Məhkəmə qərarları › İş №e-2(006)-4556/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4556/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4556/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nizami Rayon Məhkəməsinin 2(007)- 410/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə arasında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 140 (yüz qırx) manat məbləğində alimentin iddiaçının xeyrimə tutulması qət edilmişdir. Hazırda 140 manat aliment övladının ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məktəbə getdiyi üçün lazımi qaydada ehtiyaclarını qarşılaya bilmir. Buna görə də iddiaçı tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Nizami Rayon Məhkəməsinin 2(007)-410/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-410/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 140 manat məbləğində alimentin iddiaçının xeyrimə tutulması qət edilmişdir. Hazırda 140 manat aliment övladının ehtiyaclarını ödəmək üçün yetərli deyil. Həmçinin, tərəflərin birgə nikahlarından doğulmuş uşaq hazırda 11 yaşındadır və məktəbə getdiyi üçün iddiaçı onun lazımi qaydada ehtiyaclarını qarşılaya bilməkdə çətinlik çəkir. Buna görə də tərəflərindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanuna əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hazırda tələb həmin miqdarda alimentin təyin edilməsi ilə bağlıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş alimenti hər ay 200 manat olmaqla vaxtlı-vaxtında ödəyir. İndiyənə kimi heç bir aliment borcu yaranmamışdır. Hazırki tələbi isə qəbul etmir. Belə ki, o, ikinci dəfə ailə qurmuş və ikinci nikahından 3 azyaşlı övladı var. Onların da təminatı onun öhdəsindədir. Ona görə də alimentin artırılmış məbləğini ödəməyə maddi imkanı çatmır. Bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından bir övladları olmuş, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2014-cü il tarixli, 2(007)- 410/2014 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşağın iddiaçının yanında qalması və saxlanılması üçün aylıq 140 manat məbləğində aliment təyin edilmişdir. Daha sonra iddiaçı aliment məbləğinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2902/2022 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq aylıq 193 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh ikinci dəfə ailə həyatı qurmuş və hazırda həmin nikahdan da 3 uşağı vardır. Hazırda iddiaçı aliment məbləğinin artırılaraq aylıq 235 manat məbləğində müəyyən edilməsini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2014cü il tarixli, 2(007)-410/2014 saylı qətnaməsinə əsasən iddia ərizəsinin qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında 09 iyun 2012-ci il tarixdə bağlanmış və 430 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 14 avqust 2013-cü il təvəllüdlü X1 anası X2 himayəsində qalması, Cavabdeh 29 noyabr 2013-cü il tarixdən başlayaraq 14 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 (yüz qırx) manat və uşaq 3 yaçına çatanadək maddi tələbatının ödənilməsi üçün hər ay 80 (səksən) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və aliment tələbi ilə bağlı 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. 8.Mülki işin materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 209559 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Süleymanova soyadı verilmişdir. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2902/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahlarından olan 14 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması və Cavabdeh 43.16 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədi üzrə borclu Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi üzrə icraata başlanılmış və bildiriş borclunun ünvanına göndərilmişdir. 11.Mülki işin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 299210 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 3476 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Musayeva” soyadı verilmişdir. 12.Mülki işin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-V seriyalı, 040479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X7 qeyd edilmişdir. 13.Mülki işin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 878282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X7 qeyd edilmişdir. 14.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən etibarən Təftiş şöbəsinin rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. 15.Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-T seriyalı, 027454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X3 qeyd edilmişdir. 16.Mülki işin materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. 17.Mülki işin materiallarında olan mədaxil qəbzlərinin surətindən görünür ki, müxtəlif vaxtlarda Cavabdeh tərəfindən İddiaçı məxsus hesaba 193 və 200 manat olmaqla aylıq aliment ödənişləri ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 19.Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 20.Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. 21.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). 22.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 23.Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 24.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 25.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 26.Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 27.Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 28.Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 29.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 30.Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Odur ki, hazırda iddiaçı aliment məbləğinin artırılması barədə iddia tələbi məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur.

31. Məhkəmə xx.xx.2013-cü il təvəllüdlü X1 da mənafeyini diqqətdən kənar qoymamaq ilə yanaşı cavabdehin yenidən ailə qurmasını, həmin nikahdan olan 3 azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2902/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar