Məhkəmə qərarları › İş №e-2(006)-4271/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4271/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4271/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş (2019-2025-ci illər, 6 il 72 ay x 667 manat) 48000 manat maddi, 20000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 294 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 294 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Tətbiq olunan normalar:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

b) məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

5. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin mahiyyətində inzibati orqan olan cavabdehin öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi zamanı iddiaçıya maddi və mənəvi zərər vurması dayanır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının ona vurulduğunu iddia etdiyi zərərin əsasını tərəflər arasında bağlanmış müqavilə təşkil etsə də, zərər cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyətini həyata keçirərəkən yaranmışdır. Başqa sözlə, həmin müqavilə inzibati orqanın publik hüquq sahəsində mövcud olan səlahiyyətləri çərçivəsində bağlanmışdır. Bu da o nəticəyə gəlməyə imkan verir ki, iddiaçı ilə cavabdeh arasındakı münasibət ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Bir halda ki, tərəflər arasındakı münasibətlər ümumi hüquq (publik) hüququn nizamasalma predmetinə aiddir, həmin münasibətlər nəticəsində yaranmış mübahisəyə də inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində əsasən İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və hazırkı ərizəsi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 294 (iki yüz doxsan dörd) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar