Məhkəmə qərarları › İş №e-2(006)-4318/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4318/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4318/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "X4" Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "X4" Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "X4" Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 30 iyun 2022-ci il tarixli, 617 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% ödəmək şərti ilə 36 ay müddətinə 8000 AZN məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi "X4" Bakı filialı ilə Cavabdeh2 arasında 689 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 -ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 285,22 AZN ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» emiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 19 sentyabr 2023-cü il tarixinə «Bank»a kredit borcu üzrə 3993,08 AZN ödəniş yerinə yetirilməli idi. Lakin xx.xx.2023-cü il tarixinə kimi «Borcalan» tərəfindən «Banka»a 2624 AZN ödəniş həyata keçirilmişdir. "X4" Bakı filialı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 19 sentybr 2023-cü il tarixinə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 6904,82 AZN təşkil edir. Bundan 6543,02 AZN əsas borc və 361,80 AZN faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun ərindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 30 iyun 2022-ci il tarixli, 617 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 689 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh1 və Cavabdeh2 6904,82 manat (bundan 6543,02 manat əsas, 361,80 manat faiz borcu təşkil edir) məbləğində 19 sentyabr 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 89,05 manat dövlət rüsumunun tutularaq "X4" Bakı filialına ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra iddiaçı iddi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən 7152,66 manat (bundan 6543,02 manat əsas, 609,64 manat faiz borcu təşkil edir.) 89,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 öz izahatında bildirmişdir ki, iddia tələbini tam həcmdə qəbul edir və iddianın təmin olunmasına etirazı yoxdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.

7. Belə olan halda məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur.

10. Belə ki, iş materiallarında olan "X4" Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 617 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17% olmaqla, 8000 AZN məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan "X4" Bakı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 617 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2022-ci il tarixli, 617 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

12. İş materiallarında olan "X4" Bakı filialı tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli arayışa əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 617saylı kredit müqaviləsinə üzrə xx.xx.2023-cü il tarixinə 3277,91 AZN məbləğində əsas, 1570,83 AZN faiz borcu olmaqla, ümumilikdə 4848,74 AZN məbləğində borcu var.

13. İş materiallarında olan "X4" Bakı filialı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən 6362,4 manat ssuda borcu, 471,9 manat vaxtı keçmiş ssuda borcu, 93,13 manat faiz borcu və 115,97 manat vaxtı keçmiş faiz borcunun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "X4" Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 617 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona xx.xx.2022-ci il tarixində 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 8000 AZN məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə cavabdehlərin banka maliyyə arayışına əsasən 3277,91 AZN məbləğində əsas, 1570,83 AZN faiz borcu olmaqla, ümumilikdə 4848,74 AZN məbləğində borcu, pretenziya məktubuna əsasən isə 6362,4 manat ssuda borcu, 471,9 manat vaxtı keçmiş ssuda borcu, 93,13 manat faiz borcu və 115,97 manat vaxtı keçmiş faiz borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış həm əsas, həm də faiz borcunun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

22. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 617 saylı kredit müqaviləsinə əsasən əsas borc məbləği (6362,40 manat) cavabdehlərə ünvanlanmış pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır.

25. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsində qeyd edir ki, faiz məbləği pretenziya məktubunda iddia tələbindən daha çox olduğundan cavabdehdən faiz borcu iddia tələbində göstərilən məbləğdə, yəni 361,80 manat faiz borcu tutulmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 89,05 manat məbləğində rüsum ödənilməsinə baxmayaraq, iddia qismən təmin edildiyindən cavabdehlərdən 89,05 manat deyil, 87,24 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6362,40 AZN (altı min üç yüz altmış iki manat, qırx qəpik) əsas, 361,80 AZN (üç yüz altmış bir manat, səksən qəpik) faiz borcu olmaqla, ümumilikdə 6724,80 AZN (altı min yeddi yüz iyirmi dörd manat, səksən qəpik) məbləğində borc və 87,24 AZN (səksən yeddi manat, iyirmi dörd qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X4" Bakı filialına ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6362,40 AZN (altı min üç yüz altmış iki manat, qırx qəpik) əsas, 361,80 AZN (üç yüz altmış bir manat, səksən qəpik) faiz borcu olmaqla, ümumilikdə 6724,80 AZN (altı min yeddi yüz iyirmi dörd manat, səksən qəpik) məbləğində borc və 87,24 AZN (səksən yeddi manat, iyirmi dörd qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X4" Bakı filialına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar