Məhkəmə qərarları › İş №e-2(006)-415/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-415/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-415/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı «X6» Bakı filialının cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «kredit borcu və ona hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X6» Bakı filialı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «kredit borcu və ona hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə mövcud olan 9.791 manat 37 qəpik əsas borc, 788 manat 97 qəpik faiz olmaqla, cəmi 10.580 manat 34 qəpik pul vəsaitinin və ödənilmiş 121 manat 74 qəpik dövlət rüsumunun cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı «X6» Bakı filialının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı «X6» Bakı filialı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8.761 manat 73 qəpik əsas borc, 190 manat 56 qəpik faiz olmaqla, cəmi 8.952 manat 29 qəpik pul vəsaitinin və ödənilmiş 121 manat 74 qəpik dövlət rüsumunun cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı «X6» Bakı filialının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X6» Bakı filialı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X6» Bakı filialı ilə X5 arasında imzalanmış «09» iyul 2020-ci il tarixli 328 №-li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % olmaqla 36 ay müddətinə 17.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X6» Bakı filialı ilə Cavabdeh3 arasında 515 saylı, Cavabdeh4 arasında 516 saylı və Cavabdeh1 arasında 517 saylı zaminlik müqaviləsi imzalanmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 623.15 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 26 sentyabr 2023-cü il tarixə banka kredit borcu üzrə 26.547,91 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 15.967,57 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29 % ödəməlidir. 26 sentyabr 2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 10.580,34 manat təşkil edir. Bundan 9.791,37 manat əsas borc və 788,97 manat faiz təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. X5 ilə bağlanmış 09 iyul 2020-ci il tarixli 328 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 arasında 515 saylı, Cavabdeh4 arasında 516 saylı və Cavabdeh1 arasında 517 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə iddia ərizəsi verildikdən sonra, 19 oktyabr 2023-cü il tarixdə cavabdehlər tərəfindən banka 2.000 manat ödənilmişdir. Lakin kredit müqaviləsinin müddəti bitmədiyi üçün faiz hesablanması davam etmişdir. Bu səbəbdən, məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim olunmuşdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «X6» Bakı filialı ilə X5 arasında bağlanmış 09 iyul 2020-ci il tarixli 328 saylı kredit müqaviləsindən görünür ki, «X6» Bakı filialı X4 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % olmaqla 17.000 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixli 2023-1566 saylı maliyyə arayışından görünür ki, X3 banka həmin tarixə 8.761 manat 73 qəpik əsas borc, 190 manat 56 qəpik faiz olmaqla, cəmi 8.952 manat 29 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/1473 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 09 iyul 2020-ci il tarixli 328 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X3 09 iyul 2020-ci il tarixli 328 saylı kredit müqaviləsi üzrə 09 iyul 2023-cü il və 16 noyabr 2023-cü il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas kredit borcu – 8.705,37 manat; - faiz – 137,84 manat. xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə): - əsas kredit borcu – 7.175,52 manat; - faiz – 102,25 manat. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 9/5965 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 09 iyul 2020-ci il tarixli 328 nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən X3 xx.xx.2023-cü il tarixə (bildirişin göndərildiyi tarixə) «X6» Bakı filialına olan borcu 8.800,70 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 8.705,37 manat; - faiz üzrə – 10,69 manat; - faiz üzrə (illik 5 %-lə) – 84,64 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış (i.v. – 78) məlumatlarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 2.000,00 manat məbləğində ödəniş edilmişdir ki, həmin məbləğ nəzərə alındığı təqdirdə 6.800,70 manat (8.800,70 – 2.000,00) məbləğində borcu qalacaqdır, o cümlədən: - əsas borc üzrə – 6.716,06 manat; - faiz üzrə – 0,00 manat; - faiz üzrə (illik 5 %-lə) – 84,64 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2020-ci il tarixli 515, 516, 517 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 kredit müqaviləsi üzrə X1 «X6» Bakı filialının qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bildiriş məktublarından görünür ki, «X6» Bakı filialı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə borc alana və zaminlərə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 121 manat 74 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6.716,06 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 91 manatı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı «X6» Bakı filialının xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərci cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehlərin 8761,73 manat əsas borc, 190,56 manat faiz borcu olduğu bildirilsə də, lakin daxil olmuş ekspert rəyində əsas borcun 6716,06 manat, faiz borcunun isə olmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq cavabdehlərdən hesablanmış 6716,06 manat məbləğində əsas borcun tutulmalı olmasını mümkün hesab etmişdir. Digər tərəfdən ekspert rəyində cavabdehlərin illik 5%-lə hesablanmaqla 84,64 manat məbləğində faiz borcu barədə məlumat qeyd edilsə də, iddia tələbində cavabdehlərdən faiz borcu tələb edilmədiyindən, məhkəmə iddia tələbindən kənara çıxmamaqla həmin məbləğin cavabdehlərdən tutulmalı olmaması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6.716,06 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 91 manatı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı «X6» Bakı filialının xeyrinə tutulsun. 50 manat ekspertiza xərci cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar