Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-446/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «kredit öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə maraqlı şəxsə təqdim edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «kredit öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə maraqlı şəxsə təqdim edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi üzrə İddiaçı həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə Maraqlı şəxs MMC-yə təqdim edilməsi və müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılması, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsinin cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən kreditor tərəfindən borcluya 18 ay müddətinə illik 28 faiz dərəcəsi hesablanmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Həmçinin LPO Cavabdeh2 ASC ilə X4 arasında xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər İddiaçı və X3 qarşı cavabdehlərdən 521 nömrəli xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 5.987 manat 56 qəpik əsas, 778 manat 96 qəpik faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.458 manat 61 qəpik faiz olmaqla, cəmi 10.225 manat 13 qəpik kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödənilməsi barədə iddia ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5920/2021 saylı qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı cavabdehlərdən 521 nömrəli xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 5.987 manat 56 qəpik əsas, 778 manat 96 qəpik faiz, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.458 manat 61 qəpik faiz olmaqla, cəmi 10.225 manat 13 qəpik kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq LPO Cavabdeh2 ASC-yə ödənilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli müqavilə üzrə bank tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs MMC-yə və xx.xx.2022-ci il tarixdə isə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna reyestrdə düzəlişlərin edilməsinə dair müraciətlər etsə də, heç bir tədbir görülməmişdir. «Kredit büroları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Kredit öhdəliyinin kredit tarixçəsində qalması onun sahibkar kimi işgüzar nüfuzuna, iqtisadi reputasiyasına xələl gəlməsi, gələcəkdə kommersiya layihələrinin bank və kredit təşkilatları tərəfindən maliyyələşdirilməsi imkanlarının məhdudlaşdırılması, kredit tarixçənin əsassız olaraq korlanması kimi mənfi nəticələr doğura bilən real maddi və mənəvi ziyan vurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Diqqətə layiqdir ki, kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu barədə qənaətə gəlinmişdir. Bunu nəzərə alaraq hesab edirlər ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. Hazırki iddia tələbindən də göründüyü kimi həmin müddət keçmişdir. Belə ki, qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İddia ərirzəsindən göründüyü kimi xx.xx.2008-ci il tarixli kredit müqaviləsi 18 ay müddətinə bağlanılmış, müqavilə üzrə öhdəliklərin icrası müddətinin sonu xx.xx.2009cu il tarixədək müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə əsasən banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası «Kredit büroları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Azərbaycan kredit bürosuna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi» Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Konstitusiyanın 32-ci maddəsinin V hissəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5920/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı LPO Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və qeyrisinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilmişdir. İddia iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar (tərəflər arasında kredit müqaviləsi bağlanması, kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanması, borc alana kredit verilməsi və s.) aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. X1 qeyd etmişdir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən «şərəf borcu» da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Dövlətin maliyyə-kredit sisteminə etimadın, həmçinin onun sabitliyinin təmin edilməsi məqsədi ilə qanunverici bu cür öhdəliklərdən irəli gələn tələblərin müddətsiz olaraq iddia ilə təmin edilməsinə zəmanət verir. Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən edilən müddətlər bütün tələblər üçün nəzərdə tutulduğundan, onların öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirilməsi, qeyd edilən 384.0.2-ci maddə ilə uyğunsuzluq yaradıb-yaratmaması ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Təsadüfi deyil ki, tələblərin əvəzləşdirilməsinin yolverilməzliyindən bəhs edərkən, qanunverici məhz “iddia müddəti” anlayışından istifadə etmişdir. Mülki Məcəllənin 545.0.4cü maddəsinə görə, digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377-ci və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380-ci və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379-cu və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir. Həmçinin, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan «bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir» və «aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir» ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında «müddətin keçməsi» halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Bu səbəbdən, hazırkı mülki iş üzrə iddia tələbi təmin edilə bilməz. Ödəniş (mədaxil) qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «kredit öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə maraqlı şəxsə təqdim edilməsi və s.» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb olunmaqla) «kredit öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqsədi ilə maraqlı şəxsə təqdim edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-446/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-446/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver