Məhkəmə qərarları › İş №e-2(006)-4519/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4519/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4519/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (şəxs "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesabına əlavə olunmuş 544,70 USD məbləğində kredit borcunun silinməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsalandırılmışdır ki, "xxxx" ASC-yə olan 2.259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və 20 AZN məbləğində dövlət rüsumunun ödənilməsi barədə Şamaxı Rayon Məhkəməsi tərəfindən məhkəmə əmri çıxarılmışdır. Həmin borc məbləğinin xeyli hissəsi tərəfindən ödənildiyi üçün hal-hazırda "xxxx" ASC-yə 424,32 USD qalıq borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 AZN pul məbləğində kredit borcu qalmışdır. "xxxx" ASC tərəfindən həmin borcun tutulması üçün 14 may 2022-ci il tarixində Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuşdur. Həmin təşkilatın müraciəti əsasında da Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qalıq borcun tutulması üçün 18 may 2022-ci il tarixində işlədiyi təşkilat olan "xxxx" ASC-yə müraciət olunaraq hər aylıq əmək haqqından 50%-nin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi bildirilmişdir. Qalıq qalan kredit məbləğinin yeni müqavilə bağlanılaraq, aylıq olaraq hissə-hissə ödənilməsi üçün "xxxx" ASC olan müraciətinin cavabında, həmin banka olan kredit borcunun 424,32 USD pul məbləğində deyil, 969,02 USD pul məbləğində olduğu barədə ona arayış təqdim olunmuşdur. İşin faktiki hallarından da görünür ki, "xxxx" ASC tərəfindən, qalıq borcunun əmək haqqından tutulması üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuş 14 may 2022-ci il tarixli arayışda da 424,32 USD qalıq borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq da 20 manat pul məbləğində ödənilməmiş borcumun olduğu bildirilmişdir. "xxxx" ASC tərəfindən ona təqdim olunmuş 07 sentyabr 2022-ci il tarixli arayışda isə qalıq borcumun 969,02 USD məbləğində olduğu qeyd olunmuşdur. Buradan da görünür ki, qanuni qüvvəsini almış məhkəmə əmri olmasına baxmayaraq, qanunsuz olaraq onun hesabına əlavə 544,70 USD məbləğində kredit borcu yazılmışdır Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli əmri ilə borclu İddiaçı cəmi 2.412,33 USD və 20 manat tutulması əmr edilmişdir. Əmr qəbul ediləndən əvvəlki dövrdə son ödəniş xx.xx.2015-ci il tarixində 9,52 USD məbləğində olmuşdur. Əmr qəbul ediləndən sonrakı ilk mədaxil xx.xx.2019-cu il tarixində olmuşdur (AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq 832,42 USD kompensasiya ödənilmişdir). Beləliklə, əmr qəbul ediləndən sonrakı müddət ərzində, yəni xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı cəmi 1302,09 USD ödəniş daxil olmuşdur (hesabdan çıxarış əlavə edilir). Bundan sonra həmin əmrin icrası qaydasında İddiaçı ödəniş daxil olmamışdır. Borcun qalığı 969,02 USD təşkil etmişdir. İddiaçı qarşı 505nkADJ/15 kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" KB ASC-dən xx.xx.2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" MMC-yə keçmişdir. Həmin tarixdən də bu borclar üzrə ödənişlər "xxxx" MMC-yə yönəldilməlidir. İddiaçı 505nkADJ/15 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qalıq borcunun məbləği dəyişilməz qalır, yəni 969,02 USD (doqquz yüz altmış doqquz USD 2 sent) təşkil edir. İddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı (şəxs "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Konstitusiya Məhkəməsinin Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Yuxarıda qeyd edilənlərə və mülki işin hüquqi təbiətinə əsasən məhkəmə hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının hazırki tələbi məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində yaranmış məsələlərlə bağlıdır və sözügedən məsələ yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun XXİ fəslinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Məhkəmə qərarına əsasən bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Çünki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mülki-Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı məhkəmə aktının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmadığından və beləliklə də bu tələbə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması mümkün olmadığından, hazırki mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (şəxs "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar