Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4634/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh BOKT ASC-yə və Cavabdeh BOKT ASC-nin Şirvan filialına qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh BOKT ASC-yə və Cavabdeh BOKT ASC-nin Şirvan filialına qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4, 150.0.7ci maddələrinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məlumat iddia ərizəsində göstərilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-cı maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Habelə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə eidlmiş qəbz nömrəsi ilə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun düzgün olaraq ödənilmədiyi müəyyən edilmişdir. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2ci maddəsinin tələbinə görə, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məhkəməyə müraciət edərkən, dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi məqsədilə “Vahid Məhkəmə Portalı”na daxil olub, “dövlət rüsumunun hesablanması kalkulyatoru” bölməsinə keçid edərək, ödəməli olduğu dövlət rüsumunun məbləğini müəyyən etmək imkanına malikdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iddia ərizəsində Cavabdeh BOKT ASC ilə yanaşı Cavabdeh BOKT ASC-nin Şirvan filialı da cavabdeh qismində cəlb edilsə də, Cavabdeh BOKT ASC-nin Şirvan filialı hüquqi şəxs olmayıb hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Belə olan halda isə iddia tələbi hüquqi şəxsin filialına qarşı deyil, məhz hüquqi şəxsin özünə qarşı irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.... Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh BOKT ASC-yə və Cavabdeh BOKT ASC-nin Şirvan filialına qarşı (Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququı vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4634/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4634/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver