Məhkəmə qərarları › İş №e-2(006)-4303/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4303/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4303/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, İddiaçı Cavabdehə qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehə qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə xx xxxxx 2015-ci ildə bağlanmış 67215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 289 manata nisyə mobil telefon satmışdır. Müqavilə bağlanarkən alıcı hər ay 20,64 manat ödəmək şərti ilə 14 ay müddətinə, hər ayın 13-dək ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və 289 manat əsas, 241 manat cərimə borcu, 530 manat ümumi borcu yaranmışdır. İddaçı tərəfindən daha sonra borc məbləği azaldılmış, nəticədə 194 manat əsas, 167 manat cərimə, cəmi 361 manat borcu saxlanılmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 194 manat əsas, 59 manat cərimə borcu, cəmi 226 manat, həmçinin 20 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ünvanda yaşamadığından məhkəməyə geri göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Wentto Telecom» Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli № 67215 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən, satıcı 1 ədəd LG 9768 modelli avadanlığı alıcıya verməyi, alıcı isə bunun müqabilində AR Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq, satıcıya bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş müddətdə 289,00 (iki yüz səksən doqquz) manat məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci maddəsində qeyd olunur ki, satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya hissə-hissə 14 ay müddətində ödənilir. Alıcı 0 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 289,00 manat hər ay 20,64 manat olmaqla 14 ay ərzində hər ayın 13-nə qədər ödənilməlidir. Bu müqavilənin 4.2.7-ci maddəsində ödənişlər gecikdirildikdə, alıcının hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3% dəyərində cərimə ödəmək vəzifəsi müəyyənləşdirilmişdir. İşdə olan xx xxxxx 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə 1 ədəd LG 9768 avadanlıq bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. Aktın doğruluğu satıcı və alıcı tərəfindən təsdiq edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli, 849 saylı maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə qeyd olunan tarixə əsas məbləğ üzrə 194 manat, cərimə borcu üzrə 167 manat, cəmi 361 manat məbləğində borcu vardır. İşdə olan xx xxx 2020-ci il tarixli pretenziya məktubundan (xəbərdarlıq) və məktubun qəbul edilməsinə dair xəbərnamədən görünür ki, borclu Cavabdeh borcunun ödənilməsi ilə bağlı kreditor tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli № 67215 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə 1 ədəd LG 9768 modelli avadanlıq verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun İddiaçınə 194 manat əsas, 167 manat cərimə borcu olmaqla, cəmi 361 manat borcu yaranmışdır, iddiaçı isə cavabdehdən 194 manat əsas, 59 manat cərimə borcu olmaqla, cəmi 226 manat pul tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasənlğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 194 (bir yüz doxsan dörd) manat əsas, 59 (əlli doqquz) manat cərimə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 194 (bir yüz doxsan dörd) manat əsas, 59 (əlli doqquz) manat cərimə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar