Məhkəmə qərarları › İş №e-2(006)-4226/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4226/2022

20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4226/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 274 manat 02 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, cəmi 404 manat 42 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən həmin ünvan «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə xx.xx.2010-cu il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 2 ünvanında yerləşən mənzilinin sahibi X1 ilə İddiaçı MMC arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. xx.xx.2014-cü il tarixdə «Ədalət-A» hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan imtina etmiş, bu barədə 0656 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0656 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmışdır. Həmin ünvana xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixdə keçirilən nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə dəfələrlə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 2056 N, 2903 N və 6253 N saylı aktlar tərtib edilmişdir. 6253 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanunpozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0656 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2013-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə 2903 saylı aktın tərtib edildiyi xx.xx.2015-ci il tarixədək olan müddət 535 gün, 6253 N saylı aktın tərtib edildiyi günədək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən sonuncu dəfə təkrar qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2016-cı il tarixədək olan müddət 344 gün olmaqla cəmi 879 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik (535 gün =160,50 manat) və 33 qəpik (344 gün = 113,52 manat) maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 274 manat 02 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC «Ədalət-A» hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, eyni zamanda, mülki iş üzrə iddianı müdafiə edərək, cavabdehin məhkəmə iclasında iştirak etmədiyi və iştirak etməsinin mümkün olmadığı təqdirdə mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi bildirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 0656 N saylı, xx.xx.2014-cü il tarixli, 2056 N saylı, xx.xx.2015-ci il tarixli, 2903 N saylı, xx.xx.2016-cı il tarixli, 6253 N saylı aktlardan görünür ki, ünvan 3 ünvanda «KATV1» kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ev 2561/67 ünvanda yerləşən yaşayış binası «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2010-cu il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri Nizami rayonu E.Süleymanov 2561/67 saylı evin 172 saylı mənzilinin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 göstərilən tarixdə Cavabdeh məxsus olmuşdur. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hazırki iddiası ilə bağlı "xxxx" MMC-yə 100 manat məbləğində pul ödəmişdir. Mülki işin faktiki hallarından göründüyü kimi, iddiaçı, "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 0656 N saylı, xx.xx.2014-cü il tarixli, 2056 N saylı, xx.xx.2015-ci il tarixli, 2903 N saylı, xx.xx.2016-cı il tarixli, 6253 N saylı aktlara əsaslanaraq cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olduğunu bildirmiş və bu əsasla da vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Halbuki, tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 0656 N saylı, xx.xx.2014-cü il tarixli, 2056 N saylı, xx.xx.2015-ci il tarixli, 2903 N saylı, xx.xx.2016-cı il tarixli, 6253 N saylı aktlar hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla qüsurludur. Sözügedən aktların doğruluğu yalnız maraqlı şəxslərin ("xxxx" hüquq firması ilə İddiaçı MMC-nin) nümayəndələri tərəfindən təsdiq edilmiş, aktların tərtib edilməsi zamanı iş üzrə maraqlı olmayan hal şahidləri iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddiaçının vurulmuş zərərin cavabdehdən tutulmasına dair tələbi əsassız olduğundan, iddia tələblərinin digər hissələri (hüquqi yardım xərclərinin tutulması və s.) isə bu tələblə birbaşa əlaqəli olduğundan, iddia digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar