Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4597/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Tofı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil, cavabdeh LPO "xxxx" KB QSCnin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Tofı̇ q oğlunun cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Tofı̇ q oğlu cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə "xxxx" ASC ilə 0060 saylı müqavilə bağlayaraq 5000 manat məbləğdə borc götürmüşdür. Həmin borcun bir hissəsini qaytarmışdır. Hal-hazırda xx.xx.2009-cu il tarixli, 0060 saylı kredit müqaviləsi üzrə qalıq borcu 4673,02 manat, qalıq borc məbləğinə görə hesablanmış faiz məbləği isə 12.440,37 manat təşkil edir. Ümumilikdə bugünkü gün üçün hesablanmış borc məbləği 17.113,39 manat təşkil edir. Kreditin müqavilə üzrə bitmə müddəti xx.xx.2016-cı il tarixidir. Bu günə qədər bank tərəfindən borcun ödənilməsi tələbinə dair xəbərdarlıq edilməmiş və ya iddia qaldırılmamışdır. xx.xx.2016-ci il tarixədək (müqavilənin bitmə tarixi) "xxxx" KB QSC tərəfindən, nə də qeyd etdiyi tarixdən sonra "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən yuxarıda qeyd etdiyi borcların ödənilməsi ilə əlaqədar heç bir tələb irəli sürülməmiş, məhkəmədə iddia qaldırılmamışdır. Qanunvericiliyə əsasən bu cür işlər üçün nəzərdə tutulan iddia müddəti buraxıldığı üçün iddiaçıya hesablanmış borc və faiz məbləği hesabından silinməlidir. Həmin kredit müqaviləsi üzrə borc kredit reyestrində hazırkı vaxtadək iddiaçının adında görünür və bu ona kredit almağa mane olur. Göstərilənlərə əsasən iddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 0060 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin (qalıq borc və faiz məbləğinin) ləğv prosesində olan "xxxx" KB QSC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməsi və həmin borcun silinməsinə/mövcud olmamasına dair kredit reyestrini aparan "xxxx" MMC-yə rəsmi məlumat verilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" KB QSCnin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Tofı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, QSC "xxxx" KB ilə İddiaçı Tofı̇ q oğlu arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 0060 saylı kredit müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə qaytarılmaq şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır və xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək kredit xəttinin müddəti hər il 12 ay uzadılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixinə xx.xx.2009-cu il tarixli, 0060 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB qarşısında 4673,02 manat əsas borc və 12.440,37 manat məbləğində faiz borc öhdəliyi mövcuddur. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Tofı̇ q oğlunun cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Tofı̇ q oğlunun cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4597/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4597/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver