Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4591/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "X1 Azərbaycan" QSC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X1 Azərbaycan" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh 27923.66 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 8235.90 manat borcun və ödənilmiş dövlət rüsumu 102.35 manat iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddia ərizəsində qeyd edilən işin halları: 11 noyabr 2016-cı il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 999 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 27800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pulayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 25 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə cəmi 27923.66 manat pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh 12 iyul 2019-cu ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 8235.90 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: 1) xx.xx.2019 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 47 gün – 182.28 manat 2) xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1538 gün – 5906.94 manat 3) xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 30 gün – 114.49 manat 4) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 61 gün – 231.30 manat 5) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 30 gün – 113.02 manat 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 34 gün – 127.16 manat 7) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 35 gün – 129.95 manat 8) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 20 gün – 73.71 manat 9) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 109.75 manat 10) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 34 gün – 123.46 manat 11) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 108.12 manat 12) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 32 gün – 114.46 manat 13) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 24 gün – 85.19 manat 14) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 8 gün – 28.39 manat 15) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 27 gün – 95.10 manat 16) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 33 gün – 115.34 manat 17) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 104.04 manat 18) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 26 gün – 89.79 manat 19) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 31 gün – 106.60 manat 20) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 42 gün – 143.80 manat 21) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 19 gün – 65.05 manat 22) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 19 gün – 67.96 manat olmaqla ümumilikdə cəmi 8235.90 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfin bildirdiyi müqavilə bankla 3-cü dəfə yenilədiyi kredit müqaviləsidir. O, bankdan daxilində 5000 manat olan kart almışdır. Sonra yaranan problemlərlə əlaqədar müqavilə yeniləndi və 10.000 məbləğində yeni bir müqavilə bağlanmışdır. Məbləğin tamamlanmasına az qalmış çətinlik oldu və onu banka çağırdılar. Orada türk əməkdaşla danışmışlar, o, daimi müştəri olduğundan onunla minimum faizlə yeni müqavilə bağladılar. Sonra məhkəməyə müraciət etmişlər, 2019-cu il qətnaməsi ilə ödənişləri etməyə başlamışdır. Özü icra məmuruna müraciət etmiş və pensiyasından çıxmağa başlamışdır. Onun başqa gəlir mənbəyi yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər: «X1» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25% olmaqla, 27800 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1463/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas, 4134,19 (dörd min yüz otuz dörd manat, on doqquz qəpik) manat faiz borcu, 2256,96 (iki min iki yüz əlli altı manat, doxsan altı qəpik) manat cərimə borcu, 0,90 (doxsan qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27.923,66 (iyirmi yeddi min doqquz yüz iyirmi üç manat, altmış altı qəpik) manat məbləğində pulun alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın Cavabdeh tutulub Az.MEM, VÖEN ********** hesabına köçürülməsi qət edilmişdir. «X2 Azərbaycan» QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişə əsasən Məhkəmə qətnaməsi bu günə kimi icra olunmadığından xx.xx.2025-ci il tarixinə ümumilikdə, cəmi 8235.90 manat məbləğində Bank maddi zərər dəymişdir. Odur ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tələb olunur - Banka dəymiş cəmi 8235.90 manat məbləğində maddi zərərin 3 füc) gün müddəti ərzində təmin edilməsi və əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə Banka dəymiş maddi zərərin ödənilməsi tələbi ilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə xəbərdarlıq edilmişdir. «X2 Azərbaycan» QSC-nin maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə 5 faizlə hesablanmış ümumilikdə 8235.90 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********64 nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 102,35 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya). - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh qarşı “8235.90 manat məbləğində pul vəsaitinin tutulması” tələbini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1463/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Cavabdeh tutulmalı olan 27923.66 manat məbləğində pul vəsaitinin xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinə qədər gecikdirilməsinə görə illik 5% məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması ilə əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması qət edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən, yəni məhkəmə qətnaməsi çıxdığı tarixdən xx.xx.2025-ci il tarixədək, yəni hazırkı iddia ərizəsinin tərtib edildiyi tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8235.90 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Beləliklə, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin məhkəmə qətnaməsinə əsasən həmin tarixə 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas borc öhdəliyinin olması və məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan sonra da öhdəliyini tam şəkildə icra etməməsi işin mübahisəsiz hallarını təşkil etdiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsi tələbinin irəli sürülməsi əsas borc öhdəliyinə münasibətdə əsaslıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən irəli sürülən gecikdirilmiş vaxt üçün hesablanmış 8235.9 manat məbləğində pul vəsaiti məhkəmə qətnaməsi üzrə cavabdehdən tutulmalı olan 21.501,61 (iyirmi bir min beş yüz bir manat, altmış bir qəpik) manat əsas, 4134,19 (dörd min yüz otuz dörd manat, on doqquz qəpik) manat faiz borcu, 2256,96 (iki min iki yüz əlli altı manat, doxsan altı qəpik) manat cərimə borcu, 0,90 (doxsan qəpik) manat bildirişin (pretenziyanın) göndərilməsinə dair poçt xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27.923,66 (iyirmi yeddi min doqquz yüz iyirmi üç manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinə münasibətdə hesablanmışdır. Məlum olduğu kimi, borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda faizdən faiz ödənilməsinin yolverilməzliyi qaydası tətbiq olunur (bu qayda Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tutulmuşdur). Müqayisə üçün qeyd edilməlidir ki, 24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilən Mülki Məcəllənin 740.4-cü maddəsinə görə, “Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır”. Göründüyü kimi, qanunverici hər iki normada mürəkkəb faiz tətbiqini qadağan edərək, gecikdirmə faizlərinin məhz əsas borc qalığına, özü də əsas borcun qaytarıldığı günədək hesablandığını nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin “borcun onun təqaüdündən hissə-hissə tutulmasının nəzərə alınması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işdə olan hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdehin pensiyasından hər ay tutulmalar həyata keçirilməklə, xx.xx.2025-ci il tarixə qalıq borcun məbləği 24,543.38 manat təşkil edir. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi cavabdehin pensiyasından müvafiq tutulmalar qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllığa əsasən, qətnamə ilə müəyyən edilmiş cərimə və faiz borclarının silinməsinə yönəldilmiş, qət edilən 21.501,61 manat əsas borc hələ də ödəniləmiş qalmışdır. Odur ki, borcun cavabdehin pensiyasından hissə-hissə tutulmuş olması fərqli nəticəyə gəlinməsinə səbəb olmamalıdır. Odur ki, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləği yalnız əsas borc öhdəliyinə münasibətdə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 6527.06 manat pul vəsaiti (21.501,61x0,05x2216/365) tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,35 manat dövlət rüsumunun 81 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş əsas borc öhdəliyinə görə 6527.06 (altı min beş yüz iyirmi yeddi manat, altı qəpik) manat məbləğində faiz və ödənilmiş dövlət rüsumunun 81 (səksən bir) manat hissəsi iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4591/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4591/2025
19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver