Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-456/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 23191,43 manat məbləğində kredit bоrcu, 6112,38 manat məbləğində faiz bоrcu və 1980,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 31284,40 manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 183,86 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıları xx.xx.2022-ci il tarixli 007A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1808,57 manat ödəniş etmiş və оnun iddiaçıya 23191,43 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 536 gün üçün hesablanmış faiz borcu 6112.38 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 536 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1980.59 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ərizə əsasında bağlanmış 01 fevral 2022-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 bank qarşısında tam məsuliyyəti imzaladığı zaminlik müqaviləsi ilə öz üzərinə götürmüşdür. - Kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi barədə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007A**********S saylı sazişə əsasən tərəflər daha öncədən bağlamış olduqları 01 fevral 2022-ci il tarixli, 007A********** saylı kredit müqaviləsinin şərtlərində (aylıq ödənişlərdə və s.) dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. - Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007G**********0S saylı sazişə əsasən zamin Cavabdeh2 müqavilədə edilmiş dəyişikliklərə dair öz razılığını sazişi imza etməklə təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit razılaşmasına əsasən 23191,43 manat əsas, 6112,38 manat faiz, 1980,59 manat məbləğində cərimə olmaqla, cəmi 31284,40 manat borcunun olması müəyyən edilir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmişdir. Məktubda borclunun xx.xx.2024-cü il tarixə gecikdirilmiş ödəniş məbləğinin 15657,69 manat (əsas məbləğ 7736,44 manat, faiz ödənişi 5940,66 manat, cərimə məbləği 1980,59 manat) təşkil edir. xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğvi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduğu 31284,4 manat (23191,43 manat təşkil edən əsas məbləğ, 6112,38 manat faiz məbləği və 1980,59 manat cərimə məbləği) məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8082/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022ci il tarixli, 007A********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka olan borcu ümumilikdə 29644,94 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 22524,85 manat, faiz borcu üzrə 7120,09 manat. Qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 743.1 və 743.2-ci maddələrinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanması yolu ilə öhdəlik-hüquq münasibətləri əmələ gəlmişdir. Bağlanmış müqaviləyə görə hər bir tərəf öz üzərinə müəyyən öhdəlik götürmüşdür. Bankın öhdəliyi müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit vermək, borclunun öhdəliyi isə aldığı kreditin əvəzini hissə-hissə ödəmək olmuşdur. İşdə olan sənədlərlə müəyyən edilir ki, bank üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, razılaşdırılmış kredit məbləğini borcluya vermişdir. Lakin müqavilə şərtlərinə borclu tərəfindən əməl edilməmiş, nəticədə bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmədə araşdırıldığı dövrdə təkcə kredit müqaviləsinin deyil, onun təminatı qismində zaminlik müqaviləsinin də bağlandığı müəyyən edilir. Zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti imzaladığı zaminlik müqaviləsi ilə öz üzərinə götürmüşdür. Kredit və zaminlik müqaviləsinin bağlanmasından sonra borclu ilə bank arasında kredit müqaviləsinin şərtlərində dəyişiklik edilməsi barədə saziş imzalanmış, zamin həmin şərtlərlə razı olmasını imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlərdən tələb edilən edilən borcun məbləğinin müəyyən edilməsindən ötrü ekspertiza təyin edilmişdir. Daxil olmuş rəy iş materialları ilə birlikdə tədqiq edilmiş, nəticədə sənədlərin məcmusu əsasında həm əsas, həm də faiz borcunun məbləğinin müəyyən edilməsi mümkün olmuşdur. Belə ki, iddia tələbində əsas borcun 23191,43 manat, faiz borcunun 6112,38 manat, ekspert rəyində isə əsas borcun 22524,85 manat, faiz borcunun 7120,09 manat təşkil etdiyi müəyyən edilir. Əsas borc məbləği ekspert rəyinə uyğun tutulmalı olsa da, məhkəmə sözügedən rəydə faiz borcunun daha artıq məbləğdə hesablanmasına baxmayaraq, buna dair bank tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə verilmədiyini nəzərə alıb, faiz borcunun iddia tələbinə uyğun tutulmalı olması qənaətinə gəlir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 183,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyinə əsasən 22524,85 manat əsas borc, iddia ərizəsinə əsasən 6112,38 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 28837,23 manat borc və ödənilmiş dövlət rüsumunun 169 manatı cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22524,85 manat əsas borc, 6112,38 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 28837,23 manat borc və ödənilmiş dövlət rüsumunun 169 manatı cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. 100 manat ekspertiza xərci cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-456/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-456/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver