Məhkəmə qərarları › İş №e-2(006)-4553/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4553/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4553/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2543 (iki min beş yüz qırx üç) manat məbləğində əsas borc, 5 (beş) manat faiz borcu, 154 (yüz əlli dörd) manat cərimə borcu olmaqla, cəmi 2702 (iki min yeddi yüz iki) manat məbləğində borc və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, PKSTN 0889 saylı güzəştli kredit müqaviləsinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2654 (iki min altı yüz əlli dörd) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, BOKT-a olan borcunu ödəməmişdir. 12 sentyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi 2543 (iki min beş yüz qırx üç) manat məbləğində əsas borcu, 5 (beş) manat faiz borcu, 154 (yüz əlli dörd) manat cərimə borcu olmaqla, cəmi 2702 (iki min yeddi yüz iki) manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə BOKT-un xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının BOKT-a ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən, ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi üzərindən məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mülki iş üzrə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan 19 avqust 2019-cu il tarixli PKSTN-0889 №-li kredit müqaviləsindən müəyyən edilir ki, bank borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2654 (iki min altı yüz əlli dörd) manat məbləğində kredit vermişdir. Mülki işin materiallarında olan iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən təqdim edimiş xx.xx.2022 il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli PKSTN-0889 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2543 manat əsas, 5 manat faiz borcu, 154 manat cərimə borcu, cəmi 2702 manat borcu vardır. Mülki işin materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən borcluya ünvanlanan 01 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh borclu olduğu kredit ödənişini 07 sentyabr 2022-ci il tarixədək ödəməsi, əks halda tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 47 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh aralarında bağlanmış xx.xx.2019-cu il tarixli PKSTN- 0889 saylı kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2654 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli PKSTN-0889 №-li kredit müqaviləsi üzrə kredit borcun qaytarılması ödəniş qrafiki üzrə razılaşdırılsa da, cavabdeh borcu qrafik üzrə qaytarmamış, müqaviləyə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı müqavilə üzrə borcun ödənilməsi, əks halda qanunverciliyin tələblərinə uyğun olaraq barəsində tədbir görülməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə 19 avqust 2019cu il tarixli müqavilə üzrə 2543 manat əsas, 5 manat faiz borcu, 154 manat cərimə, cəmi 2702 manat borcu yaranmışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Cavabdeh münasibətdə əsas və faiz borcunun tam tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin cərimə tutulması hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" BOKT ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Həmçinin, MM-nin 449.4-cü maddəsinin tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, hazırda iddiaçı bankla cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il Kredit razılaşmasına uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün razılaşdırılmış məbləğdə cərimə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda 154 manat məbləğində cərimənin Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə pulu 154 manat məbləğində deyil 15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2543 (iki min beş yüz qırx üç) manat məbləğində əsas borc, 5 (beş) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 2563 (iki min beş yüz altmış üç) manat məbləğində borc və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2543 (iki min beş yüz qırx üç) manat məbləğində əsas borc, 5 (beş) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 2563 (iki min beş yüz altmış üç) manat məbləğində borc və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar