Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4284/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı cavabdeh “Həsən-96’ Mənzil-Tikinti Kooperativinə qarşı '‘müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Həsən-96’ Mənzil-Tikinti Kooperativinə qarşı '‘müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbi barədə qətnamə çıxarılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 24 dekabr 2005-ci il tarixli, 35/2 saylı müqaviləyə əsasən həmin MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində ayrılmış 199 kv.m-dən ibarət 4 otaqlı mənzil, 2 saylı yaşayış binasının İİ blokunun “B” mərtəbəsində 40 kv.metr qeyriyaşayış sahəsini iddiaçı almışdır. Həmin müqavilə əsasında iddiaçı üzərinə götürdüyü öhdəliyi yəni mənzilin və qeyri-yaşayış sahəsinin dəyərini "xxxx" MTK-ə tam şəkildə ödəyib, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair MTK tərəfindən iddiaçıya 24 dekabr 2012-ci il tarixli, maliyyə arayışı verilmişdir. Həmin müqavilə əsasında "xxxx" Mənzil Tikinti Kooperativi yuxarıda qeyd edilən mənzilin və qeyri-yaşayış sahəsinin tikilib iddiaçıya təhvil verilməsini öz öhdəliyinə götürmüşdür. Lakin "xxxx" MTK müqavilə əsasında üzərini götürdüyü öhdəliyi tam yerinə yetirməyib, yəni yuxarıda qəyd edilən mənzil iddiaçıya təhvil verilsə də, qeyri-yaşayış sahəsini bu günədək təhvil verilməmişdir.İddiaçı iddia ərizəsində həm qeyri yaşayış sahəsinin təhvil verilməsini, həmcinin cavabdeh MTK-ya üzv seçilməsi barədə protokol və maliyyə arayışının verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 1898/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh “Həsən-96’ Mənzil-Tikinti Kooperativinə qarşı '‘müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 39.1 -ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələbi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsidir ki, həmin iddiaya da daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır. Mübahisəli qeyri-yaşayış sahəsi isə Nəsimi rayonu ərazisində yerləşir. Beləliklə hazırki iddia tələbi yuxarıda qeyd olunan maddənin təsir dairəsində olmaqla, qeyd olunan iddia tələbi üzrə mülki işə cavabdehin qeydiyyatda olduğu yer üzrə deyil, əmlakın olduğu yer üzrə baxılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən, mülki iş aidiyyəti üzrə materiallarla birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Beləki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçıya yaşayış sahəsi və avtomobil saxlamaq üçün qaraj yeri təqdim edilməli idi. İddiaçının ərizəsinə əsasən, müqavilənin bir hissəsi (mənzil) yerinə yetirilsə də, digər hissə — qarajın təhvil verilməsi təmin edilməmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Bu isə müqavilə öhdəliyinin birtərəfli qaydada pozulması anlamına gəlir. Hazırkı iddia əmlak hüququna dair deyil, müqavilədən irəli gələn öhdəliklərin pozulması ilə bağlıdır, yəni tələb hüququdur. İddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahəsinin (qarajın) konkret olaraq hansı ərazidə yerləşməsindən asılı olmayaraq, əsas hüquqi məsələ cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Yuxarıdakı normanın təhlilindən də görünür ki, hazırkı işdə qeyd olunan halların heç biri yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarına əsasən, “..... müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir.” Beləliklə, qeyd olunan normanın genişləndirici təfsiri yol verilməzdir. Hüquq mübahisəsinin xarakteri və yaranma əsası nəzərə alınmadan yalnız formal olaraq, müqavilə predmeti olan daşınmaz əmlakın olduğu yerə əsasən məhkəmə aiddiyyatının müəyyən edilməsi doğru mövqe olmaz. İş materiallarından görünür ki, cavabdehin rəsmi hüquqi ünvanı Az1069, Bakı Şəhəri Nərimanov Rayonu, Teymur Əliyev, Ev.1104-cü məhəllədir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Digər tərəfdən, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçının qeyriyaşayış sahəsinin pay haqqını tam ödəməsini təsdiq edən maliyyə arayışı iş materiallarına əlavə edilməmişdir. Beləki, iddia ərizəsində iddiaçı maliyyə arayışının cavabdeh tərəfindən verilməsini tələb edir. Yəni, pay haqqının tam ödənilməsi işin mübahisəli halıdır. Qeyd olunan hal isə, AR Mülki Məcəlləsinin 2018-ci il 1 iyul tarixinədək qüvvədə olan 178.8-ci maddəsinin tətbiqini istisna edir. Çünki, pay haqqının tam ödənilməsi faktı sübutla təsdiqlənmir. Məhkəmə həmcinin, qeyd edir ki, tərəflər arasında müqavilə olduğundan iddiaçı AR Mülki-Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, (icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər)iddia tələbini müqavilənin icra yeri üzrə verə bilərdi. Qanunverici bunu iddiaçının seçimindən asılı etmiş, hazırkı halda isə iddiaçı bu seçimdən özü istifadə etməmiş və mübahisəyə cavabdehin hüquqi ünvanının olduğu yerdə(Nərimanov rayonunda) baxılması üçün müraciət etmişdir. Göstərilən Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Həsən-96’ Mənzil-Tikınti Kooperativinə qarşı '‘müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh “Həsən-96’ Mənzil-Tikınti Kooperativinə qarşı '‘müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4284/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4284/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver