Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-425/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Cavabdeh1nə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Cavabdeh1nə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş X4 ona torpaq sahəsi ayrılması üçün müraciət etmiş və müəyyən miqdarda pul vermişdir. O, bir qrup şəxslə əlbir olaraq Astara Rayon Şiyəkəran bələdiyyəsi ilə onun arasında 0.20 ha torpaq sahəsinin alqı-satıqısı və 5.8 ha torpaq sahəsinin 99 illik icarəyə verilməsi barədə saxta sənəd hazırlamışdır. Onun sənədlərin saxta olmasından istifadəsindəki torpaq sahələrinə başqa vətəndaşların gəlib sənədlərini göstərdikdə xəbəri olmuşdur. Bundan sonra hüquqmühafizə orqanlarına şikayət etmişdir. Nəticədə, X1 Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 421/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.1, 178.2.3, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum edilmişdir. Lakin, hansısa səbəbdən həmin cinayət işində onu zərərçəkmiş şəxs kimi tanımayaraq, şahid qismində ifadəsini almışlar. Bu da sonradan ona problemlər yaratmışdır. İddiaçı ilkin olaraq Tofiq Əliyevi cavabdeh göstərməklə onun qanunsuz əməlləri ucbatından uğradığı zərərin ödənilməsi tələbi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə iddia tələbi rədd edilmişdir. Astara rayon məhkəməsi iddianı rədd edərkən, onun cinayət işində zərərçəkmiş şəxs kimi tanınmadığını əsas gətirərək iddianı rədd etmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə iddianın düzgün şəxsə yönəldilmədiyi əsası ilə qətnaməni ləğv etsə də, şikayəti təmin etməmişdir. Həmin qərar da Ali Məhkəmədə qüvvəsində qalmışdır. Hazırda Cavabdeh1 və Şiyəkəran Bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Hər nə qədər həmin cinayət işində onu zərərçəkmiş şəxs kimi deyil, şahid kimi tanımış olsalar belə, bu mülki qaydada ona dəymiş zərərin ödənilməsini inkar etmir. Mülki qaydada işə baxan Şirvan Apellyasiya məhkəməsi qətnaməsində qeyd edir ki, torpaq qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Azərbaycan Respublikasının üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş aktın qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi sübut olunsa belə, bu hərəkətlərə cavab verməli olan şəxs cavabdeh T.Əliyev ola bilməz. İddia tələbləri konkret halda Azərbaycan Republikasında müvafiq icra hakimiyyəti orqanına qarşı yönəldilməli idi. Mülki qaydada işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Kassasiya kollegiyası onu da nəzərə alır ki, iddiaçı öz tələbini sözügedən torpaq sahəsində tikinti inşa etməsi, kanallar qazması, ağaclar əkməsi, yəni sahəni yararlı hala gətirməsi üçün xərclər çəkməsi ilə əsaslandırmışdır. Əşyaya edilmiş yaxşılaşdırmaların əvəzinin ödənilməsi barədə tələb əşyanın mülkiyyətçisinə qarşı irəli sürülə bilər”. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən Şiyəkaran kəndində yerləşən fermanın və əkin sahəsinin təmir-tikinti işlərinin həcmi və dəyəri 396.500 manat təşkil etməkdədir. Bundan başqa iddiaçı torpaqların qanuni sahibləri ortaya çıxdıqdan sonra həmin ərazidə inşa etdiyi fermanın əldən çıxmaması üçün əlavə olaraq 21500 manat ödəyərək onlardan həmin torpaq sahəsini almışdır. Odur ki, həmin məbləğ də iddiaçının ümumi zərərini təşkil etməkdədir. Göstərilənlərə əsasən, cavabdehlərdən müştərək qaydada uğradığı zərərin əvəzi olaraq 418.000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 708 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsinə dair” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı Cavabdeh1 başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə işləmiş X6 tərəfindən aldadılmasını və zərərçəkmiş qismində tanınmasını əsas gətirərək 418.718 manatın cavabdehlər Cavabdeh1ndən və Maliyyə Nazirliyindən müştərək qaydada tutulmasını tələb etmişdir. Hesab edilir ki, həmin iddia tələbi Maliyyə Nazirliyinə münasibətdə rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi zərərçəkmiş şəxs qismində tanınmamışdır. Digər tərəfdən, iddiaçı iddia ərizəsində özünü zərərçəkmiş şəxs hesab edərək ona vurulmuş ziyanın ödənilməsini qeyd etmişdir. Bununla əlaqədar bildirilir ki, cinayət-prosessual qanunvericiliyində vurulmuş ziyanın ödənilməsi tələbi ilə zərər çəkmiş şəxsin və mülki iddiaçının hüquqi və vəzifələri müəyyən edilmiş və həmin şəxslərin qanunvericiliyə uyğun tanınması və tələblərinin irəli sürülməsi ilə bağlı konkret müddəalar təsbit olunmuşdur. İddia ərizəsindən və iş materiallarından da göründüyü kimi iddiaçı bundan əvvəl cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulduğu qaydada zərər çəkmiş şəxs və mülki iddiaçı kimi tanınmamışdır və bu səbəblərdən də hesab edilir ki, iddiaçının hazırda vurulmuş ziyanın ödənilməsi barədə tələbinin hüquqi əsası mövcud deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar sübut kimi heç bir fakt göstərə bilməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə söhbət dövlət mülkiyyətində olan torpaqdan deyil, bələdiyyə mülkiyyətində olan torpaqdan gedir. Saxta hesab olunan alqısatqı müqaviləsi və icarə müqaviləsi icra hakimiyyəti və yaxud icra nümayəndəsi tərəfindən bağlanmamışdır. Hər iki sənəd, torpaq bələdiyyə mülkiyyətində olduğu üçün bələdiyyə tərəfindən tərtib olunmuşdur. Tofiq Əliyev tərəfindən iddiaçının aldadılaraq rüşvət alması, iddiaçının rüşvət verməsi məsələləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1-(099)-421/2021 nömrəli hökmdə təsdiqini tapmış, təqsirli şəxs barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Eyni zamanda iddiaçı həmin hökmlə zərərçəkmiş şəxs kimi tanınmamışdır. Tələbin ikinci hissəsinə gəldikdə iddiaçı bələdiyyə mülkiyyətində olan torpaqdan alqı-satqı və icarə müqaviləsi ilə torpaq götürmüş, orada tikinti-abadlıq işləri görmüşdür. İddiaçı alqı-satqı və icarə müqavilələri əsasında müvafiq icra hakimiyyətinin qurumundan, reyestr xidmətindən mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsini aldıqdan sonra mülkiyyətində olan torpaqda qeyd olunan tikinti-abadlıq işləri görməli idi. Göründüyü kimi, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaqda qeyd olunan tikinti-abadlıq işlərini görmüş və fikrini bununla əsaslandırmışdır. Əşyaya edilmiş yaxşılaşdırılmaların əvəzinin ödənilməsi barədə tələb əşyanın mülkiyyətçisinə qarşı irəli sürülə bilər. Bu baxımdan da icra hakimiyyəti iddiaya cavab verməli olan hüquqi şəxs sayılmır. Cavabdeh1 başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçmiş nümayəndəsi Tofiq Əliyev birbaşa olaraq dələduzluq cinayətini və digər cinayət əməllərini törətmişdir. Dələduzluq cinayətinin icra hakimiyyəti ilə heç bir əlaqəsi olmamışdır. Tofiq Əliyev müstəqil bir fərd kimi öz aldatma niyyətindən istifadə edərək iddiaçıya məxsus pul vəsaitini ələ keçirmiş, nəticədə iddiaçının külli miqdarda zərərə uğramasına səbəb olmuşdur. Rayon icra hakimiyyəti Tofiq Əliyevin törətdiyi cinayət əməlinə görə nə maddi, nə də mənəvi məsuliyyət daşıya bilməz. Hər bir şəxs törətdiyi əməllərinə görə özü cavabdehdir. Bələdiyyə mülkiyyətində olan torpağı alqısatqı etmək, bələdiyyə torpağını icarəyə vermək icra nümayəndəsinin qulluq funksiyasına daxil deyildir və bununla bağlı heç bir sənəd qəbul olunmamışdır. Göründüyü kimi iddiaçının rayon icra hakimiyyətinə qarşı zərərin ödənilməsi barədə tələbi iki hissədən ibarətdir. Birinci hissədə rüşvət kimi verdiyi pulu nəzərdə tutur ki, həmin pul dövlət hesabına müsadirə olunur və həmin pulu tələb etməyə hüququ yoxdur. İkinci bələdiyyə mülkiyyətində olan torpaqdan alqı-satqı yolu ilə aldığı və icarə müqaviləsi ilə icarəyə götürdüyü torpaq sahələrində tikinti-abadlıq işlərini görməsi nəticəsində ona dəyən zərəri nəzərdə tutur. Qeyd olunduğu kimi alqı-satqı və icarə müqavilələri əsasında mülkiyyət hüququnu təsdiq edən sənədi əldə etdikdən sonra mülkiyyətində olan torpaqda tikintiabadlıq işləri görməli idi. Hazırkı vəziyyətdə bələdiyyə mülkiyyətində apardığı yeniliklərə, işlərə görə bələdiyyədən tələb edə bilər. Digər tərəfdən iddiaçı ona zərər dəydiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə söhbət real zərərdən gedir. Hazırda həm torpaq sahəsi, həm tikililər iddiaçının istifadəsindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, Astara rayonu, Siyəkərən kəndində yerləşən fermanın və əkin sahəsinin təmir-tikinti xərcləri işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 396.500 manat təşkil edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2577/2023 saylı qərarına əsasən İddiaçı cavabdeh X4 qarşı pulun ödənilməsi tələbinə dair iş üzrə verilən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Lüki Kollegiyasının 2(106)-342/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)-185/2022 saylı qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-421/2021 saylı hökmündən verilən apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 708 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə aradırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş X4 ona torpaq sahəsinin verilməsi üçün müraciət etmiş, Ə.Tofiq iddiaçıdan rüşvət alaraq saxta sənədlər əsasında bələdiyyəyə məxsus torpaq sahəsini iddiaçıya vermiş, iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində təmir-tikinti işləri aparılmış, ferma tikilmişdir. Sonradan Ə.Tofiqin iddiaçını aldatması, ondan rüşvət alması faktı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1-(099)-421/2021 nömrəli hökmündə təsdiqini tapmış, təqsirli şəxs barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Sonradan iddiaçı M.Rəşad Ə.Tofiqdən ona dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları əsasında onun tələbi təmin edilməmişdir. Hazırda iddiaçı M.Rəşad ona saxta sənədlər əsasında verilən torpaq sahəsi üzərində 396.500 manat məbləğində təmir-tikinti işləri apardığını və əlavə olaraq həmin sahə üzərində tikdiyi fermanın əldən çıxmaması üçün 21.500 manat məbləğində pul vəsaiti ödədiyini iddia edərək, ümumilikdə 418.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı özünü zərərçəkmiş şəxs kimi qeyd edərək, ona vurulmuş ziyanı tələb edir. Qanunvericilikdə vurulmuş ziyanın ödənilməsi tələbi ilə zərərçəkmiş şəxsin və mülki iddiaçının hüquq və vəzifələri müəyyən edilmiş və həmin şəxslərin qanunvericiliyə uyğun tanınması və tələblərinin irəli sürülməsi ilə bağlı konkret müddəalar təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.21-ci maddəsinə əsasən ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Hazırki iş üzrə isə qanuni qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-421/2021 saylı hökmündə iddiaçı M.Rəşad zərərçəkmiş şəxs və ya mülki iddiaçı qismində tanınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ona zərərçəkmiş şəxs kimi vurulmuş ziyanın ödənilməsi barədə tələbinin hüquqi əsası mövcud deyildir. Digər tərəfdən, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı M.Rəşad zərərçəkmiş şəxs və ya mülki iddiaçı qismində tanınmış olsa idi belə, o, tələbini sübut edəcək halları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən həmin hallar aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən həmin iddianın qaldırılması üçün ödənilən dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Cavabdeh1nə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi dair təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-425/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-425/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver