Məhkəmə qərarları › İş №e-2(006)-4633/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4633/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4633/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının mütəxəssisi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı İB-nin ilkin iddia üzrə Cavabdeh qarşı “debitor borcun ödənilməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İByə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı İB ilkin iddia üzrə Cavabdeh qarşı “debitor borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4147,20 (dörd min bir yüz qırx yeddi manat 20 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 8,56 (səkkiz manat 56 qəpik) manat və 61,56 (altmış bir manat 56 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4217,32 (dörd min iki yüz on yeddi manat 32 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 01-17773 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı İB-yə 4147,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 8,56 (səkkiz manat 56 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 4155,76 (dörd min bir yüz əlli beş manat 76 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı İB tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 141 (yeni qaydada: ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə hesablanmış 4168,16 (dörd min bir yüz altmış səkkiz manat on altı qəpik) manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********00020 saylı fərdi hesabdan (saldodan) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 141 (yeni qaydada: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin qaz təsərrüfatı Cavabdeh adına açılmış və **********00020 nömrəli abonent hesabı (saldo) əsasında qaz təchizatı şəbəkəsinə qoşulmuşdur. 2022-ci ilin dekabr ayında iddiaçıya məxsus evin qaz təchizatı kəsilmiş, Cavabdeh bir neçə saat gözlədikdən və qonşunun evinə qaz gəldiyini bildikdən sonra problemin qaz sayğacından qaynaqlandığını təxmin edib, ərazi üzrə nümayəndəyə zəng edərək bu barədə məlumat vermişdir. Növbəti gün Cavabdeh tanımadığı 3 nəfər şəxs gələrək qaz sayğacına baxış keçirmiş və sayğacın klapanının xarab olduğuna görə qazın sayğacdan keçmədiyini bildirmişlər. Cavabdeh qış fəsli olduğundan və evdə yalnız bir ədəd qaz peçi (el arasında “ceyran peçi” deyilir) vasitəsilə isindiklərindən və artıq bir 1 sutkadan artıq müddətdə evdə qaz təchizatının olmadığını bildirdikdən sonra həmin şəxslər qısa müddətə yeni sayğac quraşdırılanadək qaz vintilindən fərdi yaşayış evini birbaşa qaz xəttinə qoşmaqla qaz təchizatını bərpa etmiş və bir neçə günə yeni qaz sayğacının quraşdırılacağını bildirdikdən sonra çıxıb getmişlər. Təxminən bir ay sonra 2023-cü ilin yanvar ayının ortalarında Cavabdeh işdən evə gələrkən yeni qaz sayğacın quraşdırıldığını müəyyən etmiş və həmin vaxtdan da yenidən hər ay sayğacla sərf etdiyi qazın dəyərini təqdim edilən bildirişxəbərdarlıqlar əsasında ödəməyə davam etmişdir. 20 oktyabr 2023-cü il tarixdə poçt vasitəsilə evə daxil olmuş məhkəmə sənədinə əsasən məlum olmuşdur ki, İddiaçı İB tərəfindən ona məlumat vermədən guya Cavabdeh özbaşına olaraq qaz şəbəkəsinə qoşularaq qazdan istifadə etdiyi üçün xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və heç bir ağlabatan məntiqə uyğun olmayan 4168,16 manat məbləğdə əsassız və qanunsuz borc hesablanmışdır. İddiaçı İB sözügedən hərəkətləri ilə Cavabdeh istehlakçı hüquqlarını kobud şəkildə pozmaqla onun üzərinə qanunsuz və əsassız öhdəlik qoymağa cəhd göstərir. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 141 (yeni qaydada: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1 ədəd 4 gözlü qaz plitəsi, hamam və mətbəx üçün 1 ədəd qazla su qızdırıcısı (pitiminutka) və 1 ədəd qaz peçi - el arasında “ceyran peçi” deyilən qaz qurğuları vardır. Fərdi yaşayış evində gündüzlər heç kəs olmadığından qazdan ümumiyyətlə istifadə olunmur. Çünki Cavabdeh və həyat yoldaşı gün ərzində işdə olur. Fərdi yaşayış evində heç zaman qazdan qanunsuz istifadə olunmayıb və buna ehtiyac da olmamışdır. Belə ki, Cavabdeh evindəki qaz qurğularının sayğac əsasında aylıq qaz sərfiyyatı qış aylarında maksimum 25-35 manat, yay aylarında isə 6-8 manat civarında olur və bu məbləğdə vəsaitin ödənilməsi də ailənin büdcəsinə uyğundur. Lakin İddiaçı İB tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədən isə görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsas götürülərək G-4 markalı sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x360=34560 m3 həcmində hesabat aparılmışdır. Baxmayaraq ki, qüvvədə olan qanunverciliyin tələbinə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla istifadə edilmiş qazın dəyərini məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablana bilərdi. Göründüyü kimi, Cavabdeh tərəfindən istifadə edilən qaz qurğularının xüsusiyyətləri, həmin qurğuların ilin mövsümlərinə görə qaz sərfiyyatı imkanları, qaz paylayıcı şəbəkəyə sonuncu dəfə baxış keçirilməsi tarixi və sairə nəzərə alınmadan qanunverciliyin tələblərinə uyğun olmayan metodika ilə hesablama aparılmaqla istehlakçı olaraq onun üzərinə 34560 m3 həcmində qazın dəyəri olaraq 4168,16 manat məbləğində öhdəlik qoymağa cəhd göstərilmişdir. İstehlakçı tərəfindən sözügedən fərdi yaşayış evi üçün quraşdırılmış qaz sayğacına və qaz şəbəkəsinə müdaxilə edilməmişdir. Həmin qaz sayğacı və qaz şəbəkəsi evin daxilində deyil, hamının istifadəsində olan küçədə quraşdırılmışdır. Əgər Cavabdeh tərəfindən belə bir müdaxilə edilmiş olsaydı, İddiaçı İB-nin əməkdaşları tərəfindən hər ay sayğaclara keçirdikləri baxış zamanı bu hala rast gəlinərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil ilkin və qarşılıqlı iddialara mahiyyəti üzrə baxılmasını tələb edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının mütəxəssisi X2 izahatında bildirdi ki, İddiaçı İB tərəfindən cərimə düzgün hesablanmamışdır. Belə ki, qaydalara əsasən sayğaca 3 aydan bir baxış keçirilməlidir. Bu səbəblə cəriməni ancaq 3 aya münasibətdə hesablaya bilərlər. Həmçinin, cərimə sutkanın 24 saatına deyil, 12 saatına münasibətdə hesablanmalı idi. Eyni zamanda, İddiaçı İB tərəfindən cərimə hesablandıqda bu, ilk olaraq Agentliyin yoxlamasına təqdim edilməlidir və yalnız təsdiq edildikdən sonra abunəçiyə cərimə tətbiq edilməlidir. Kənar qoşulma olmuşdursa da, İddiaçı İB tərəfindən cərimənin hesablanması tamamilə yanlışdır. Nəhayət, izahatında göstərdiyi məsələlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı İB (qaz paylayıcısı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilə N.Məlikov 7-1, m 2 ünvanına münasibətdə bağlanmış və **********00020 abonent kodu verilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları (İddiaçı İB-nin işçi qrupunun nümayəndələri Rəşidzadə Şəmsi və Mirzəyev Mirzə) tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent Cavabdeh məxsus (abonent kodu: **********00020) Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi ünvanında **********5 nömrəli G-4 tipli sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar olunmuşdur (video disk əlavə edilib). Akt İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış, Cavabdeh aktı imzalamaqdan imtina etmiş, aktın bir nüsxəsi ona təqdim edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh məxsus (abonent kodu: **********00020) ünvan 3 ünvanında “X3”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunverciliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 (4x24x360=34560 m3) qazın itkiyə getdiyi hesablanmışdır. Abonentin saldosundan görünür ki, Cavabdeh məxsus (abonent kodu: **********00020) ünvan 3 ünvanına 2022-ci ilin dekabr ayına qalıq və aktlar üzrə 4147,20 manat məbləğində borc hesablanmış, ünvana xx.xx.2023-cü ildə “Zenner G4T mexaniki” markalı, **********8 nömrəli sayğac quraşdırılmış, 2023-cü ilin 9-cu ayının sonuna olan borc məbləği 4155,76 manat təşkil etmişdir. Bildiriş-xəbərdarlıqlardan görünür ki, ünvan 3 ünvanı üzrə Cavabdeh (abonent kodu: **********00020): xx.xx.2023-cü il tarixə yekun borcu 20.96 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 7.76 AZN; xx.xx.2023-cü il həmin tarixə yekun borcu 7.32 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 5.56 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 7.16 AZN təşkil etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 61,56 (altmış bir manat əlli altı qəpik) manat rüsum ödənilmişdir (qəbz № **********). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 7 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi Cavabdeh məxsusdur. Cavabdeh həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2017-ci il tarixdə İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanaraq, ona məxsus evin təbii qazla təchiz edilməsi şərtləri barədə razılığa gəlmişlər və Cavabdeh **********00020 nömrəli abonent kodu verilmişdir. Cavabdeh məxsus ünvana quraşdırılmış sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman Cavabdeh təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etməsinin aşkar olunması səbəbilə ******* nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 (4 x 24 x 360 = 34560 m3) qazın itkiyə getdiyi müəyyən edilmişdir. Buna görə də **********00020 nömrəli abonent koduna 2022-ci ilin dekabr ayı üzrə akta əsasən 4147,20 manat məbləğində borc hesablanmışdır. xx.xx.2023-cü ildə Cavabdeh evinə yeni sayğac quraşdırılmışdır. Akta görə yazılmış borc məbləği İddiaçı İB tərəfindən Cavabdeh hər ay üzrə verilmiş bildiriş-xəbərdarlıqlarda öz əksini tapmamış, həmin bildirişlərdə yalnız aylıq qaz sərfiyyatına görə hesablanmış debitor borclar göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh İddiaçı İB-yə akt üzrə hesablanmış 4147,20 manat məbləğində borcundan əlavə, 8,56 manat məbləğində debitor borcu yaranmışdır. Hazırda İddiaçı İB Cavabdeh təqsirli hərəkəti nəticəsində ona vurulmuş 4147,20 manat məbləğində zərərin, 8,56 manat məbləğində debitor borcun və 61,56 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsini; Cavabdeh isə 4168,16 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək saldodan silinməsini xahiş edirlər. Məhkəmə ilkin iddia tələbinin “dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu tələbin yaranmasına səbəbin İddiaçı İB tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsasların Cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz Cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı tərtib etmiş şəxsin – hazırki işdə İddiaçı İB-nin üzərinə düşür. Belə ki, “X3”nın 6.5-ci bəndində qaz paylayıcısının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir; - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, sözügedən akt İddiaçı İB tərəfindən birtərəfli qaydada tərtib edilərək istehlakçıya təqdim olunmamış, aktın 1 nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, nə də cinayət təqibi orqanına təqdim edilməmişdir. Belə olan halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə İddiaçı İB-nin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Eyni zamanda, qaz sayğacı küçədə yerləşməklə aktda qeyd edilən halların baş verməsi və bu kimi təsirlərdən qorunması Cavabdeh məsuliyyətində ola bilməz. Əksinə fiziki şəxslərə məxsus evə aid küçədə yerləşən sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. Bununla yanaşı, aidiyyəti orqanın mütəxəssisinin izahatına əsasən müəyyən edilmişdir ki, borcun hesablanması qaydası düzgün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istehlakçının qazın talanmasında təqsirli olması aidiyyəti orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən və İddiaçı İB-nin hesablanmış zərəri tələb etməyə hüququ yaranmadığından, 4147,20 manat məbləğində dəymiş zərərin ödənilməsi ilə bağlı tələb hissəsi əsassızdır və təmin edilməməlidir. İlkin iddia tələbinin “debitor borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin bu hissəsinin əsaslı olması müvafiq mötəbər sübutlarla (müqavilə, abonentin saldosu) öz təsdiqini tapdığından, habelə istehlakçı tərəfindən həmin borc (yani sayğac üzrə yaranmış borc) mübahisələndirilmədiyindən (qarşılıqlı iddia ərizəsindən və istehlakçının vəkili-nümayəndəsinin izahatlarından aydın olur ki, istehlakçı yalnız xx.xx.2022-ci il tarixində tərtib edilmiş akt əsasında ona yazılmış borcu mübahisələndirir), ilkin iddia tələbi bu hissədə təmin edilməli, 8,56 manat məbləğində debitor borc Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2, 14.2.6-cı maddəsinə görə, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 614.3-cü maddəsinə görə, fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alqı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 25 fevral 2022-ci il tarixdə Qanuna əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. 13-cü maddəsinin 9-cu hissəsinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə müvafiq olaraq, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5-ci bəndinə müvafiq olaraq, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə görə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndində göstərilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə “4168,16 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək saldodan silinməsinə dair” qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbinin “dəymiş zərərin ödənilməsi” hissəsinin araşdırılması nəticəsində İddiaçı İB tərəfindən 4147,20 manat məbləğində borcun Cavabdeh məxsus abonent koduna əsassız yazılması müəyyən edildiyindən və Cavabdeh əlavə olaraq 20.96 manat məbləğində borcun ona əsassız yazılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh məxsus abonent koduna əsassız yazılmış 4147,20 manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin tələbinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0, 18.0.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir... İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 8,56 (səkkiz manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı bank hesabına ödənilməli, İddiaçı tərəfindən Cavabdeh əsassız hesablanmış 4147.20 manat məbləğində borc silinməli, ilkin və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməməlidir. İlkin iddia tələbinin “dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh istehlakçı qismində dövlət rüsumunun ödənilməsindən azad olduğundan, İddiaçı İB tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 124.3-cü maddəsinə görə, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 8.56 (səkkiz manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh (abonent kodu **********00020) əsassız hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar