Məhkəmə qərarları › İş №e-2(006)-4414/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-4414/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4414/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 123,95 manat əsas, 31,5 manat cərimə borcu, cəmi 155,45 manat, həmçinin 20 manat dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2018-ciildə bağlanmış 114692 saylı nisyə alqı-satqı laviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 249 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 20,75 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 26-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 6 ay toplam olaraq 125,05 manat ödəniş etmiş və qalıq 123,95 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilərək 123,95 manat əsas, həmin gün üçün hesablanmış 29,61 (20,75 x 1% = 0,21 x 141 gün = 29,61) manat cərimə, 153,56 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 123,95 manat əsas, xx.xx.2019-cu il tarixədək (müqavilə müddətinin sonunadək) hesablanmış 31,5 (20,75 x 1% = 0,21 x 150 gün = 31,5) manat cərimə borcu, cəmi 155,45 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 123,95 manat əsas, 31,5 manat cərimə borcu, cəmi 155,45 manat, həmçinin 20 manat dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinin tələblərinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə ümumilikdə dəyəri 249 manat təşkil edən “Huawei Honor 6 LTE” markalı mobil telefonunun alqı-satqısına dair 114692 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.1 % miqdarında dəbbə pulu ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2018-ci il tarixli müqavilə üzrə 31,50 manat təşkil edir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh müqavilə üzrə “Huawei Honor 6 LTE” markalı avadanlığı tam qüsursuz halda təhvil almışdır. xx.xx.2019-cu il tarixli pretenziya bildirişdən görünür ki, Cavabdeh pulunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ **********27) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2018-ci il tarixli müqavilə üzrə 123,95 manat əsas pulu, 31,50 manat dəbbə pulu, cəmi 155,45 manat pulu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə pulludur. MM-nin 601.1 və 123,95.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda pullunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas pul və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 31,50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 123,95 manat əsas pul, 31,50 manat cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 175,45 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 123,95 manat, cərimə borcu üzrə 31,50 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 175,45 (yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar