Məhkəmə qərarları › İş №e-2(006)-4425/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4425/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4425/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2722.00 AZN, faiz borcuna görə 879.52 AZN, cərimə borcuna görə 131.09 AZN, cəmi 3732.61 (üç min yeddi yüz otuz iki manat altmış bir qəpik) AZN məbləğində borcun və 57.33 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********6056 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 172 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6056 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Şükürov Niyaməddin Qafur oğlunun əsas borc üzrə 2722.00 AZN, faiz borcuna görə 879.52 AZN, cərimə borcuna görə 131.09 AZN, cəmi 3732.61 çü) min yeddi yüz otuz iki manat altmış bir qəpik) AZN təşkil edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş: xx.xx.2022-ci il tarixli **********6056 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3000.00 manat məbləğində pul vəsaitini (kredit) verməyi, Cavabdeh2 isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında İddiaçı MM QBKT-yə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit üzərində 32.00% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. xx.xx.2022-ci il tarixli **********6***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli **********6056 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3000.00 manat məbləğində pul vəsaitini illik 32.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Eyni zamanda qeyd edilməlidir ki, hazırki mübahisə üzrə iddiaçı "FİNCA AZERBAİJAN" MM QBKT vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış, X1-Bank Kredit Təşkilatı təşkilati-hüquqi formasında fəaliyyət göstərən kommersiya hüquqi şəxsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılır. Beləliklə, sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – iddiaçı "FİNCA AZERBAİJAN" X1-Bank Kredit Təşkilatı (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinə malik olan, dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Başqa sözlə, hazırki mübahisənin subyektiv tərkibi kommersiya hüquqi şəxsi və vergi ödəyicisi olan fiziki şəxsdir. Tərəflər arasında münasibətlərin xarakteri və mübahisənin predmeti ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı "FİNCA AZERBAİJAN" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********6056 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 qeyri-bank kredit təşkilatı olan iddiaçıdan ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə kredit götürməklə, qeyri-bank kredit təşkilatı isə ona kredit verməklə gəlir əldə etmək niyyətində olmuşlar. İddiaçı ilə Cavabdeh2 arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Mübahisənin predmetini təşkil edən pul tələbi də məhz həmin kredit müqaviləsindən irəli gələn tələbdir. Bununla da tərəflər arasında kommersiya münasibətlərinin olması və hazırki mübahisənin predmetinin həmin kommersiya münasibətlərindən yaranması öz təsdiqini tapır. Digər Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi isə əsas öhdəlikdən (əsas kredit müqaviləsi) törəmiş və əsas öhdəliyin təminat üsulu olmuşdur. Bu hal onu deməyə əsas verir ki, zaminlik münasibətləri də məhz kommersiya məqsədilə rəsmiləşdirilmiş kredit müqaviləsinin təminatı olduğundan, hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli münasibətlərdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan hüquq münasibətlərinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 57.33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 57.33 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 57.33 (əlli yeddi manat otuz üç qəpik) manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar