Məhkəmə qərarları › İş №e-2(006)-4405/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4405/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4405/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili – Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «faizlərin hesablanması və borcun tutulmasının dayandırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «faizlərin hesablanması və borcun tutulmasının dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 26 may 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə güzəşt müddəti keçdikdən sonra yaranmış faiz və dəbbə pulunun hesablanması, həmçinin əsas və faiz borcunun iddiaçının bankda olan digər kart hesablarından akseptsiz silinməsi və ya ondan tələb edilməsinin kart hesabından pul vəsaitinin kim tərəfindən çıxarıldığı müəyyən edilənə kimi dayandırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli tam kart müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən 60 ay müddətinə kredit limitinin məbləği 15.000 manat olmaqla illik faiz dərəcəsi 24 faiz müəyyən edilmişdir. Həmin kart üzrə kredit xəttinin məbləği 500 manat, müddəti isə 36 ay olmuşdur. 08 avqust 2023-cü il tarixdə iddiaçının razılığı və məlumatı olmadan tam kart üzrə kredit limitinin məbləği 15.000 manat olan kart hesabından ümumilikdə 9500.50 AZN məbləğində pul vəsaiti aktivləşdirilərək həmin hesabdan məxaric olunmuşdur. Həmçinin kartın hesabında olan 497.35 manat kredit xətti üzrə verilmiş vəsait də həmin günü başqa hesaba köçürülmüşdür. Lakin həmin pul vəsaitinin kim və ya kimlər tərəfindən kartdan çəkilməsi və başqa hesaba köçürülməsi barədə iddiaçının heç bir məlumatı olmamışdır. Bundan sonra iddiaçı banka müraciət edərək kart hesabının bloklaşdırılmasını xahiş etmiş və bank tərəfindən həmin kart üzrə hesab bloklaşdırılmışdır. Baş vermiş bu dələduzluq halına görə iddiaçı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hazırda Suraxanı rayon Polis İdarəsində bununla bağlı müvafiq araşdırma işləri aparılır. xx.xx.2023-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi olaraq cavabdehə müraciət edərək kredit üzrə faiz və cərimənin hesablanmasının dayandırılmasını xahiş etsəmdə müraciətimizə heç bir cavab verilməmişdir. Həmin tarixdə verilmiş sorğuya xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Hazırda Suraxanı rayon Polis İdarəsində araşdırma aparılaraq kart hesabından edilmiş oğurluqla bağlı müvafiq araşdırmalar aparılır. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda iddiaçının debet hesabında banka 9997.85 manat borcu olduğu göstərilmişdir. Lakin, yuxarıda da qeyd etdiyi kimi həmin vəsait iddiaçı tərəfindən istifadə edilməmiş, onun məlumatı və razılığı olmadan bank fırıldaqçılığı yolu ilə hesabından çəkilmişdir. Hazırda polis orqanları tərəfindən araşdırma aparıldığı müddətdə həmin kredit üzrə faiz və cərimənin hesablanmasının dayandırılmasına zərurət vardır. Çünki, kredit müqaviləsi üzrə yuxarıda göstərilən məbləğdə limitə uyğun kredit məbləğinin ayrılması nəzərdə tutulsa da, həmin kredit iddiaçıya verilməmişdir, həmin məbləğdə pul vəsaitini iddiaçı almamışdır və hazırda hesab üzrə yaranmış 9997.85 AZN məbləğində pul vəsaiti kimə və ya kimlərə verilməsindən məlumatı yoxdur. Ona görə də bu hal məhkəmədə araşdırılmalı və cavabdeh müvafiq bank sənədləri təqdim edərək qeyd edilən pul vəsaitinin bank hesabından necə və hansı qaydada çıxarılmasını sübuta yetirməlidir. Lakin kredit müqaviləsi üzrə yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti iddiaçıya verilməmişdir və həmin vəsaitin kim tərəfindən əldə edilməsi barədə iddiaçının heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli tam kart müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya illik faiz dərəcəsi 24 faizlə müddəti 60 ay olmaqla kredit limitinin məbləği 15.000 manat, müddəti isə 36 ay olmaqla kredit xəttinin məbləği 500 manat kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, 07-xx.xx.2023-cü il tarixlərdə cavabdehdə olan iddiaçıya məxsus hesabdan 497,35 manat, 4364,50 manat, 61 manat və 5075 manat olmaqla ümumilikdə 9997,85 manat pul silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş məzmunu) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş məzmunu) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş məzmunu) əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BPM**********40 nömrəli tam kart müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya illik faiz dərəcəsi 24 faizlə müddəti 60 ay olmaqla kredit limitinin məbləği 15.000 manat, müddəti isə 36 ay olmaqla kredit xəttinin məbləği 500 manat kredit verilmişdir. 07-xx.xx.2023-cü il tarixlərdə cavabdehdə olan iddiaçıya məxsus hesabdan 497,35 manat, 4364,50 manat, 61 manat və 5075 manat olmaqla ümumilikdə 9997,85 manat pul silinmişdir. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə faiz və dəbbə pulunun hesablanmasının kart hesabından pul vəsaitinin kim tərəfindən çıxarıldığı müəyyən edilənə kimi dayandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılması müddəti müəyyən edilmişdir ki, bu halda cavabdehin həmin müddət ərzində borcun qaytarılmasını tələb etmək hüququ vardır və cavabdeh kredit məbləğinə hesablanmış faizlər hesabına gəlir əldə edir. Eyni zamanda nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə hansısa səbəbə görə faizlərin hesablanmasının və ya borcun qaytarılmasının tələb edilməsinin dayandırılması və ya məhdudlaşdırılması nəzərədə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar