Məhkəmə qərarları › İş №e-2(006)-4363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4363/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4363/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə haqqının iddiaçıya ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə haqqının iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş 12.000 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən icarə haqqı tam ödənildiyindən icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsidə yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini 51 Saylı Notariat Kontorunda bağlanılmış 13 oktyabr 2022-ci il tarixli İcarə müqaviləsinə əsasn Cavabdeh MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinin 2.1ci maddəsinə əsasən aylıq icarə haqqı məbləği bu müqavilənin 1.1-ci maddəsində göstərilən ünvanda yerləşən “İcarə sahəsi”də “İcarəçi”nin aylıq ticarət dövriyyəsinin 3.3 faizi miqdarında müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci maddəsinə əsasən icarə müqaviləsinin müddəti marketin rəsmi açlışından başlayır və 10 il müddətinə müəyyən edilir və həmin müqavilə xx.xx.2032-ci ilədək qüvvədədir. Həmin icarə müqaviləsinin 5.3.1ci maddəsinə əsasən İcarəçi icarə haqqının hesablanması üçün satış dövriyyəsini təsdiq edən məlumatları ay bitdikdən sonra 15 gün ərzində İcarə verənə təqdim etməli idi. Həmin müqavilənin 5.3.3-cü maddəsinə əsasən İcarəçi icarə haqqını vaxtında və tam həcmdə ödəməlidir. Bundan başqa həmin müqavilənin 13.2-ci maddəsinə əsasən İcarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə, icarəyə verən bu müqaviləni yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. Lakin cavabdeh İcarə müqaviləsinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməmiş 2023-cü ilin mart və aprel ayları üçün icarə haqları istisna olmaqla, icarə haqqı məbləğləri hazırkı tarixədək ödənilməmişdir. Eyni zamanda icarə müddəti başladıqdan sonra Müqavilənin 5.3.1-ci maddəsində nəzərdə tutulan məlumatlar icarə verənə təqdim edilmədiyindən, icarə haqqı məbləğini hesablamaq mümkün olmamışdır. Bütün bu hallarla bağlı müqavilədə göstərilən qaydada və müddətdə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa müqavilədən irəli gələn hallarla bağlı müvafiq pritenziya qaydasında cavabdehə bildiriş ünvanlanmış, lakin heç bir nəticəsi olmamışdır. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq İcarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş 12.000 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizənin məzmununa uyğun izahat verərək Cavabdeh MMC tərəfindən icarə haqqı tam ödənildiyindən icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən, DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli əmlaka dair çıxarışla İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini (bundan sonra "İcarə sahəsi" adlandırılacaq) Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə Obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə aylıq icarə haqqı məbləği bu Müqavilənin 1.1 maddəsində göstərilən ünvanda yerləşən "İcarə sahəsində "İcarəçinin aylıq ticarət dövriyyəsinin 3.3 faizi miqdarında müəyyən edilir (ÖMV daxil). İş materiallarında olan icarəyə verənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ödənilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh MMC may və iyun ayının icarə haqqını ödəmədiyi səbəbindən, obyektin tam yararlı vəziyyətdə təhvil verilərək boşaldılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 sahənin mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir; 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Həmin qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin qanunun 13-cü maddəsinin 5-ci hissəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini icarəyə verilməsi barədə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı 12000 manat icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddiaçı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin sonradan Cavabdeh MMC İddiaçı olan 12000 manat borcunu tam olaraq ödəmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən icarə haqqı tam ödənildiyindən icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmədiyinə görə, tərəflər arasında bağlanılmış müqavilənin 13.2 bəndini pozduğuna görə, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməli; qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ünvan 1 ünvanda yerləşən 861,6 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar