Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4370/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.600 manat müqavilə üzrə borcun və 66 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalamışlar. Həmin borc müqaviləsinə əsasən o, Cavabdeh 2.700 və 2.600 olmaqla, ümumillikdə 5.300 manat borc pul vermişdir. Borc müqaviləsinə əsasən cavabdeh 2.700 manat pulu xx.xx.2022-ci il tarixində və 2.600 manat pulu isə xx.xx.2022-ci tarixində geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilənin üstündən neçə vaxt keçməsinə baxmayaraq, cavabdeh cəmi 700 manat pul ödəmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş və işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəmənin rəsmi elektron poçt ünvanına elektron məktub ünvanlanaraq bildirilmişdir ki, o, hazırda ölkədə olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmir. İddiaçı borcu olduğunu danmır. Lakin maddi vəziyyəti pis olduğu üçün borcunu ödəyə bilməmişdir. Hal-hazırda başqa ölkədədir, işləmək üçün gəlmişdir. İddiaçılə utandığı üçün artıq əlaqə saxlaya bilmir. Bir neçə dəfə söz verib edə bilmədiyi üçün. 3 aydan sonra borcunu ödəməyə başlayacaqdır. Sonda məhkəmədən işə baxıldıqda aylıq 50-100 manat civarında ödəmə qabiliyyətinin olmasının nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 54 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 3M-624 № ilə qeyd edilmiş və Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən borc verən borc alana 2.700 manat məbləğində pul borc verir; 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür; 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - Bakı şəhəri 54 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 3M-61 № ilə qeyd edilmiş və Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən borc verən borc alana 2.600 manat məbləğində pul borc verir; 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür; 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Bakı şəhəri 54 saylı Notariat Ofisində yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli kredit müqavilələri bağlanmışdır. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, yəni müqavilələrdə qeyd edilən borc məbləğlərini cavabdehə versə də, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və iddiaçıdan aldığı borcu indiyədək tam şəkildə geri ödəməmişdir. Bu səbəbdən iddiaçı ödənilməmiş borc məbləğinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə vermiş olduğu borc məbləğindən sonuncunun 700 manat geri ödəməsi, lakin qalan məbləğin hələ də ödənilməmiş qalması, cavabdehin isə iddianı etiraf edərək, iddiaçıya borcunun olması, lakin maddi vəziyyətinin ağır olması ilə əlaqədar ödənilməməsi və 3 ay sonra ödənişlərə başlayacağı müəyyən edilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, mülki iş məhkəmənin icraatında olduğu bütün dövr ərzində cavabdeh tərəf iddia tələbinə etirazını bildirməmiş və iddia tələbində qeyd edilənlərin əksini iddia etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.600 manat borc və ödənilmiş 66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.600 manat borc və ödənilmiş 66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4370/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4370/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver