi, kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması, kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli olması şərtləri razılaşdırılmışdır. Eləcə də, ZM-457634 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsinə zamin durmuşdur. 19 sentyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 12.750 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə İddiaçı ASC-nin Nəsimi filialından təhvil götürmüşdür. 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə 19 may 2025-ci il tarixə 8.122,47 ABŞ dolları əsas borc, 3.488,81 ABŞ dolları faiz, 6.905,17 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.176,33 ABŞ dolları faiz borcunun olduğu qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, iddiaçı borcluya və zaminə pretenziya qaydasında müraciət edərək, yaranmış öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 160 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.Həmçinin müəyyən edilir ki, borcalanın öhdəliklərinin icrasına Cavabdeh2 zamin durmuşdur. İrəli sürülmüş iddia tələbinə və cavabdehin də bildirdiklərinə əsasən cavabdeh-borcalan tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyi aydındır. Cavabdeh öhdəliyin icrasından yayınmır, lakin hazırda ona qrafik əsasında borcun ödənilməsinə imkan verilməsini xahiş edir. Bununla belə məhkəmə iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir. İddia tələbi üzrə hesablanmış əsas borc məbləği 8122,47 ABŞ dolları və müqavilə müddəti üçün hesablanmış faiz borc məbləği isə 3488,81 ABŞ dolları təşkil edir. Cavabdehlər tərəfindən qeyd edilən məbləğ mübahisələndirilmir və həmçinin işi araşdırılmış hallarına əsasən də qeyd edilən tələbi təkzib edən sübutlar yoxdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği hədsiz yüksək hesablanmışdır və bu hissədə iddia tələbi 100 manat həddində təmin edilməlidir. Habelə məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən müqavilə müddətindən sonrakı müddət üçün əlavə faizlərin tələb edilməsi hissəsini əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor tərəfindən icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış öhdəliyin icrası ilə bağlı borcluya xx.xx.2025-ci il tarixdə bildiriş göndərməklə gecikdirilmiş müddəti 1041 gün hesablamış və müvafiq düstur əsasında 1176,33 ABŞ dollarının ödənilməsini tələbi irəli sürülmüşdür.Göründüyü kimi borclunun icranı gecikdirməsindən asılı olmayaraq kreditor da öz üzərinə düşən vəzifələrini lazımi qaydada icra etməmiş, müvafiq qaydada nə borcluya xəbərdarlıq etməmiş, nə də məhkəməyə belə tələblə müraciət etməmişdir. Məhkəmə xx.xx.2022-xx.xx.2025-ci il tarix aralığı üçün irəli sürülmüş gecikdirmə faizinin ödənilməsi hissəsində tələbi əsassız hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 8.122,47 ABŞ dolları əsas borc, 3.488,81 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 190,43 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.122,47 (səkkiz min bir yüz iyirmi iki dollar, qırx yeddi sent) ABŞ dolları əsas borc, 3.488,81 (üç min dörd yüz səksən səkkiz dollar, səksən bir sent) ABŞ dolları faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.711,28 (on bir min yeddi yüz on bir dollar, iyirmi səkkiz sent) ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 190,43 (bir yüz doxsan manat, qırx üç qəpik) manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar