Məhkəmə qərarları › İş №e-2(006)-425/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-425/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-425/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurulmuş zərərin qarşılığı olan avtomobilinə dəymiş maddi ziyan 16679,00 manat məbləğində pulun və amortizasiya dəyərinin aşağı salınmasına görə 3000,00 manat məbləğində pulun, cəmi 19679,00 AZN məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu haqqında qanuna əsasən ödənilmiş 141 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində, İddiaçı “Volksvagen” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu Vaqif prospekti ilə S.Vurğun küçəsi istiqamətində hərəkət edən zaman yolun sol tərəfindən, Xan Şuşinski küçəsi ilə kəsişən hissəsindən “Toyota prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” dayanma nişanının tələbini pozaraq hərəkətinə davam etmiş, iddiaçının avtomobilinə çırpılaraq ona xeyli miqdarda maddi zərər yetirmişdir. Hadisə zamanı iddiaçıya məlum olmuşdur ki, “Toyota prius” markalı avtomobilin sürücüsü Cavabdeh2 adlı şəxsdir. Daha sonra polis idarəsində araşdırma zamanı iddiaçıya “Toyota prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Cavabdeh1 olması məlum olmuşdur. Hadisədən sonra məsələ araşdırılmış və yol-nəqliyyat hadisəsi zamanı iddiaçının hər hansı nöqsanı aşkar edilməmişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən aydın olur ki, “Toyota prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur və o nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 səlahiyyət vermişdir. Cavabdeh2 isə qüsurlu hərəkəti ilə iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli izahatların surətlərindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən, yol-nəqliyyat hadisəsinin sxeminin surətindən, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/22978 saylı və 2/22970 saylı aktların surətindən aydın olur ki, cavabdehlər sürücü Cavabdeh2 və mülkiyyətçi Cavabdeh1 tam qüsurlu hərəkətləri ilə iddiaçıya “Volksvagen” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala salmaqla maddi zərər yetirmişlər. Cavabdehlər bu günə qədər dəymiş zərəri ödəməkdən boyun qaçırırlar. Belə ki, xx.xx.2022-ci il tarixli, 384516 SN-li "xxxx" QSC, “Haval Azerbaijan” (“X13 Azerbaijan”) şirkəti tərəfindən təqdim edilmiş ilkin qiymətləndirmə aktına əsasən 2015-ci buraxılış ili olan 1.8 mühərrik güclü 1VWAS7A30GC013613 Ban nömrəli, “Volksvagen Passat” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə toplamda 21679,00 AZN dəyərində maddi ziyan dəymişdir. Real olan dəymiş zərər "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, CML-4446/2022-AKT5091/22 saylı Sığorta Aktı ilə də öz təsdiqini tapmışdır. Belə ki, aktın sığorta ödənişi hissəsində qeyd edilmişdir ki, müəyyən edilmiş zərərəin məbləği 21679,00 manat təşkil edir və hesablanmış sığorta müqavilə əsasında 5000,00 manat olaraq ödənir. xx.xx.2022-ci il tarixli, 005X0H********** saylı qaimədən də görünür ki, sığorta şirkəti 5000,00 manat olan ödənişi iddiaçının hesabına köçürmüşdür. Lakin iddiaçıya dəymiş 21679,00 manat maddi ziyanın 16679,00 manat olan hissəsi ödənilməmiş qalır. Həmçinin, qəzadan sonra avtomobilin amortizasiya dəyəri də xeyli aşağı düşərək 3000,00 manatdan çox dəyər itirmişdir. Cavabdehlərə bu zərərin qarşılığı olan pulun ödənilməsinə dair dəfələrlə iddiaçı tərəfindən müraciət edilsə də, bir nəticə əldə edilməmişdir. Hazırkı tarixə cavabdehlərin iddiaçıya vurduqları zərər qarşılığında ödəməli olduqları məbləğ 19679,00 AZN təşkil edir. Bu səbəbdən cavabdehlərdən həmin məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Çıxışında bildirdi ki, iddia Cavabdeh1 münasibətdə rədd edilməlidir, digər cavabdehə münasibətdə təmin edilib-edilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını, dinləyib, şahid ifadəsini nəzərə alıb, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun qonşusudur. Cavabdeh2 dəfələrlə ehtiyaclarını ödəmək üçün ondan avtomobili götürürmüş. O, Cavabdeh2 avtomobili etibarnaməsiz verdiyi üçün problem yarandığına görə sonradan qərara gəlmişdir ki, ona etibarnamə versin və avtomobil lazım olduqda etibarnamə əsasında avtomobili idarə etsin. Cavabdeh2 növbəti dəfə ondan avtomobilin verilməsini xahiş etmiş, sonradan ona məlumat vermişdir ki, avtoqəza olub, lakin heç bir problem yoxdur və onun avtomobilinə dəymiş zərəri qarşılayacaqdır. O, bundan sonra Cavabdeh2lə əlaqə saxlamağa çalışmış, Q.Taleh ona hər dəfə narahat olmamasını, işə girdikdən sonra bütün dəymiş zərəri ödəyəcəyini bildirmişdir. O isə bir müddət də gözlədikdən sonra yenidən Q.Taleh ilə əlaqə saxlamaq istəsə də, Q.Taleh onun zənglərinə cavab verməmişdir. O, Cavabdeh2 ailəsi ilə əlaqə saxladıqda onlar bu məsələdə heç bir təqsir daşımadıqlarını və bu məsələni öz aralarında həll etmələrini bildirmişlər. Bundan sonra o, avtomobilini özü təmir etdirmişdir. Müki işin materiallarında olan AD seriyalı 288331 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Müki işin materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında ƏN-İV seriyalı 652586 nömrəli etibarnamədən görünür ki, İddiaçı özünə məxsus olan “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X7 vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. Müki işin materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 özünə məxsus olan “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək, sərəncam vermək və digər hərəkətlər səlahiyyətini X3 vermişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Müki işin materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 məxsus olan “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X6 tərəfindən Cavabdeh2 verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Mülki işin materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində Bakı şəhəri Vaqif prospekti Xan Şuşinski küçəsində etibarnamə əsasında “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə riayət edilməməsi hallarına yol verərək inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Toyota Prius (hibrid) minik” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 (avtomobilin mülkiyyətçisi Cavabdeh1dur), zərəçəkmiş şəxs isə “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur (hadisə vaxtı avtomobili X8 idarə etmişdir). Müki işin materiallarında olan X4 imzası ilə təsdiq edilmiş izahatdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində “Volkswagen” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə S.Vurğun küçəsinə hərəkət edərkən Xan Şuşinski küçəsinə çatanda sol tərəfdən həmin küçədən gələn “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil “stop” nişanının tələbini pozub hərəkətini davam etdirərək onun avtomobilinin qabaq hissəsindən vurmuş, həmin avtomobil fırlanaraq onun avtomobilinin sol arxa qapısına dəymiş və idarəetməni itirərək yolun kənarındakı dəmir məhəccəri deşərək dayanmışdır. Müki işin materiallarında olan Cavabdeh2 imzası ilə təsdiq edilmiş izahatıdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində “Toyota prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu Xan Şuşinski küçəsindən Mirqasımov küçəsinə tərəf hərəkət edərkən yol ayrıcına çatanda “stop” nişanının tələbini pozub yol ayrıcına daxil olan zaman sağ tərəfdən Vaqif prospektindən düzünə hərəkətdə olan “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən idarəetməni itirərək yolun solundakı dövlət əmlakına dəyərək dayanmışdır. Müki işin materiallarında olan "xxxx" QSC – “Haval Azerbaijan” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 384516 sifariş nömrəli ilkin qiymətləndirmə aktına əsasən 2015-ci il buraxılışlı “Volkswagen Passat” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 21679,00 manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış sığorta ödənişinin məbləği ilə razılaşma barədə xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Volkswagen Passat” markalı ** VU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hesablanmış 21679.00 (iyirmi bir min altı yüz yetmiş doqquz) manat dəymiş zərər üzrə 5000 (beş min) manat sığorta ödənişi məbləğinin ödənilməsinə razılıq vermişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli CML-4446/2022- AKT5091/22 saylı aktından müəyyən edilir ki, “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı müəyyən edilmiş zərərin məbləği 21679.00 (iyirmi bir min altı yüz yetmiş doqquz) manat, hesablanmış sığorta ödənişi isə 5000 (beş min) manatdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına AKT5091/22 saylı akta əsasən 5000 (beş min) manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 141 (bir yüz qırx bir) manat rüsum ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 9/291 saylı ekspert rəyindən görünür ki, 2015-ci il buraxılışlı “Volkswagen Passat minik” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 20000,0 manat müəyyən edilmişdir. Tədqiq edilən “Volkswagen Passat minik” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 25%-ni təşkil edir. Tədqiq edilən 2015-ci il buraxılışlı “Volkswagen Passat minik” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla 15000,0 (20000,0 m – 25%) manat müəyyən olunur. Həmin avtomobilin təmir-bərpası rentabelli hesab edilmədiyindən qalan əmtəə dəyərini müəyyən etmək mümkün deyil. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Cavabdeh2 digər Cavabdeh1 məxsus olan “Toyota Prius” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol hərəkəti qaydalarının tələblərini pozmuş, nəticədə X4 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Mülki işin materialları əsasında müəyyən edilir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsində təqsirli olması müəyyən edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə riayət etmədiyindən, 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan “Volkswagen Passat minik” markalı ** VU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyanın məbləği ilkin qiymətləndirmə aktına əsasən, 21679 manat müəyyən edilmiş, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi iddiaçıya təqdim edilmişdir. Hazırda iddiaçı dəymiş 16679 manat maddi ziyanın və avtomobilin dəyərinin azalmasına görə 3000 manat məbləğində pulun, cəmi 19679 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini xahiş edir. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və əldə edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya 15000 manat məbləğində maddi ziyan dəymişdir. Rəydə o da qeyd edilmişdir ki, avtomobilin salamat qalan yararlı hissələri onun ümumi dəyərinin 25 %-ni təşkil etdiyindən, hazırda avtomobilin əksər hissələri dəyişilməklə əsaslı təmir edilməsi rentabelli hesab edilmir. Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, digər Cavabdeh1 vəkili-nümayəndəsi isə iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tələbin qismən təmin edilməsinə dair əsaslar müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə Cavabdeh2 təqsirli hərəkəti, yəni törətdiyi delikt nəticəsində ziyan dəyməsi, iddiaçıya dəymiş ziyana görə 5000 manat sığorta ödənişi ödənilməsi işin mübahisəsiz halını təşkil edir. Ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 15000 manatdır. Belə olan halda məhkəmə iddiaçıya Cavabdeh2 təqsirli hərəkəti nəticəsində 15000 manat maddi ziyan dəydiyini, həmin ziyanın 5000 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 10000 manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, digər Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan avtomobilə dair etibarnamə verildiyindən onun mülki məsuliyyəti istisna olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.1-ci bəndinə əsasən, sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz. Həmin Qaydaların 33.2-ci bəndinə görə, sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilə bilər: Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək; sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi obyektiv tərtib olunmuş, məhkəmənin qərardadında qoyduğu suallara tam dolğun və əhatəli cavablar verilmiş, işin həlli üçün əhəmiyyət kəsb edən hallar rəydə göstərilmişdir. Buna görə də hazırki iş üzrə qərar qəbul edərkən məhkəmə məhz xx.xx.2023-cü il tarixli ekspert rəyini əsas götürür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 10000 manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddia qismən təmin edildiyindən, ödənilmiş 141 manat dövlət rüsumunun 72 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçı X5 ödənilməli, qalan hissəsi isə iddiaçı X5 aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh2, qalan 25 (iyirmi beş) manat hissəsi isə iddiaçı X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10000 (on min) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh2, qalan 25 (iyirmi beş) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar