Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4587/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" Kommersiya Bankı ilə X7 arasında xx.xx.2011-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/13966/11 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 26 ay müddətinə illik 26 % ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit bildirilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 521,72 manat məbləğində əsas borc, 94,61 manat məbləğində faiz borcu, 947,62 manat məbləğində cərimə borcu, 243,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1806,99 manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC “Bank Standart” KB yaranmış borc tələbinə dair cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2095/2019 saylı qərardad ilə mülki iş üzrə icraata xitam vermişdir. Tərəflərindən Bakı şəhəri 43 saylı Notariat ofisinə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, mərhun X4 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 Yunus qızıdır.
3. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkili məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə ünvanlayaraq, xx.xx.2011-ci il tarixli müqavilə üzrə iddia müddəti ötdüyündən LPO QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun, cərimənin, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, “QSC "xxxx" KB ilə X7 arasında kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə və 24 ay müddətinə bağlanmış, kredit müqaviləsi üzrə tələbetmə müddəti 2013-cü ilə bitib. Bundan sonra qarşı tərəfin müqavilədən irəli gələn ödəlikləri tələb etməsi üçün 3 illik müddəti var idi. Bu müddət ərzində isə qarşı tərəf iddia verməmiş və nəticədə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş ettmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin nümayəndəsi və vəkilini dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" Kommersiya Bankı QSC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/13966/11 №-li Kredit müqaviləsinə əsasən bank X5 24 ay müddətinə, illik 26% olmaqla, 5000 manat məbləğində kredit vermişdir.
8. İşin materiallarında olan ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 521,72 manat, faiz borcu üzrə 94,61 manat, cərimə borcu üzrə 947,62 manat, gecikdirilmiş vaxt üçün hesablanan 5%-lik faiz borcu üzrə 243,04 manat olmaqla, cəmi 1806,99 manat məbləğində borcu vardır.
9. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ünvan ünvanlanmış müraciətə cavab məktubunun surətindən görünür ki, X4 adına Bakı şəhəri 43 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı QSC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/13966/11 №-li kredit müqaviləsinə əsasən bank X5 24 ay müddətinə, illik 26% olmaqla, 5000 manat məbləğində kredit vermişdir. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2095/2019 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı mərhun X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 Yunus qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
12. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə (əvvəlki redaksiya ilə) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Eyni Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Qeyd olunan Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
26. Göründüyü kimi, borcalan X7 vəfat etmiş, borcalan hüquq varisləri ilə əvəz edilmiş, bank tələbi hüquq varislərinə yönəltmişdir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır.”
29. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2013-cü ildə başa çatmış, iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. Odur ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir (həmçinin borclu xx.xx.2014-cü il tarixdə ölməsinə baxmayaraq sonuncu müddətdən belə iddia müddəti ötürülümüşdür).
30. Bu səbəbdən məhkəmə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək belə qənaətə gəlir ki, hazırki iddia tələbi əsaslı olmasına baxmayaraq iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
33. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.