Məhkəmə qərarları › İş №e-2(006)-4265/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4265/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4265/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlat Sığorta Kommersiya Şirkətinin Nizami filialının direktoru Cavabdeh1 tərəfindən icarə müqavilasinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ila müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olan icarə haqqı bu günə kimi ödənilməmişdir. Bundan başqa müqaviləyə xitam verilməsi üçün müraciət edildiyi vaxtdan bu günə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır. Bu səbəbdən iddiaçı istifadəsində olan qeyriyaşayış sahəsini icarəyə verə bilmir və bununla da ona zərər dəyir. İcarə haqqının ödənilməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə ididaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öz işçisinin müqavilə bağlanması barədə məlumatlı olmuş, bunu qəbul etmişdir. Cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə edəndən sonra həmin sahəni tərk etmiş və ödəniş edilməmişdir. Bununla da iddiaçıya ziyan vurulmuşdur. Göstərilənlərə əsasən cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 10.000 manat dəymiş zərərin və 123 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından icarə müqaviləsi bağlanmışdır. Qeyd edir ki, o, adını çəkdiyi şirkətdə 2009-cu ildən filial rəhbəri olaraq fəaliyyət göstərmişdir. Rəhbərlik etdiyi filial şirkətin tabeliyində idi və eyni VÖEN altında fəaliyyət göstərirdi. Qeyd edilən icarə müqaviləsi cavabdeh şirkətin adından və onun xəbəri olmaqla, Nail Əsgərlinin göstərişi əsasında bağlanmışdır. Bununla bağlı şirkətə E-mail vasitəsi ilə məlumat verilmişdir. Qeyd etdiyi müqavilədən əlavə bununla eyni xarakterli bir çox müqavilələrdə bağlanmış və heç bir problem yaranmamışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə Nail Əsgərli cavabdeh şirkət tərəfindən filiala nəzarət etmək üçün göndərilmişdir və onun nəzarəti altında müqavilələr bağlanmışdır. Bundan başqa icra predmeti olan obyekt ikinci əldən Nail Əsgərlinin köməkçisi Anar Tağıyevə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixində rəhbəri olduğu filial bağlanmışdır. Qeyd etdiklərinə əsasən tərəfindən iddiaçı ilə bağlanmış müqavilə şirkətin mənafeyi üzrə və onun xəbəri olmaqla bağlandığından həmin müqavilə üzrə cavabdehliyi sığorta şirkəti daşıyır. Cavabdeh həmçinin izahatında göstərmişdir ki,o bu iş üzrə subyektiv cavabdehlik daşımır. Qeyd edilənlərə əsasən iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı şəhəri Nizamı rayon filialının direktoru vəzifəsində çalışmış Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat ofisində icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" adlanan İddiaçı ona məxsus qeyri-yaşayış sahəsini həmin müqaviləyə əsasən "xxxx" adlanan Şirkətə icarəyə vermişdir. Müqavilə xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş, müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müqavilənin bağlanması ilə əlaqədar filialın direktoru vəzifəsində çalışmış Cavabdeh1 Şirkətin İdarə Heyəti tərəfindən hər hansı tapşırıq verilməmiş, eyni zamanda həmin şəxsə Şirkət adından icarə müqaviləsini bağlamaq səlahiyyəti verən etibarnamə təqdim olunmamışdır. Sözügedən müqavilə üzrə icarəyə verən tərəfindən Şirkətə xx.xx.2022-ci il tarixində pretenziya məktubu ünvanlanmış, məktubda müqavilənin bağlandığı gündən bu günə qədər ödənməmiş icarə haqqının ödənilməsi tələb olunmuş, daha sonra isə müqaviləyə xitam verilməsi və ödənməmiş icarə haqlarının ödənilməsi tələbləri ilə bağlı xx.xx.2022-ci il tarixində ərızə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəzərinə çatdırmaq istəyirlər ki, filialın direktoru vəzifəsində çalışmış Cavabdeh1 adıçəkilən icarə müqaviləsini Şirkət adından hansı əsasla bağladığının müəyyənləşdirilməsi məqsədilə müqavilənin bağlanması zamanı həmin şəxs tərəfindən Notanat ofisinə təqdim edilmiş sənədlərin surətlərinin verilməsi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində müqavilənin bağlandığı Bakı şənəri 50 saylı Notariat ofisinə sorğu verilmış, sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu və məktuba əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, Cavabdeh1 müqavilə bağlanarkən bu müqaviləni bağlamağa səlahiyyətini təsdiq edən sənəd qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "xxxx" Əsasnaməni və özünün Şirkətin filialının direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar Şirkətin xx.xx.2011-ci il tarixli, 102 nömrəli Əmrini təqdim etmişdir. Bildirmək lazımdır ki, həmin Əsasnamənin İİİ bölməsi Şirkətin baş agentliyi və agentliklərin əsas vəzifələrini (baş agentlik və agentliklər nazırda filiallar adlanırlar) təsbit edir. Həmin bölmədə Şirkətin agentliklərinə verilən səlahiyyətlərin dairəsi konkret müəyyən edilmişdir və bölmədə agentliklərə Şirkət adından icarə müqavilələri bağlamaq səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Nəticə etibarilə, Cavabdeh1 səlahiyyəti olmadığı halda icarə müqaviləsi bağlamaq üçün təşəbbüs göstərmiş, Notariat ofisinin xüsusi notariusu isə şəxsin təqdim etdiyi sənədləri yoxlamadan, şəxsi Şirkətin müqavilə bağlamağa səlahiyyətli nümayəndəsi qismində tanımış və müqaviləni təsdiq etmişdir. Buna görə də qeyd olunan mülki iş üzrə cavabdeh Şirkət tərəfindən, bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Aparılmış məhkəmə araşdırması ilə təsdiq olunmuşdur ki, Cavabdeh1 ona Şirkət tərəfindən verilmiş səlahiyyəti aşmaqla sözügedən müqaviləni bağlamışdır. Beləliklə, araşdırmanın nəticəsi olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2212/2022 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Şirkətin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Şirkət adından Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş və məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən, Şirkətin iddiaçı qarşısında müqavilə üzrə artıq hər hansı öhdəliyi mövcud olmadığı kimi, dolayısı ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkətə qarşı qaldırılmış iddia da tam əsassızdır. Buna görə də hazırda iddiaçıya dəymiş zərərə görə Şirkət deyil, filialın direktoru vəzifəsində çalışmış Cavabdeh1 delikt məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı olan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 150 saylı müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T,Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə ünvanda "xxxx" MTK-nın payçısı İddiaçı kooperativə 3 saylı binada, 139 kv.m.-lik qeyri-yaşayış sahəsinin tam dəyərini 417.000 manat ödəmişdir.

9. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli işəmuzd əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin «Nizami» rayon filialı direktor vəzifəsinə işə qəbul edilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş və "xxxx" qismində İddiaçı ilə "xxxx" qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə icarəyə verməyə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə bunun müqabilində İddiaçı ayda 2.200 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə münasibətləri xx.xx.2021-ci il tarixdən qüvvəyə minir.

11. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş və "xxxx" qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 ilə "xxxx" qismində X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2021-ci il tarixli 3M-862 reyestr saylı icarə müqaviləsinə əsasən İddiaçıa oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsinin 39 kv.m.-lik hissəsini «Subicarəçi» X1 verilmişdir. Subicarə müddəti xx.xx.2021-ci il tarixindən qüvvəyə minir və subicarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. «Subicarəyə götürən» X5 "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aylıq 300 manat subicarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müqavilə öhdəliklərinn yerinə yetirilməsi haqqında pretenziyanın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişçəsindəki 2453-cü məhəllə, 3 saylı biinanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkəti tərəfindən icarəyə müqaviləsinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Nəzərinə çatdırmaq istərdi ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Sığorta Şirkəti tərəfindən icarə haqqı ödənilməmişdir. Bundan başqa müqaviləyə xitam verilməsi çünü müraciət etdiyi vaxtından bu günə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır.Bu səbəbdən o (İddiaçı), istifadəsində olan qeyri-yaşayış sahəsini icarəyə verə bilmir. Göstərilənləri nəzərə alaraq Sığorta Şirkəti tərəfindən ödənilməmiş icarə haqqlarının ödənilməsini və hüquqi şəxsə məxsus əşyaların Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılmasını 3 gün ərzində təmin etməsini xahiş olunmuşdur.

13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli siyahın surətindən görünür ki, Tofiq Abbasov küçəsi, 24-də 6 adda inventar xx.xx.2022-ci il tarixdə götürülmüşdür.

14. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin e-2(006)-2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə icarəyə verməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə bunun müqabilində İddiaçı ayda 2.200 manat olmaqla icarə haqqı ödəməsi öhdəsinə götürmüşlər. Həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olan icarə haqqı ödənilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi qət edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada dəymiş ziyanın əvəzini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz».

18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilməsinə baxmayaraq, iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində maddi ziyan dəymişdir. Bu maddi ziyan özündə, mülkiyyətçinin icarəyə vermiş olduğu sahə ilə əlaqədar icarə haqqının və daha sonradan sonuncu cavabdehin qeyri-yaşayış sahəsində qalan əmlakları nəticəsində öz sahəsini 3-cü şəxs(lər)ə verə bilməməsi zərərini ehtiva edir.

26. Məhkəmə həmçinin dəymiş maddi ziyanın hesablanması ilə bağlı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin faktiki olaraq hüququ əsaslar olmadan (məhkəmə qətnaməsi ilə icarə müqaviləsi etibarsız hesab edildiyi üçün) zəbt edərək 2(iki) ay fəaliyyət göstərmiş, daha sonradan əmlaklarını iyun 2022-ci il tarixə yəni dekabr 2021-dən iyun 2022-ci il tarixədək səbəbsiz yerə məşğul etməklə iddiaçıya heç bir haqq verməmişdir. Bu səbəbdən aylıq icarə haqqı 2200 manat olduğundan 8 ay hesablanmaqla (2 ay faktiki fəaliyyət+ qeyri-yaşayış sahəsi 6 ay istifadəsiz qalmışdır) 17.600 manat məbləğində orta məbləğlə ziyan dəyməsi müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş ziyan məbləği irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 10000 manat dəymiş zərərin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

30. Məhkəmə iddia tələbinin dəymiş zərərin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz.

32. Belə ki, məhkəmə tərəfindən tələb edilmiş Cavabdeh1 ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş səlahiyyətlər, əmək funksiyaları boşluq formasında qeyd edilməklə, məhdud çərçivədə sadalananmamışdır. Bu halın özü isə deməyə əsas verir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə bağlayarkən əmək funskiyalarını və işçinin səlahiyyətlərini dəqiq göstərməməklə ona etibar etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək funskiyalarının və səlahiyyətlərinin əmək müqaviləsində dəqiq göstərilməməsi riskini işə götürən özü daşımalıdır.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır və təmin edilməməlidir.

34. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

35. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh1 hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 123 (yüz iyirmi üç) manat pul tutulmalıdır.

39. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar