Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-451/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı X4, X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X4, X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Kontoru, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 2006-cı ildə vəfat etmişdir. Mərhum atası rəhmətə getdikdən sonra ondan ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. Atası rəhmətə getdikdən sonra aralarında olan razılaşmaya əsasən o, ərizə ilə notariat orqanına müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evini anasının adına vərəsəliklə keçməsinə razılıq vermişdir. Razılığa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras olaraq ona verilməli idi. Münasibətlər normal olduğu üçün sənədləşdirmə hissəsini həll etməmişlər. Eyni zamanda mərhum atasından qalan miras əmlakı idarə etməklə onu idarə etmişlər və miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. 2023-cü ildə ona məlum olmuşdur ki, iş üzrə cavabdeh qardaşı Cavabdeh1 anasının yaşlı olmasından istifadə edərək mərhum atasından miras qalan ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evini ilkin olaraq anasının adına və sonradan izi itirmək üçün həmin əmlakları bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Bütün bu əməliyyatlardan 2023-cn ilin yay aylarında növbəti dəfə faktiki qebul edilmiş miras olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə getdikden sonra məlumatı olmuşdur. Ataanasının rəsmi nikahından vərəsə ola biləcək 3 övlad olmuş və həmin övladlardan biri rəhmətə getsə də, onun övladları qalmışdır. Vərəsə olaraq onlar miras əmlaklar idarə edilərkən nəzərə alınmamışlar. Göstərilənlərə əsasən Cavabdeh3 adına Bakı şəhəri 14 saylı Notariat ofisində (kontorunda) təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 arasında 4Ə-56 reyestr nömrə ilə, xx.xx.2016-cı il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mərhum atası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinin ilkin sənədlərin bərpa edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə vərəsələr arasında bölünərək paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Sonradan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə İddiaçı hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onlar ailədə 3 uşaq olmuşlar. Boyük qardaşı Cəmaləddin, kiçik qadaşı Vüsal və o. Atası rəhmətə getdikdən sonra anası ona bildirmişdir ki, atasıyla belə məsləhətləşiblər ki, bağ sahəsi qardaşı Vüsal və onun arasında bölünsün. Lakin o pay istəmədiyini və öz payını vəfat etmiş qardaşı Cəmaləddinin uşaqlarına verilməsini istədiyini bildirmişdir. Qardaşı Vüsal və anası da bununla razılaşmışlar. Daha sonra atasından digər vəsiyyət qalmış mənzildən qardaşı Vüsalın xeyrinə imtina etmişdir. Lakin bağ sahəsi ilə bağlı heç bir fikir bildirməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qardaşı Vüsal anasının yaşlılığından istifadə edərək, ondan razılıq ərizəsi almış və bağ sahəsini də öz adına keçirmişdir. Həmin vaxt anası ağır xəstə olmuşdur. Düzdür, o savadlı qadındır və həmin vaxt anlaqlı olmuşdur. Lakin onun xəstəliyi ilə bağlı çəkdiyi dözülməz ağrıların təsirini də göz önünə almaq lazımdır. Bundan başqa bildirmişdir ki, onların qardaşıyla heç vaxt münasibətləri pis olmamış, həmişə ailəlikcə həmin mübahisəli bağda bir yerdə yaşamışlar. O hesab etməzdi ki, qardaşı belə bir hərəkət edər. Bu halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi, vərəsəlik işi mirasqoyanın ölümündən 3 il sonra açılmışdır. Bu zaman iddiaçının mirasdan qismən imtina etməsi ilə bağlı ərizəsi alınmış və sonradan həmin ərizədən istifadə edilərək digər əmlak da Cavabdeh1 adına sənədləşdirilmişdir. Vərəsəlik işi aparılarkən iddiaçının vəfat etmiş qardaşı C.Məmmədovun uşaqları prosesə cəlb edilməmiş və onların fikiri nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçı və cavabdehin anasıdır. Onun 3 övladı olmuşdur. Böyük oğlu Cəmaləddin vəfat etmiş, onun iki övladı qalmışdır. Həyat yoldaşı vəfat etməzdən öncə onlar məsləhətləşləşmişlər ki, bağ sahəsinin bir hissəsini qızına, digər böyük olan hissəsini isə oğlu Vüsala versinlər. Lakin həyat yoldaşı vəfat etdikdən sonra qızı öz payını istəmədiyini və ona çatası payını qardaşı Cəmaləddinin övladlarına verməklərini istəmişdir. Bundan sonra o, Vüsala bildirmişdir ki, həmin bağ sahəsi ilə bağlı əskik olan bütün sənədləri tamamlayıb, onun 5 sotunu Cəmaləddinin övladlarına versinlər, yerdə qalan sahə isə Vüsala qalsın. Hazırda o, oğlu Vüsalla bir yerdə yaşayır və onunla aralarında heç vaxt mübahisə olmamışdır. 5-6 il bundan əvvəl oğlunun vəkili bütün sənədləşmələri öz üzərinə götürmüş, bu müddət ərzində hər dəfə oğlundan sənədləşdirmələrin nə yerdə olduğunu soruşduqda o, həll olmadığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, oğlu onun etibarından suiistifadə edərək ona yazılı ərizə imzalatmış və bütün sahəni öz adına rəsmiləşdirmişdir. Bu zaman ərizənin mahiyyəti barəsində ona heç bir məlumat verilməmiş, heç vaxt belə bir niyyəti olmamışdır. O, həmin sahədən böyük oğlunun övladlarına da pay verilməsini istəmişdir.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 qeyd etmişdir ki, o, aldanaraq ərizəyə imza atmışdır. Lakin bu belə deyil. Həmin prosedurda da o, yaxından iştirak etmiş və bütün təfərrüatı ilə prosedurları Cavabdeh3 izah etmişdir. Əgər Cavabdeh1 həqiqətən anasını aldatmaq kimi bir niyyəti olsaydı, anasının ona hələ 2014-cü ildən, yəni bu prosedurlardan 2 il öncə vermiş olduğu etibarnamədən istifadə edərək bunu edərdi. Lakin Cavabdeh1 belə bir niyyəti olmamışdır. Cavabdeh3 da hazırda məhkəmə iclasında iştirak edir və onun çıxışından da görünür ki, onun psixi və anlaqlılıq vəziyyəti tam yerdindədir. Onun bundan hələ 8 il əvvəl ərizəni imzalayarkən ərizənin mahiyyətini başa düşməməsi, anlaqsız olması mümkün deyildir. Bundan başqa, F.Məmmdova daha öncə hazırki mülki işlə bağlı iddia ilə məhkəməyə müraciət etmiş və iddiası baxılmamış saxlanılmışdır. İddiaçının gələcəkdə ev tikməyi planlaşdırdığını bildirdiyi sahə məhz bağ sahəsi Cavabdeh1 keçdikdən sonra özəlləşdirilmişdir. Bundan öncə həmin sahə dövlət mülkiyyətində olmuşdur. Həmçinin tərəflər arasında öncədən müəyyən olunmuşdur ki, Cavabdeh3 və onun həyat yoldaşının Qazax rayonunda yerləşən yurd sahəsi qızları Cəmaləyə, hazırki mübahisəli bağ sahəsi isə oğulları Vüsala verilsin. Bunlar işin faktiki hallarıdır. İşin hüquqi tərəfinə gəlincə isə vərəsəlik işində İddiaçı imtina ərizəsi vardır. Həmin ərizədə o qeyd edir ki, mirasdan heç bir pay tələbi yoxdur. Mirasın anlayışı isə AR MM-da qeyd edilir. Belə ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Əgər şəxs mirasdan imtina edirsə mirasqoyandan qalan bütün əmlakdan imtina etmiş sayılır. Yəni, şəxs bir əmlakdan imtina edirsə, hesab edilir ki, o, bütün əmlakdan imtina etmişdir. Mirasdan qismən imtina edilməsinə və onun şərtlə qəbul edilməsinə yol verilmir. C.Məmmədovun uşaqlarının razılığının alınmamasına gəlincə isə bildirmişdir ki, onların heç vaxt və hazırda da bununla bağlı bir tələbləri yoxdur, məhkəmə iclasında isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edirlər. Bu hallar nəzərə alınaraq iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, eyni zamanda, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinin notariusu Elmar Əliyev məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə təyin olunmuş məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını xahiş etmişdir.
10. Cavabdeh Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, eyni zamanda, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisinin notariusu Tamilla Kərimova məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə təyin olunmuş məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Digər proses iştirakçıları isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
12. Məhkəmə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası vəfat etdikdən sonra ondan ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. Aralarında olan razılaşmaya əsasən o, ərizə ilə notariat orqanına müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evi qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbinin olmadığını bildirmişdir. Hazırda iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
b) Mülki işin materialları:
15. Mülki işin materiallarında olan xx.xx.1964-cü il tarixdə verilmiş AЗ № 020441 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X12 xx.xx.1964-cü il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 719 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
16. Mülki işin materiallarında olan xx.xx.1971-ci il tarixdə verilmiş АЗБ seriyalı 162654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1971ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası Cavabdeh3dır.
17. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 178366 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 44 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «ürəyin dayanması» göstərilmişdir.
18. Mülki işin materiallarında olan İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə yazılmış ərizədən görünür ki, o, vəfat etmiş atası X5 ünvan 1 ünvanında miras qalmış əmlakı qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbi yoxdur. Həmin miras qalmış yaşayış evi anası Cavabdeh3 adına keçməsinə etiraz etmədiyini bildirmişdir.
19. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 142164 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Rəhmanov küçəsindəki 2 nömrəli yaşayış evinin 11 saylı mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 916 nömrəli reyestr kitabında xx.xx.1998ci il tarixdə qeydiyyat aparılmışdır.
20. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 5 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 773 saylı bağ evi xx.xx.1993-cü il tarixli, 6499 nömrəli icarə müqaviləsi əsasında xx.xx.1999-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evi 14-cü dövlət notariat kontorunda təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 saylı bağ evi Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-56 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən bağ evinin yerləşdiyi 0.15 hektar torpaq sahəsi vahid əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
21. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.01564 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət 773 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3806 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi: **********78-11301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009.
22. Mülki işin materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X12 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanında yerləşən ümumi sahəsi 58.78 kv/m, yaşayış sahəsi 32.2 kv/m, yardımçı sahəsi 26.58 kv/m olan 1 mərtəbəli, 2 otaqlı bağ evini Cavabdeh1 bağışlamışdır.
23. Mülki işin materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2009-cu il tarixli şəhadətnaməyə əsasən X5 vərəsəsi arvadı X10r.
24. Mülki işin materiallarında olan Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətinə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X5 vərəsələri: arvadı - X12 və oğlu - Cavabdeh1 miras əmlakdan irs almalıdırlar.
25. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
26. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə olsa da, tələbin hüquqi əsasları mirasdan imtina ərizəsinin ləğv edilməsinə yönəlmiş və işə bu kontekstdə qiymət verilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
28. Eyni Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
29. Göstərilən Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
30. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
31. Eyni Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
32. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin geri götürülməsi qanunla qadağan edilmiş və bu imperativ formada göstərilmişdir.
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 14 saylı notariat ofisində 03 fevral 2009-cu il tarixdə 2V-1/20 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində olan imtina ərizəsindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında miras qalmış əmlakı qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbi yoxdur.
34. Mülki hüquqi nəzəriyyə görə mirasdan imtina birtərəfli iradə ifadəsi hesab edildiyindən bu imtina formalaşdırıcı haqqa daha yaxın münasibət halına gəlmiş olur. Belə ki, formalaşdırıcı haqlar birtərəfli iradə ifadəsi ilə həyata keçirilir. Formalaşdırıcı haqlar istifadə olunan kimi aradan qalxır/xitam olur. Bunun səbəbi odur ki, formalaşdırıcı haqlar istifadə olunduqda məqsəd əldə edilmiş olur. Yəni birtərəfli iradə ifadəsilə hüquqi münasibət arzu olunan hala gəlir. Formalaşdırıcı haqlar müəyyən edilən qaydada istifadə olunduqdan sonra onları geri bərpa etmək mümkün olmur. Belə ki, formalaşdırıcı haqqın istifadə olunması ilə birlikdə məqsəd əmələ gəldiyinə və mənafe də təmin olunmuş hesab olunduğuna görə formalaşdırıcı haqq da xitam olur. Məsələn, hazırkı halda da iddiaçı mirasdan imtina etmişdir. Mülki qanunvericiliyə əsasən qeyd edlidiyi kimi vərəsə mirasdan imtina etdikdən sonra bu imtinanı geri götürə bilməz. Formalaşdırıcı haqlar qeyd olunduğu kimi öz sahiblərinə birtərəfli istifadə olunmaqla başqalarının hüquqi vəziyyətini dəyişdirmək nəticəsini əmələ gətirən haqlardır. Bu baxımdan hüquqi durumları formalaşdırıcı haqların istifadə olunması ilə birlikdə iradələri xaricində dəyişən mülki hüquq subyektlərinin öz hüquqi vəziyyətlərinin nə vaxt və hansı mahiyyətdə dəyişməsi barəsində aydın və konkret məlumata malik olması lazımdır. Formalaşdırıcı haqların istifadə olunmasından imtina edilməsi həm onlar (hüquqi vəziyyəti dəyişəcək olanlar) baxımından, həm də hüquq sistemi baxımından müəyyənliyi aradan qaldırar. Çünki mülki hüquqda şərt, hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas götürülən, ancaq baş verib-verməyəcəyi məlum olmayan hal və ya hadisədir. Formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulan müddətlər kəsici müddətlər olur. Çünki formalaşdırıcı haqlar istifadə olunub əlaqədar tərəfə çatmaqla öz hüquqi təsirini əmələ gətirir. Əlaqədar tərəfin iradəsinin bunun qarşısını almaq baxımından bir təsir və rolu olmur. Formalaşdırıcı haqlar birtərəfli qaydada hüquqa uyğun bir şəkildə haqq sahibi tərəfindən istifadə olunmaqla avtomatik olaraq istiqamətləndiyi hüquqi nəticəni əmələ gətirir. Belə bir haqqın istifadəsi hüquqi müstəvidə dərhal dəyişikliyə səbəb olduğuna görə, hüquqi müəyyənliyin təmin olunması ehtiyacı, bu cür haqlar üçün nəzərdə tutulan müddətlərin kəsici olmasını zəruri edir. Yəni formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulmuş olan müddətin ötürülməsi/keçməsi, avtomatik olaraq formalaşdıran haqqın öz-özlüyündən xitam olmasına səbəb olur.
35. Hazırkı halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras payından imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququdan məhrum olmuşdur. Bu baxımdan araşdırılan mübahisə üzrə haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM -217.1m). Odur ki, məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı əmlakın Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki bağ evinə münasibətdə imtina etmədiyini qeyd etmişdir ki, qanunverici hər hansı şərtlə mirasdan imtinanı müəyyən etməmiş , bunun əksinə qadağa edici norma müəyyən etmişdir. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qalan əmlakı bütünlükdə qəbul etməli, daha sonra özünə düşən payı üçüncü şəxslərin xeyrinə rəsmiləşdirməli idi. Bu hüquqi prosedurlara riayət etmədən miras əmlakından hissəsi imtina və ya qəbul mümkün hesab edilə bilməz. Bu kimi hal özlüyündə miras qoyanın mirsas əmlakları üzərində vərəsələr arasında yersiz ixtilafların yaranmasına, miras əmlaklarına dair ayrı-seçkiliyə gətirib çıxarması ehtimalları nəzərə alınmaqla mülki hüquq belə bir qənaətə gəlmişdir.
36. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
37. Bundan əlavə, məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasının özü əsassız olduğundan həmin ərizəyə münasibət bildirilməsinə əlavə zərurət qalmamışdır.
38. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddianın miras əmlakına münasibətdə yuxarıdakı hüquqi mövqeyə əsasən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən iddia digər hissələrdə yəni ilkin sənədlərin bərpa edilməsi və s hissələrdə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan bu hissələrdə də təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən İddiaçı X4, X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir.
40. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı X4, X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.